Göbəyə qulluq, göbəklə ehtiyatlı davranmaq vacibdir. Azacıq iltihab ciddi fəsada səbəb ola bilər. Uşağı yuyanda, paltarını dəyişəndə onun göbək nahiyəsi diqqətdə saxlanmalıdır (həm də uzun müddət).
Göbək ana ilə uşağın fiziki bağlılığının son nişanəsidir. Bu nişanə uşaq doğulandan sonra qaralmağa, qurumağa başlayır və 1-4 həftə ərzində düşür. Prosesi tezləşdirmək üçün göbəyi quru saxlamaq, bəzən havaya vermək lazımdır. Quru saxlamaqla siz həm də göbəkdə iltihabın qarşısını almış olarsınız. Bunun üçün;
• Uşağın göbəyini tez-tez spirtləməlisiniz. Spirt çəkmək üçün steril pambıq və ya salfetlərdən istifadə edin.
• Uşağa bez geyindirəndə bezin yuxarı hissəsini geri qatlayın ki, göbəyə toxunmasın. Belə olanda bez həm sidiyin göbəyə düşməsinin qarşısını alır, həm də göbəyin havaya verilməsinə mane olmur.
• İsti aylarda uşağın köynəyinin qarın hissəsini yuxarı qaldırın ki, göbəyinə hava dəysin.
Quruyan hissə düşəndən sonra da uşağın göbəyini tez-tez spirtləmək, çiməndə sudan qorumaq lazımdır. İlk günlər uşağı çimdirəndə göbək nahiyəsini tibbi plastrla örtün ki, su dəyməsin.
Uşağın göbəyinin ətrafı qızararsa, ya da göbəkdən maye axarsa, həkimə müraciət edin.