Moro refleksi
Bəzən təzə doğulan çağa da yatdığı yerdə elə diksinir ki, xüsusilə ilk dəfə ana olan qadınlar qorxur, uşağın sinir sisteminin normal olmadığını düşünürlər. Amma narahat olmağa dəyməz. Mütəxəssislərin dediyinə görə çağanın diksinməsi nəinki adi haldır, hətta sinir sisteminin normal fəaliyyətindən xəbər verir. Qorxu simptomu olan diksinmə bir uşaqda az, o birində çox müşahidə oluna bilər və buna Moro rekleksi deyilir.
Moro refleksi anadangəlmədir, qoruyucu refkslərdən biridir. Uşaq adətən uca səs eşidəndə, yaxud çarpayısı silkələnəndə və ya kimsə onu qucağına alanda elə bil müvazinətin itəcəyindən narahat olur, diksinərək müvazinəti bərpa etmək istəyir (bu halın yuxuda da müşahidə olunması normaldır). Həkimlər hər təzə doğulan uşaqda Moro refleksinin olub-olmadığını yoxlayırlar və sizi uşağın diksinməsi narahat edirsə, həkimləri diksinməməsi narahat edər.
Moro refleksi adətən belə müşahidə olunur; uşağın bədəni gərilir, əlini və ya qolunun birini qəfil qaldırır, yaxud bir tərəfə atır, yumruğunu açır, dizlərini bükür, sonra yumruğunu yenə bükür, əllərini sinəsinə qaytarır. Bütün bunlar bir neçə saniyə çəkir. Moro refleksi uşağın 4-6 aylığında itib gedir və bundan sonra körpə qorxduğunu başqa cür ifadə edir.
Uşağın çənəsi əsir
Bəzən çağa ağlayanda çənəsi əsir. Mütəxəssislər bunun da normal hal olduğunu deyirlər. Düzdür, çağanın çənəsinin əsməsi sinir sisteminin tam formalaşmamasını göstərir, amma unutmayın ki, bütün yeni doğulan uşaqlarda sinir sistemi tam formalaşmır. Balanıza bacardığınız qədər qayğı göstərin, çənənin əsməsi çox davam etməyəcək.