Yaş yarımlıq uşaqların çoxu gündə 4 dəfə qidalanır. Bunun 25%-i səhər yeməyinin, 30-35%-i naharın, 15-20%-i günortadan sonranın, 25%-i axşam yeməyinin payına düşür.
İndi yeməyi sürtgəcdən keçirməyə ehtiyac yoxdur, onu yaxşı-yaxşı bişirmək, pörtlətmək, çəngəllə əzmək lazımdır. Bəzi yumşaq ərzaq məhsullarını kiçik hissələrə bölmək kifayətdir (məsələn, yetişmiş meyvəni—portağal, mandarin, üzüm, şaftalı, ərik, gavalı. Amma bütün meyvələrin qabığını soymaq lazımdır).
Uşağa hələ də qızardılmış yemək vermək olmaz. Salat hazırlayarkən tərəvəzləri sürtgəcin daha iri gözündən keçirə bilərsiniz. Balanıza yemək verərkən nisbətən böyük qaşıqdan istifadə edin.
Tərəvəzlərin, sıyığın növlərini artırmaq olar. İndi balanıza darı, arpa yarmasından da hazırlanmış sıyıqlar verə bilərsiniz.
Tərəvəz həlimlərində mineral duzlar çoxdur. Tərəvəz həlimlərini sousa əlavə edin. Tərəvəzi ağzı örtülü qazanda bişirmək lazımdır. Qazana çox az su və yağ tökün.
Ət yeməklərini yenə də çəkilmiş ətdən hazırlayın. Konservləşdirilmiş ət məhsullarını, hətta ən tərifli kolbasaları 2 yaşlı uşağa vermək olmaz.
Uşağa köhnə yemək vermək olmaz. Yemək bir neçə dəfə qızdırılanda həm keyfiyyəti, həm də dadı dəyişir.
Çörəyə yağ, sürtgəcdən keçirilmiş meyvələr və ya mürəbbə çəkib, balanıza dadlı buterbrod hazırlaya bilərsiniz. Çörək ağ olmasa da, olar.
Uşağa gündə gündə 100-200 q təzə meyvə vermək lazımdır. Hər dəfə eyni meyvəni vermək olmaz.
Bütün uşaqlar şirin şeyləri sevir. Satışda olan şirniyyatlar yüksək keyfiyyətli undan hazırlanır, belə şirniyyatlara həddən artıq şəkər, yağ tökülür, uşağa lazım olan minerallar, vitaminlər olmur. Ona görə də satışdakı şirniyyatları uşağa vermək olmaz.
2 yaşlı uşaq yemək yeyərkən səliqəsiz ola, yeməyini ətrafa dağıda bilər. Ona görə də analar uşağa hər şeyi bir qabda verməyə çalışır, duru və bərk yeməyi, çörəyi qatırlar. Bu, uşağın qidalanmasına kömək edir. Amma bir müddətdən sonra balanızın yeməyini növbə ilə verməyə çalışın, əvvəl duru, sonra bərk yeməyi verin. Çünki qarışdırılmış yeməyin dadı, bəzən görkəmi pisləşir və uşağı cəlb etmir, balanız hər bir ərzağın öz dadını hiss edə bilmir.
Böyüdükcə siz balanızın nəyi sevdiyini, hansı yeməkləri bəyənmədiyini bilirsiniz. Bəzən uşaqların zövqü onlarda hansısa mineralların, duzların çatışmamasi ilə bağlı olur. Məsələn, bəzən balaca təbaşir, qum, gil yeməyə cəhd edir. Bu o deməkdir ki, uşaqda kalsium və başqa bir neçə mineral çatmır. Balanıza müxtəlif tərkibli ərzaq məhsullarından hazırlanmış yeməklər verin.