Öz çağalığımız yadımızda olmasa da, filmlərdəki kadrları yada sala bilərik. Tibb bacısının dolma kimi bükülmüş körpələri daşıdığı kadrları yəqin hamı görüb. Nənələrimiz, hətta bəzi analarımız hesab edir ki, uşağı bərk bələmək lazımdır ki, əl-ayağı düz olsun. Amma indi elə doğum evləri var ki, uşaqları bələmir, doğuşa gələn anaya yalnız paltar və bez götürməyi məsləhət görürlər. Kimi də deyir ki, bələk uşağın hərəkətinə, inkişafına mane olur. Niyə nənələr elə deyir, bunlar belə? Uşağı bələyək, yoxsa yox?
Uşağın inkişafı üçün ilk gündən lazımi şərait yaradılmalıdır. Bələməyin üstünlüyü çox olub. Soyuqdan əziyyət çəkən nənələrimiz uşağı bələməklə canını isti saxlamaq istəyiblər. Bundan başqa bələk sadə və ucuz geyim formasıdır. Üstəlik bələk vaxtından əvvəl doğulmuş uşaqları onlara uyğun pozada yatırtmağa imkan verir.
Bələməyin vacib olub-olmadığını anlamaq üçün gəlin özümüzü ana bətnində təsəvvür edək. Uşaq ana bətnində də hiss etməyi, eşitməyi bacarır, əllərini toxundurur, bətndə üzür. Düzdür, üzdüyü məkan getdikcə daralır, amma o, bu mühitə öyrəşir. Başı bədəninə, ayaqları qarnına dəysə də, bu şərait ona yad deyil. Və bir gün uşaq doğulur, daha işıqlı, daha geniş, daha qaynar dünyaya çıxır. Siz cəmi bir neçə gün qaranlıq və dar yeşikdə qalsaydınız və bir gün işıqlı, geniş, kütlənin vurnuxduğu küçəyə çıxsaydınız, neylərdiniz?
Əlbəttə, yeni mühit əvvəlcə narahatlığa səbəb olur. Ən yaxşısı, bu mühitə yavaş-yavaş alışmaqdır. İlk günlər uşağı bələməklə, siz ona adət etdiyi, amma ayrıldığı mühiti, yəni rahatlığı qaytarmış olarsınız. Birdən-birə açıqda qalan uşaq çabalayır və öz əllərindən qorxmağa başlayır, üstəlik dırnaqları ilə öz üzünü cırıb, ağlaya bilər. Təzə doğulan uşağı bələyəndə daha rahat olur. Çünki dar məkan ona daha doğmadır. Odur ki, balanızı bələməkdən qorxmayın.
Amma uşağı bərk və uzun müddət bələmək olmaz! O, mütləq hərəkət etməlidir. Hərəkət uşağın sümükləri, əzələləri və bütün orqanizminin inkişafı üçün vacibdir. Araşdırmalar göstərir ki, qanda oksigenin miqdarı azalanda uşağın hərəkətə ehtiyacı artır, uşaq daha fəal şəkildə tənəffüs etməyə başlayır, oksigen bədənə hərəkət nəticəsində yayılır, uşaq özü özünü vəziyyətdən çıxarır.
Adətən 4-5 gündən sonra uşaq əllərini bələkdən çıxarmağa can atır, barmağını sormaq istəyir. Əslində bu, yenə ana bətnindəki vəziyyətə qayıtmaq cəhdidir, axı hamiləliyin 16 həftəsindən sonra uşaqlar bətndə barmaqlarını sora bilirlər. Deməli, uşağın barmağını sorması hələ azadlığa hazırlığın əlaməti deyil. Uşaq adətən 2-ci, 3-cü həftədə ətrafa maraq göstərməyə başlayır, otağa, şəkillərə, ətrafındakı adamlara baxır və əllərini dartıb, çıxarmaq istəyir. Analar uşağın bələkdən çıxmaq istəyini tez anlayır. Balanızın azadlığa can atdığını hiss edəndən sonra bələməyə son qoya bilərsiniz.
Çətin doğuş olanda uşaqlar bəzən 2 ay bələkdə yatmağı sevirlər.
Uşağın bələkdə rahat olduğunu hiss edirsinizsə, narahat olmayın, onu bələyin, gec-tez bütün uşaqlar bələkdən çıxırlar. Uşağı bələkdən vaxtından əvvəl çıxarmaqla siz onu narahat etmiş olarsınız.