Valideynlər soyuqdəymə və mikroblardan o qədər qorxurlar ki, küçəyə çıxanda birinci növbədə uşağı bərk-bərk bürüyürlər. Ancaq avtomobil oturacağı barədə düşünən valideyn çox azdır. Halbuki uşağın xüsusi oturacağı olmadan avtomobilə mindirilməsi xəstəlikdən də təhlükəlidir və statistikaya görə avtomobil qəzaları nəticəsində ölən və ya əlil olan uşaqların sayı xəstəlikdən ölənlərin sayından artıqdır. Odur ki, uşağı hətta doğum evindən çıxaranda xüsusi oturacağı olmayan (həm də oturacağı düzgün bərkidilməmiş) avtomobilə oturtmayın.
Getdiyiniz yer nə qədər yaxın olur-olsun uşaq üçün oturacaq və uşağın oturacağa düzgün bərkidilməsi vacibdir. Statistika göstərir ki, avtomobil qəzalarının əksəri evin 40 km-liyində baş verir. Maşını asta sürəcəyinizə də etibar etməyin. Siz saatda 50 km sürətlə hərəkət edəndə də qarşıdakı avtomobilin çox güclü zərbəsinə məruz qala bilərsiniz.
Öz qollarınıza da arxalanmayın. Siz təhlükəsiz kəməri taxsanız da, maşın qəfil dayananda uşaq əlinizdən çıxa bilər və ya bədəninizlə uşağı əzərsiniz. (Uşaqlar bəzən hətta qəza olmayanda—maşın qəfil saxlananda və ya qəzadan qaçmaq üçün istiqamət qəfil dəyişdiriləndə zədələnir.)
Uşaq oturacağını avtomobildə necə yerləşdirməli?
Uşaq oturacağını avtomobilə oturacağın kitabçasına uyğun olaraq yerləşdirmək lazımdır. Kitabçada deyilənlərdən başqa bəzi ümumi qaydalara riayət etmək vacibdir.
Hər dəfə yola düşəndə uşağın oturacağının lazımi qaydada bərkidilib-bərkidilməyini, bütün düymələrin və ya kəmərlərin düzgün bağlanıb-bağlanmadığını yoxlayın. Təhlükəsizlik kəməri uşağı nə sıxmalı, nə də boş bağlanmalıdır.
Uşağın çəkisi 8-9 kq-dan aşağıdırsa və ya uşaq oturmağı bacarmırsa, onu elə oturtmaq lazımdır ki, maşının hərəkət istiqamətinə əks tərəfə baxsın.
Uşağın oturacağını maşının arxa oturacağının (2-ci sıranın) ortasına yerləşdirmək məsləhətdir. Bura həm uşaq üçün ən təhlükəsiz yerdir, həm də sürücü tək olanda uşaqla daha yaxşı ünsiyyətdə ola bilir. Uşağın oturacağını yan tərəflərə yerləşdirmək uşaq üçün təhlükəlidir, yandan zərbə dəyəndə uşaq zədələnə bilər.
Uşaq çox kiçikdirsə, oturacaqla onun arasına döşəkcə qoymaq və ya ədyal salmaq olar. Uşağın yanına oyuncaq qoyanda onu oturacağa bərkitməyi unutmayın. Uşaq oyuncağı ata və sürücünü çaşdıra bilər.
Qeyd: Uşaq avtomobildə yerləşdirilən xüsusi oturacağa nə qədər tez alışsa, bir o qədər yaxşıdır. Müşahidələr göstərir ki, xüsusi oturacaqda oturan uşaqlar maşında özlərini daha yaxşı aparırlar.