MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  İLK YALAN  

Yazılar1 yaşdan 3 yaşa qədər

Uşağınızın ilk yalanı yəqin ki, sizi məyus edib. Amma nəticə çıxarmağa, ələlxüsus da cəzalandırmağa tələsməyin! Bu heç də o demək deyil ki, uşağınız gələcəkdə böyük bir yalançı olacaq. Uşaqlar həmişə səhv edirlər. Bizim vəzifəmiz onlara nəyin səhv, nəyin düz olduğunu izah etməkdir.

3 yaşına qədər uşaq xeyli sınaqdan keçmiş olur və yalanın onu bəzən xilas etdiyini yəqin ki, anlayıb. Uşağın yalanının səbəbi çox ola bilər.
 
Bəzən uşaqlar yalan danışmaqla öz rahatlıqlarını qoruyurlar. Səhvini inkar etməklə, uşaq özünü aldadır. Suyu yerə başqasının tökdüyünü deyir, bununla da anasının gözündə “tərbiyəli” olaraq qalır və özü də “tərbiyəli” olduğuna inanır.
 
Bəzənsə uşaq yalan danışıb, özünü məsuliyyətdən azad etmək istəyir. Məsələn, 2 yaş 6 aylıq Əli atasının xasiyyətinə yaxşı bələddir, bilir ki, qələmləri dağıtdığını etiraf etsə, atası qələmləri ona yığdıracaq.

Zəif yaddaşı da uşağı sizin gözünüzdə yalançı edə bilər. Məsələn, qızınız qonşu oğlanın maşını onun əlindən aldığını deyir. Çünki qızınız maşını oğlandan dartıb-aldığını unudub, qonşu oğlanın öz maşınını geri istədiyini demir.

Heç bir halda narahat olmayın! Uşaqlar yalan danışıb nə edəcəklər ki? Gələcəkdən qorxub cəza üsulları barədə fikirləşmək də lazım deyil! Gəlin bəzi xeyirli üsulları sınaqdan keçirək.

Hər şeydən əvvəl güzgüyə baxın. Siz yalançı deyilsinizsə, övladınız da yalan yox, gerçəyə hörmət edəcək. Ona vəd vermisinizsə, əməl edin! Onun yanında hətta “xırda yalanlar” da danışmayın. Siz onun həqiqətin vacibliyi barədə təsəvvürlərini alt-üst edə bilərsiniz. Elə bilməyin ki, balacadır, yalana alışmısınızsa, o gec-tez bunu biləcək və 2 çox pis nəticə çıxaracaq: Birincisi, elə biləcək ki, yalan ən yaxşı çıxış yoludur; İkincisi valideynlərinə--yəni sizə etibarını itirəcək. Balanız sizin ən kiçik yalanınıza şahid olsa, ondan üzr istəyin, səhv etdiyinizi mütləq deyin. Nəyə görə yalan danışdığınızı, məsələn, “atanı incitmək, narahat etmək istəmədiyinizi” bildirin. Siz doğrudan da başqasını incitməmək üçün yalan danışmısınızsa, balanız sizi indi olmasa da, bir müddətdən sonra anlayacaq. Bir gün o da “xırda” və “böyük” yalanı ayıra biləcək. Hələliksə, siz onun yalan danışmamasına kömək etməlisiniz. Bunun üçün:

Yalan danışmaq üçün şərait yaratmayın. Uşaq səhv edəndə səs-küy salsanız, onu incitsəniz, gələn dəfə o sizə səhv etdiyini demək istəməyəcək. Həddən artıq tələbkarlıq, qəddarlıq, sərtlik uşağı qorxudar, onu yalana sövq edər. Kompot yerə tökülübsə, hirslənməyin. Axı kompotu təmizləmək, yalanı tərgitməkdən qat-qat asandır. Odur ki, kompotun yerə dağıldığını görəndə, “bunu sən elədin?!”, deyə qışqırmaqdansa, sakit halda, “görəsən bu kompotu yerə kim tökdü?”, deyə soruşun. “Bunu sən elədin?!” deyə soruşanda uşaq qorxusundan mütləq kompotu başqasının dağıtdığını deyəcək. Amma “maraqlıdır, kompotu kim töküb, gəl təmizləyək”, deyə reaksiya versəniz, güman ki, çəkinmədən səhvini ertiraf edəcək. Yaxud gülərüzlə, “bilirəm bunu kim edib, mənim dəcəl balam edib, sən etmisən”, deyib zarafata keçə bilərsiniz. O sizin şən olduğunuzu görüb, yəqin ki, həqiqəti deyəcək. Bu halda ona həqiqəti söylədiyinə görə təşəkkür edin. (“Ay mənim ağıllım! Afəqin! Düz danışdın! Amma axı kompotu tökmək olmaz, o içmək üçündür...dadlıdır...gəl təmizləyək...”)

Onu həqiqəti deməyə vadar etməyin! Kompotu yerə özünün tökdüyünü uşaq yaxşı bilir. Amma o, səhvini etiraf etmirsə, inadkarlığa ehtiyac yoxdur. Onu etiraf etməyə, üzr istəməyə məcbur etməyin. Bununla siz həm özünüzü, həm də uşağı hövsələdən çıxara bilərsiniz. Sadəcə kompotu yerə tökməyin yaxşı iş olmadığını, kompotun içmək üçün bişirildiyini deyin və başqa mətləbə keçin. Uzunçuluğa ehtiyac yoxdur (bəlkə kompotu doğrudan da o tökməyib).

Bəzən zəif yaddaşın uşağı çətin vəziyyətdə qoyduğunu yuxarıda dedik. Məsələn, qızınız qonşu oğlanın maşını onun əlindən aldığını deyir. Çünki qızınız maşını oğlandan dartıb-aldığını unudub, qonşu oğlanın öz maşınını geri istədiyini demir. Bu halda mübahisənin hardan başladığını ona izah edin. Siz ona vəziyyətdən çıxmağa kömək etmiş olarsınız.

Uşağa etibar etmək lazımdır! Hətta böyüklər də özlərinə olan etimadı itirmək istəmirlər. Sizə etibar edirlərsə, etibarlı çıxmağa can atırsınız, yalan danışmır, vədinizə əməl edirsiniz. Uşaqlar da belədir. Qonaqlığa balanızı da aparırsınızsa, evdən çıxanda onu “özünü pis aparsan, evə qayıdacağıq!”, deyə hədələməyin. Yaxşı olar ki, ona etimadınızı bildirəsiniz. “Mən bilirəm ki, sən ağıllısan, bu gün qonaqlıqda özünü yaxşı aparacaqsan!” desəniz, uşaq ona hörmət olduğunu hiss edər, etimadınızı doğrultmağa çalışar. (Bu, qarşılıqlıdır, siz də balanızın etibarını itirməyin. Vədinizə əməl edə bilməmisinizsə, üzr istəyin, söz verdiyiniz oyuncağı almamağınızın, teatrın təxirə salınmasının səbəbini izah edin.)

Bəs Şaxta baba? Qar Qız? Kosa?Bu yalan onu sevindirir
Düzdür, çətin yerdə axşamladıq. “Xırda yalan” dan da qaçmaq məsləhət görüldüyü halda Şaxta baba, Qar qız barədə əməlli-başlı yalan danışırıq. Yəqin ki, heç bir valideyn uşağına Şaxta babanın  real olmadığını demək istəmir və hər yeni il bayramında “qarla bərabər göydən Şaxta babanın da düşdüyünü, balacalara hədiyyə gətirdiyini” deyir. Neyləməli?
Mütəxəssislər bu yerdə, “sizə necə xoşdur, elə də edin”, deyirlər. Bu yalan uşağınızı çox sevindirirsə, danışın. Amma bir gün uşaq sizə yanaşıb şübhəylə, “Şaxta baba var ki?”, deyə sual versə tərəddüd etməyin. Uşaq Şaxta babanın reallığına şübhə edirsə həqiqəti deməyin vaxtıdır.  
  


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan