“Hamiləlik bitdi!” deyib, hər istədiyinizi geyinə bilərsiniz, amma yemək məsələsində indi daha diqqətli olmalısınız. Hisə verilmiş, konservləşdirilmiş məhsulları yemək yenə də qadağandır. Üstəlik sizin və uşağınızın orqanizmindən asılı olaraq, bəzi məhsullardan bir müddət imtina etməli, ya da az-az yeməli olacaqsınız.
Bəzən ana allergiyadan qorxub, onlarla qidadan imtina edir, ancaq bu doğru addım deyil. Əslində süd verən ananın menyusu başqalarınkından bir o qədər fərqlənməməlidir. Fərq ondadır ki, süd verən ana daha yaxşı qidalanmalı, daha müxtəlif, daha keyfiyyətli, təbii məhsullardan istifadə etməlidir (bu isə tək süd verən anaya deyil, hamıya məsləhətdir). Məsələ burasındadır ki, ananın yedikləri daxili mexanizm sayəsində südə çevrilir, daha doğrusu qana keçir və süd qan və limfanın tərkibi əsasında əmələ gəlir. Ancaq yeməyin tərkibindəki kimyəvi maddələr südə keçərkən dəyişmir. Məhz bu səbəbdən analara konservləşdirilmiş qida məhsullarından uzaq durmaq məsləhət görülür.
Siz hamiləlik dövründə olduğu kimi süd dövründə də hansısa yeməyə üstünlük verə bilərsiniz. Bu, təbiidir, ancaq balanızın müxtəlif vitaminlərlə təmin olunması üçün, keyfiyyətli qida məhsullarından imtina etməyin.
Elə ərzaq növləri var ki, onlar bəzi uşaqlara əziyyət verə bilər. Məsələn, kələm, paxlalı bitkilər, sitrus bitkiləri (limon istisnadır), moruq, üzüm, yemiş, xiyar, kofe, kakao, şokolad, qoz, yumurta, bəzən hətta toyuq, balıq əti yeyən ana körpəsində dəyişiklik olduğunu, məsələn, köp əmələ gəldiyini, ya uşağın narahat yatdığını, yaxud boyun-boğazının səpdiyini, qızardığını görə bilər. Uşaqda dəyişiklik olanda həkimə müraciət edin, müəyyən müddət, lazımdırsa, 1 ay pəhriz saxlayın. Amma sonralar bu qida məhsullarından da az-az istifadə etməyə başlayın. Ümumiyyətlə, süd verən ana ehtiyatlı olmalı, uşağın məhsullara reaksiyasını bilənə qədər hər şeydən ilk vaxtlar az-az yeməlidir. Bir müddətdən sonra siz uşağınızın sevmədiyi qida məhsullarını müəyyən edəcəksiniz (belə məhsulların sayı adətən çox az—1-2 cür olur). Ancaq bu məhsulları menyudan çıxarmayın! Həkimlər uşağı bütün məhsullara elə süd dövründə alışdırmağı məsləhət görürlər. Ailədə kiminsə məsələn, moruğa allergiyası varsa, uşaq da moruq yemiş ananın südünə reaksiya verər. Bir ay gözləyin, yavaş-yavaş, çox az miqdarda moruq yeyin ki, uşağı alışdırasınız.
Unutmayın ki, hər uşağın, eləcə də ananın orqanizmi müxtəlifdir. Yəni ana hansısa qidanı yaxşı həzm edə bilmir, nəticədə uşaq narahat olur. Yaxud bir uşağınızı narahat etmiş qida, ikinciyə təsir etməyə bilər.
Bəzən yediyiniz şeylər südün dadına, qoxusuna kəskin təsir edir. Məsələn, həddən artıq soğan, sarımsaq yeyən ananın uşağı çox vaxt süddən imtina edir. Ancaq elə uşaqlar var ki, belə südü daha həvəslə əmirlər.
Uşaqda dəyişikliyi həmişə südlə bağlamayın. Bəzən havada dəyişiklik, evdəki mühit uşağa təsir edir. “Günahkarın” ərzaq məhsulu olub-olmadığını bilmək üçün bir aydan sonra yenə həmin məhsuldan, ancaq az miqdarda istifadə edin. Uşaq narahat deyilsə, problem olmaz.