Uşağın danışması üçün dəqiq yaş həddi yoxdur. Hər bir uşaq özünəməxsusdur və nitq aparatlarının formalaşmasından asılı olaraq, hətta 3 yaşına qədər danışmaya bilər (ancaq susmamalıdır)
Nitq əslində qazanılmış refleksdir. İnsan doğulduğu gündən sora, yeyə, ağlaya, qışqıra bilir, ancaq danışmağı sonradan öyrənir. Uşaq əvvəl ətrafdakılardan eşitdiklərini dinləyir, sonra özünü böyüklərə oxşatmağa çalışır və eşitdiklərini təkrarlayır. Demək, uşaq danışıq eşitməsə, danışa bilməz. Odur ki, həkimlər uşaqla ilk gündən danışmağı məsləhət görürlər. Övladınızı başa düşməsəniz belə, ona qulaq asın və cavab verin.
Bəzi şeylərin fərqini izah edin.
Aşağı-yuxarı—Uşağı azacıq yuxarı qaldırın, sonra endirin, oyuncağı qaldırın, sonra aşağı qoyun və bu hərəkətləri etdikcə “aşağı, yuxarı” deməklə uşağı başa salmağa çalışın.
Yaş-quru—yaş və quru dəsmala toxunmaqla, balanızın əlini sizin yaş, onun quru saçına toxundurmaqla fərqi hiss etdirə bilərsiniz.
İsti-soyuq—uşağa azacıq isti qaba toxunmağa imkan verin, sonra dondurmaya və ya soyuq su saxladığınız qaba dəyin, temperatur fərqini izah edin.
Eyni şəkildə siz uşağa oturub-durmağın, böyük əşya ilə kiçik əşyanın, dolu qabla boş qabın fərqini izah edə bilərsiniz.
Rəngləri və rəqəmləri də öyrədin. Uşağa arabasının, paltarının, ayaqqabısının hansı rəngdə olduğunu deyin, eyni rəngli əşyaları göstərin; “Bu maşın sənin topun kimi yaşıldır”. Oyuncaqlarla oynayarkən eyni rəngli oyuncaqları bir tərəfə yığın və səbəbini izah edin.
“Mənə bir peçenye ver”, “Gör yerdə nə çox yarpaq var!” kimi cümlələr övladınızda say barədə ilkin təsəvvür yaradar. Yavaş-yavaş “iki alma”, “üç quş və bir almanın” fərqini göstərin.
Hadisələrin səbəbini izah edin (yarpaqların niyə yaşıllaşdığını, Günəşin parlaqlığını, qaz sobasının niyə təhlükəli olduğunu, kitabı cırmağın fəsadını izah edin: “Kitabı cırsan oxuya bilmərik, mən sənə maraqlı nağıllar danışa bilmərəm” və s. )Beləliklə siz uşağın nitqinin inkişafını sürətləndirərsiniz, həm də uşaq ətrafdakıların onu anlamağa çalışdığını hiss edər.
Və ən başlıcası: uşaqla heç vaxt “uşaq dilində”, yəni hərfləri səhv tələffüz edərək danışmayın! (“sən bizə xos cəlmisən”, “sirin balam, səkər balam!” və s.) Uşaqlar özlərini sizə oxşatmaqla danışırlar, səhv danışsanız sonralar onlardan düzgün tələffüz tələb edəndə çaşıb qalırlar. Uşaq sözü səhv deyəndə, onu qınamayın (bu, uşağın özünə inamını qıra bilər), səhvi sakit düzəldin: “Ana, cül!”—“Düzdür, bu güldür, qırmızı gül.”
Nitqin inkişafı
1-6 aylıq uşaqlar ananın çıxardığı bütün səslərə diqqət edir, adamların səsini başqa səslərdən ayırmağa başlayır, ətrafdakılarla danışıqdan zövq aldığını hiss etdirir, fəal olur. 1-2 aylıq uşaq ananın üzünə baxıb ona diqqətlə qulaq asa, oyuncağın səsinə diqqət edə bilər. Uşaqlar 1-1,5 aylıqda səs çıxarmağa da başlayırlar. 2-3 aylıq olanda uşaq, kimsə onunla söhbət edərkən sevinir və siz onun sevincini görürsünüz.
6-7 aylıq uşaq qığıldayır, “deyinməyə” başlayır, ona nə deyildiyini daha yaxşı anlayır.
8-9 aylıq uşaqlar təkcə valideynlərinin deyil, başqalarının da danışığına reaksiya verirlər. Səslərdən başqa, hecalar (ba-ba, də-də) deyir. Bu hecaların kiminləsə bağlılığı yoxdur. 8-9 aylıq körpə jestlərlə “danışa”, adını bilə bilər.
10-12 aylıq uşağ 3-5 söz (asan tələffüz olunan) bilir, bəzi əmrləri (“olmaz”, “götür”, “al”) anlayır.
15 aylığında uşağın söz ehtiyatı iki dəfə artır, sadə əmrləri anlayır.
Yaş yarımlıq uşaq azı 7 söz bilməli, bədəninin heç olmasa bir hissəsini (əlini, qolunu) göstərməyi bacarmalıdır.
1 yaş 9 aylıq uşaq “mən”, “sən” kimi əvəzliklərdən istifadə edir, 2 sözlük cümlə qurur: “ana, gə” (“ana, gəl”), “ata, ve” (“ata, ver”) və s.
2 yaşlı uşağın söz ehtiyatında 40-a qədər söz olur, uşaq iki cümləli əmrləri anlayır, hətta yerinə yetirir (məsələn, “get içəri, oyuncağını götür”)
2-2,5 yaşlı uşağın 1 rəqəmi barədə anlayışı olur, bəzən 2-ə, 3-ə qədər sayır. Bəzi yer zərfliklərini (üstündə, yanında, qarşısında və s.) tanıyır, buna görə də, məsələn, “sən nəyin üstündə oturmusan?” kimi suallara cavab verə bilir.
2,5-3 yaşlı uşağın söz ehtiyatında 250-300-ə qədər söz olur. Geniş cümlələrdən istifadə edir, nağılda nədən danışıldığını anlayır, çoxlu suallar verir. “Niyə?” “Nəyə görə?” suallarının sizi təngə gətirdiyi dövr başlayır. Hazır olun, siz bu suallara mütləq cavab verməlisiniz!
Bu sadalanan rəqəmlər sizi narahat etməsin. Bəzi valideynlər uşaqlarını başqaları ilə müqayisə edir, uşağın söz ehtiyatının azlığından narahat olurlar. Doğrudur, 3 yaşlı uşaqlardan biri 200, o biri 800 söz bilə bilər. Amma bu, uşağın zəifliyinin əlaməti deyil. Mütəxəssislər hesab edirlər ki, eyni yaşlı uşaqların nitq qabiliyyətini müqayisə etməyin mənası yoxdur. Bəzi uşaqların dişi gec çıxır, bəziləri dilini müxtəlif istiqamətlərə yönəltməyə tələsmir, tənbəllik edirlər. Ancaq bəzi faktlara diqqət etmək lazımdır.
Mütəxəssislərin dediyinə görə yaxşı danışmayan uşaqlar adətən, həm də yaxşı yemirlər, Belə uşaqlara alma, kök, xüsusilə də ət yedirtmək çətin olur. Səbəb, uşağın çənə əzələlərinin zəifliyidir ki, bu da nitq aparatının hərəkətinə mane olur. Odur ki, uşağa şirədən başqa həm də doğranmış meyvə-tərəvəz, ət yedirdin, suxarı verin. Dili, üz əzələlərini inkişaf etdirmək üçün uşağa ağzını yaxalamağı, ovurdlarına hava doldurmağı, havanı ağızda saxlamağı öyrədin.
Qəribə olsa da, danışıq üçün uşağın barmaqlarının fəallığı vacibdir. Barmaqları uşağa nə qədər çox tabe olsa, uşaq bir o qədər tez danışar. Qoyun o, barmaqları ilə “işləsin”; düymələrini, ayaqqabısının qaytanını bağlasın (Əvvəlcə sizin və ya gəlinciyinin ayaqqabısını geyinməyə kömək edə bilər).
Uşağın nitqindən narahatsınız?
Təəssüf ki, bəzi valideynlər uşağın nitq problemindən çox gec, uşaq məktəbə gedəndə xəbər tuturlar. Mütəxəssis uşağın hər-hansı hərfi düzgün tələffüz etmədiyini, pəltək olduğunu deyəndə əl-ayağa düşür, uşağı tələm-tələsik məktəbə hazırlamağa başlayırlar. Bu isə uşaq üçün çətin olur, bir neçə aya dəyişmək, indiyə qədər ağız boşluğunun başqa yerində tələffüz etdiyi səsi və ya səsləri öz yerinə qoymaq onun üçün problemə çevrilir.
Mütəxəssislər valideynlərə diqqətli olmağı, övladın pəltəkliyi nə qədər şirin görünsə də, onun danışığını vaxtında düzəltməyi məsləhət görürlər. Bunun üçün loqopedə vaxtında (ən geci uşağın 5-6 yaşı tamam olanda) müraciət etmək lazımdır. Yalnız mütəxəssis uşağın nitq problemini müəyyən edə (pəltəklik, kəkələmə, fonematik pozuntu--ana dilinin səslərinin düzgün mənimsənilməməsi problemi və s.) və aradan qaldıra bilər.
3 yaşlı uşağın hərfləri səhv tələffüz etməsi, cümləni səhv qurması tam normaldır. Əsas odur ki, uşaq sizi başa düşsün və özü də fikrini sizə çatdırsın. Yəni siz balanızı ağzında yemək olanda belə anlayırsınızsa, o da sizin adi tapşırıqlarınızı (“su iç”, “oyuncaqlarını götür, masaya qoy” və s.) yerinə yetirirsə, narahat olmağa dəyməz, hər şey qaydasındadır.
Ancaq 3 yaşli uşaq susursa, ən adi şeyləri anlamırsa mütəxəssisin köməyinə ehtiyac var.