Bayramdır! Balanızın ilk ad günüdür! Bu günün yadda qalan keçməsi üçün əlinizdən gələni edirsiniz. Amma gəlin əvvəl özünüzə bir sual verin və səmimi olun; bu bayramı kimin üçün təşkil edirsiniz, özünüz, ya balanız üçün?
Bir yaşlı uşaq ad gününün mənasını başa düşəsi deyil. Yaşdaşlarını bir yerə yığmağın da xeyri yoxdur, balanız dostun nə demək olduğunu hələ bilmir! Onda nə etməli?
Balanızı təbrik etməyə elə səhər erkəndən başlaya bilərsiniz. Ananın sığalı, atanın təbəssümü onun üçün ən xoş hədiyyədir. Bəs qonaqlıq?
Təbii ki, siz balanızın bir yaşı tamam olduğu üçün sevinirsiniz və bu sevinci yaxınlarınızla bölüşməyə haqqınız var (qonaqların sayı 5-6 nəfərdən çox olmamaqla). Ancaq diqqətli olun, başınız məclisə qarışa, balanızı unuda bilərsiniz. O iməkləyirsə, ya yeriyirsə, xüsusilə təhlükəli vəziyyətə düşə bilər. Uşağın rahatlığını təmin etmək üçün günün cədvəlini əvvəldən müəyyən edin. Qonaqları uşaq yatandan ya əvvəl, ya sonra çağırmaq lazımdır (balanızın yuxusuna heç kim mane olmamalıdır). Ara-sıra balanızı da götürüb, qonaqları bir-neçə dəqiqəliyə tərk edin. Balanızla söhbət edin, hədiyyələrə baxın. Qonaqlara izah edin ki, bunu uşağın dincliyini qorumaq üçün edirsiniz.
Balanızda xoş təəssürat yaratmaq üçün otağı rəngli şarlar, lentlərlə, nağıl qəhrəmanlarının şəkilləriylə bəzəyin. Bu şarları, şəkilləri ona bir-bir göstərin, qoyun şarlara, lentlərə, oyuncaqlara toxunsun.
Evi balanızın ilk bir ilini əks etdirən fotoşəkillərlə də bəzəmək olar. Ona ilk aylar necə dirəşdiyini, süründüyünü, iməklədiyini izah etməklə şəkilləri göstərin.
Yemək bişirməsəniz də olar, amma süfrədə üstündə 1 yaşlı balanın bir şamı olsa yaxşıdır. Onu balanız, əlbəttə, sizin köməyinizlə üfürüb, söndürəcək. Güman etməyin ki, balanız heç nəyi yadında saxlamaq. Onun da özünəməxsus təəssüratları olacaq və baş verənləri anlamasa da, təəssüratlarını yadda saxlayacaq.
Ad gününə hazırlıq prosesində qoy balanız da iştirak etsin, paltarını özü seçsin, sizsə ona “kömək” edin (qarşısına bir neçə qəşəng paltarını qoysanız, onun seçimi sizi məyus etməz).
Bəziləri uşağın saçını ilk dəfə ad günündə kəsdirir. Bu da mərasimi daha maraqlı edir. Balanızın ilk saçlarını qoymaq üçün xüsusi qutu hazırlayın. Qutuya saçdan başqa balanızın əl və ayaq izlərini qoymaq olar. Əl-ayaq izlərini 1 il əvvəl də götürmüşdünüzsə, müqayisə edin. Bunun qonaqlara da xoş təsiri olacaq.
Uşağın ad günüylə bağlı müxtəlif adətlər var. Məsələn, şərqdə uşağın bir yaşında süfrəyə yeməkdən başqa kitab, qələm, pul, sap, lent qoyurlar. Bununla uşağın gələcəyini bilməyə çalışırlar. Uşaq kitabı götürərsə, onun bilikli,pul götürərsə varlı olacağını, lent götürərsə ömrünün uzun olacağını deyirlər.
Balanızın ilk ad günü üçün musiqi seçməyi unutmayın. Əvvəlcə uşağınızın sevdiyi musiqini qoya bilərsiniz. Hədiyyələrin verildiyi, şamın üfürüldüyü, saçı kəsildiyi anlar üçün xüsusi musiqilər seçmək olar.
Uşaqlar üçün oyun təşkil etmək olar (kağız torbaya toxunun, içindəki oyuncağın nə olduğunu deyin. Ya da filan oyuncağa kim tez çatar? Amma hamı iməkləyərək irəliləməlidir!) Sizin balanız iştirak edə bilməsə də, ona maraqlı olacaq. Həm də oyunlar böyükləri də cəlb edir.
Balanız bu gün heç nə anlamasa da, sabah ilk ad gününü görmək istəyər. Odur ki, bu günü lentə alsanız yaxşıdır.