Uşaq bezlərinin ziyanlı olduğu hələ sübut edilməyib. İlk bezlərin 1961-ci ildə istehsal olunduğunu nəzərə alsaq, bezlərin ziyanı barədə narahatlığa dəyərmi? Bezlərin analara bəxş etdiyi rahatlıq isə müqayisəolunmazdır. Bezlər artıq gigiyena, təmizlik vasitəsinə çevrilib. Onlar elə hazırlanır ki, tərkibindəki xüsusi maddələr ifrazatı çəkir, uşağın dərisinə dəyən hissə quru qalır. Beləliklə bezlər uşağın dərisini nəmişlikdən, nəmişlik nəticəsində yaranan müxtəlif xəstəliklərdən qoruyur.
Amma bezlərin ziyanı, xüsusilə də oğlan uşaqlarına ziyanı barədə şaiyələr elə bezlər ixtira olunan ildən dolaşmaqdadır. Əslində şaiyələr əsassız deyildi! İlk bezlər heç də indikilər kimi keyfiyyətli olmadı, onların uğursuz tərkibi yalnız paltarı təmiz saxlayırdı. İlk bezlər uşağın dərisini nəmişikdən nəinki qorumur, əksinə, həddən artıq nəmişliyə səbəb olurdu. İllər keçdikcə bez istehsalçıları məqsədə nail oldular, istədikləri keyfiyyəti aldılar. İndi bezlər daha nazik və daha “havalı” materiallardan hazırlanır, tərkibinə dəriyə xeyirli maddələr vurulur, bezlərin çəkisi günü-gündən azalır (bir bezin çəkisi orta hesabla 50 q-dır.) Aparılan araşdırmalar göstərib ki, bezlərin mikroiqlimi uşağın dərisi üçün faydalıdır və ilk bezlər kimi parnik effekti yaratmır, odur ki, oğlan uşaqlarına ziyan edə bilməz.
Amma bütün bu deyilənlər və yazılanlar bez barədə narahatlığa nöqtə qoymayıb. Xüsusilə bezdən son illər istifadə etməyə başlayanları bu sual maraqlandırır: bezlər ziyanlıdırmı?
Əlbəttə, əgər siz uşağı dolu bezdə saatlarla saxlayırsınızsa, ona ziyan edirsiniz. Axı bezlər yalnız mayeni içinə çəkir, nəcisin qatı hissəsi uşağın dərisi ilə bezin arasında qalıb, onu narahat edə bilər. Həm də bezlər bir neçə saat üçün nəzərdə tutulub. Uşaq bir neçə dəfə işəyəndən sonra bez şişib, onu sıxmağa başlayar. Odur ki, istənilən bezi 3, uzağı 5 saatdan bir dəyişmək lazımdır (amma bez nəmdirsə dəyişdirilməlidir, quru bezi dəyişməyə ehtiyac yoxdur).
Mütəxəssislərin bir qismi araşdırmalarla heç də razılaşmır, hesab edir ki, uşağı, xüsusilə də oğlan uşağını bütün gün bezdə saxlamaq olmaz. Paltarını dəyişərkən, uşağı azacıq çılpaq qoymaq lazımdır. Bezdən istifadə etməsəniz belə evinizin temperaturu normaldırsa, uşağı gündə bir neçə dəqiqə tam çılpaq saxlamalısınız. Buna “hava vannası” deyilir.
Bəzi mütəxəssislər bezlərin oğlan uşağı üçün tam təhlükəsiz olduğuna əmindirlər. Bu fikri onunla əsaslandırırlar ki, 2 yaşına qədər uşaqların cinsiyyət orqanında elə bir inkişaf getmir, odur ki, bezlər cinsiyyət orqanına təsir edə bilməz.
Bezləri bərk bağlayanda da uşağa ziyan edə bilərsiniz. Uşağın qarnının bərk sıxılması qazların çıxmasına əngəl olar. Bezi bağlayanda yoxlayın, barmağınız bezlə uşağın dərisi arasına asanlıqla yerləşməlidir.
Bəzi bezlər uşaqda allergiyaya səbəb olur. Bu, bezlərin hazırlanması zamanı istifadə olunan maddələrdən və balanızın dərisinin bu maddələrə reaksiyasından asılıdır. Uşağın dərisinidə səpki, qızartı görsəniz, dərhal həkimə müraciət edin. Səbəb istifadə etdiyiniz bezdirsə, başqa şirkətin məhsulunu alın. Unutmayın ki, bəzi uşaqların dərisi ümumiyyətlə heç bir bezi götürmür.
Hər şeyə rəğmən uşaq bezlərdən nə qədər tez çıxsa, bir o qədər yaxşıdır. Körpənin 6 aylığından onu tualetə aparmağa, daha çox bezsiz saxlamağa çalışın. Bezlərdən qurtara bilmirsinizsə, narahat olmayın, qarşısınıza məqsəd qoysanız, istədiyinizə çata bilərsiniz. Cəhdləriniz nəticə verməyəndə məyus olmayın, bu proses bir neçə ay çəkə bilər. Uşağı tez-tez tualetə aparın. Əlbəttə, bütün gün onunla bir yerdəsinizsə! İşləyən qadınlar yalnız həftəsonları evdə olduqları üçün səyləri nəticə vermir. Uşağı tualetə daim onun yanında olan adam öyrədə bilər. Bir də ki, fikir etməyin, istənilən uşaq əvvəl-axır bezi atacaq.
QEYD
Təbiəti sevən valideynlərin nəzərinə bir faktı çatdıraq ki, bezlər ətraf mühiti ən çox çirkləndirən vasitələrdəndir. Hər bir bezin çürüməsi üçün 500 ildən çox vaxt lazımdır. Bir uşaq ümumilikdə orta hesabla 4 000 bez işlədir.
Ətraf mühitin çirklənməsinin qarşısını almaq üçün bez istehsalçıları bioloji, eyni zamanda bir neçə dəfə istifadə oluna bilən bezlər buraxmağa başlayıblar.