Yeni doğulmuş körpəylə evinizə gəldiyiniz xoşbəxt günü yəqin heç vaxt unutmayacaqsınız. Amma xoşbəxtliyin ilk dəqiqələrindən sonra narahatlıq da başlayır. Ana, eləcə də ata bapbalaca balayla tək qalıb, evdə nə həkim var, nə də tibb bacısı! Üstəlik balacanın yuxu cədvəli sizinkindən çox fərqlənir.
Yeni doğulan uşaqlar adətən günün yarıdan çoxunu yatırlar. Bəziləri sutkada 16-18 saat yatır. Problem odur ki, uşaqlar istənilən saatda, hətta gecə də oyanırlar. Çağanın tez-tez oyanması normaldır, yeni doğulan körpələr heç vaxt bir dəfəyə 3-4 saatdan artıq yatmırlar. Və siz oyanan balanıza cəld—30 saniyə ərzində reaksiya verməlisiniz.
Uşağın oyanmasının bir neçə səbəbi var. Çox vaxt onlar acanda ayılırlar. Bəzənsə yerlərinin dəyişdirilməsini istəyirlər. (Çağalar ilk aylarda özləri çönə bilmir. 2-4 ay tamam olanda yerini rahatlamağı körpənin öz ixtiyarına vermək olar.) Siz balanıza öyrəşdikcə onun nə vaxt və niyə oyandığını biləcəksiniz. Balanız gözlədiyinizdən tez, ya gec oyanarsa, diqqətli olun. Ola bilər uşaq xəstələnib, ya dişi çıxır, ya da böyüdüyündən daha çox yemək istəyir.
Balanız yatmaq istəyir? Hər bir uşaq özünəməxsusdur. Bəziləri yatmaq istəyəndə vurnuxmağa başlayır, bəziləri gözlərini ovxalayır, ya öz qulağını dartır, bəziləri isə gözlərini boşluğa zilləyir. Balanızın yatmaq istədiyini bilən kimi qoyun yatsın. Amma uşağı heç vaxt qarnı üstündə yatırtmayın! Çağa yatağa mütləq arxası üstə qoyulmalıdır.
Çağanın döşəyi bərk olmalıdır. Onu balıncın üstündə, yumşaq tük doldurulmuş döşəkdə, içi doldurulmuş heyvan dərisi üzərində yatırtmaq olmaz! Bir yaşa qədər uşağın başının altına balınc qoymayın. Döşəyin bir hissəsini azca qaldıra bilərsiniz.
Otağın temperaturu 20-22 dərəcədən çox olmamalıdır. Uşaq olan otaqda heç bir texnika saxlamayın. Otağın havasını tez-tez dəyişin.
Gecəylə gündüzü ayırın. İlk həftələrdə bu mümkün olmur. Amma siz balanızı yavaş-yavaş öyrədə bilərsiniz. Uşaq gündüz saatlarında çox yatırsa, otağı işıqlı saxlayın, pərdəni kənara çəkin, ya işıqları yandırın. Televizorun səsini almayın (amma normadan yuxarı qaldırmağa da ehtiyac yoxdur!) Yedirdəndən, altını dəyişəndən sonra balanızı maraqlandırmağa çalışın. Onunla söhbət edin, onun əl-qolunu oynadın, oyuncaqlar göstərin.
Gecələr, əksinə, körpəniz yatmaq istəməsə belə, işıqları söndürün, ya zəiflədin. Uşağı yedirdəndə də, altını dəyişəndə də sakit və yavaş olun. Çalışın onunla danışmayasınız. Bir azdan görəcəksiniz ki, balanız gecələr daha çox yatır.

Yuxu cədvəli uşağın da, sizin də rahatlığınızı təmin edər. Balanızı elə ilk həftələrdən öyrədə bilərsiniz. Adətən yatdığı saatlarda onu ya çimdirin, ya yedirdin. Bir az yırğalamaq da olar (amma bəziləri bu üsulu tətbiq etməməyi məsləhət görür, uşağın yırğalanmağa adət etməsini istəmirlər). Yüngül sığal, ya masaj, zümzümə də əla üsuldur, balanızın daha rahat yuxulamasına səbəb olar.
Özünüzün də qeydinizə qalın. Uşaq yuxuya gedəndə mürgüləməyə çalışın. İş dalınca qaçmayın, işi gələn dəfəyə saxlayıb, yuxunuzu alsanız, işin öhdəsindən daha tez gələrsiniz.