Bir yaşına qədər balanız bütün sahələrdə, o cümlədən kulinariyada yeniliklərlə tanış oldu, onun üçün təzə olan təamları daddı. Siz indi körpənizin hansı yeməkləri sevdiyini, nəyi sevmədiyini bilirsiniz. Bəlkə hələ də ana südü içir, amma balanız artıq qaşıq-çəngələ əl atır, bəzən yeməyi tökmədən ağzına qədər aparır. Fincanı özü tuta, suyunu içə bilir (onu artıq qaşıqla yedirməli, suyunu fincanda verməlisiniz). Süfrədəki çörəyə, peçenyeyə əl uzadır, böyüklər kimi götürüb yeyir. O böyüyür, fəallaşır, daha güclü qidalanmağa ehtiyacı var. Dişlərinin çoxu çıxıb (1,5 yaşlı uşağın 12 dişi olmalıdır), mədəsi böyüyüb, həzm sistemi inkişaf edir.
Amma balacanın menyusu hələ də biz böyüklərinkindən fərqlidir.
1 yaşdan 1,5 yaşa qədər
Uşağın qida rejimi yaş yarımına qədər adətən eyni olur; o gündə 5 dəfə yedirdilir. Sağlam uşaq 5-ci yeməyi istəmirsə, onu gündə 4 dəfə yedirmək olar. Əsas, rejimə riayət etməkdir.
Uşaq bir yaşdan yaş yarıma qədər gündə təxminən 1200 q, yəni hər dəfə 240-250 q qida qəbul etməlidir. Gündəlik qidalanmanın 25%-i səhər yeməyinin, 35%-i günorta yeməyinin, 15%-i günortadan sonranın, 25%-i axşam yeməyinin payına düşür.
Gün ərzində uşağın birinci və sonuncu yeməkləri meyvə, tərəvəz püresi, sıyıq, kəsmikdən hazırlanmış yemək olsa yaxşıdır. Yumurtanı səhərlər verin.
Nahara salatla başlamaq məsləhətdir. Balanıza sürtgəcdən keçirilmiş kök, təmizlənmiş xiyar, pomidor, kələm və göyərtidən hazırlanmış müxtəlif qarışıqlardan ibarət salat verə bilərsiniz. Salata göyərtilərdən şüyüd, cəfəri, kərəviz, soğan (xəstəliklərdən müdafiə edir) əlavə etmək olar.
Göyərtini xırda-xırda doğrayın.
Günorta yeməyinə ət xörəyi vermək olar. Günün ikinci yarısı uşağa ət verməyin, ət gec həzm olunur.
Balanızın iştahla yeməyini istəyirsinizsə, ona gündə bir neçə növ yemək verin. Məsələn, günorta ət xörəyi, axşam tərəvəz, sıyıq vermək olar. Axı indi onun dad hissi formalaşır.
1-1,5 yaşlı uşaq mütləq heyvani zülalla təmin olunmalıdır. Balanıza hər gün süd, süd məhsulları, mal, toyuq əti, yumurta verin. (Amma hər şey uşağın səhhətindən asılıdır. Bəzi uşaqlar südə həssas olur, uşaqda, məsələn, stafilokok kimi bakteriya çoxdursa, ona 3-4 yaşına qədər süd verilmir.)
Süd məhsulları 1 yaşlı uşağın inkişafında mühüm rol oynayır. Balanıza gündə 700 ml-ə qədər süd məhsulu verə bilərsiniz (bura müxtəlif yeməkləri hazırlayarkən istifadə olunan süd məhsulları da daxildir).
Kəsmik uşağa mütləq verilməlidir. Onu balanıza müxtəlif hallarda, meyvə qatmaqla, pudinq hazırlamaqla verə bilərsiniz.
Pendiri sürtgəcdən keçirib yedirdin. Onu uşağa ya çörəyin arasında, ya da makaronun üzərinə əlavə etməklə yedirmək olar.
Yumurta—uşağa yalnız toyuq yumurtası vermək olar. Yumurta qaynadılmalı, ya tək, ya da yeməyə əlavə olunaraq yedirdilməlidir. Yaş yarımına qədər uşağa yalnız sadə, ya da tərəvəz püresinə qatılmış yumurta vermək məsləhət görülür. Yumurtanı qayğanaq halında uşağa yalnız 1,5 yaşından sonra verirlər. Qayğanağa başqa şeylər də, məsələn, yaşıl noxud, kök, gül kələmi qatmaq olar.
Ət—uşağın gündəlik ət norması 85 q-dır. Balanıza mal və quş əti verə bilərsiniz.
Ət yeməklərini uşağa günün birinci yarısında vermək məsləhətdir. Ət gec həzm olunur, axşam yedirdiləndə uşağı narahat edir.
Bir yaşlı uşağa ət bulyonu, kiçik küftələr və ya buğda kotlet bişirmək olar.
Ciyər uşaq üçün çox xeyirlidir. Onu paştet halında vermək lazımdır.
Həftədə bir-iki dəfə balanıza balıq əti verin (sümüklərdən diqqətlə təmizləyin). Balığı suda qaynatmaq, balıq ətindən kotlet, küftə hazırlamaq olar.
Tərəvəz—balanıza hər dəfə yeni tərəvəz püresi hazırlaya bilərsiniz. Uşağın zövqündən asılı olaraq, müxtəlif tərəvəzləri qatmaq olar. Kartof püresini uşağa çox verməyin, o gec həzm olunur (kartofun sutkalıq norması 150 q-dır)
Tərəvəz püresi hazırlayanda çuğundur, kələm (gül kələmi, adi kələm, yaşıl kələm), balqabaq, yaşıl noxuddan istifadə etmək olar.
Sıyıq—uşaq üçün ən ideal yeməklərdəndir. Amma sıyığı uşağa gündə bir dəfədən artıq vermək lazım deyil. Bəzi mütəxəssislər hesab eləyirlər ki, həddən artıq sıyıq balacalarda sümüklərin normal inkişafına mane olur, çünki sıyıq üçün istifadə olunan dənli bitkilərin tərkibində kalsiumun mənimsənilməsinə mane olan fitin turşusu var.
Bir yaşdan sonra uşağa daha qatı sıyıq verilir. Balanıza yenə də müxtəlif məhsullardan (düyü, qarabaşaq, manna və s) hazırlanmış sıyıqlar verə bilərsiniz. Sıyığa meyvə əlavə etmək olar.
Xəmir xörəkləri—Balanıza yenə vermişel, makaron verə bilərsiniz (həftədə bir-iki dəfə). Ancaq hələ də xırda, nazik makaronlardan istifadə edin. Onları suda, süddə bişirmək, üstünə pendir, yağ tökmək olar.
Yağ—Azərbaycanda uşağa əsasən kərə yağı verilir (gündəlik norma 17 q-dır). Ancaq kitablarda uşağa bir yaşına çatmamış bitki yağı vermək məsləhət görülür. 1-1,5 yaşlı uşağa gündə 6 q bitki yağı verilə bilər (bitki yağı salatlara, tərəvəz püresinə əlavə edilir).
Meyvə—1-1,5 yaşlı uşaq gündə 100-200 q təzə meyvə yeməlidir. Meyvə və ya tərəvəz şirəsini yeməkdən sonra verin (gündə 100-150 ml). Həddən artıq şirə balanızın iştahasını poza bilər.
Maye—uşağa çox maye verməyə ehtiyac yoxdur. Ona özü istəyəndə, yeməkarası, yeməkdən sonra şirə, su verə bilərsiniz. Bu yaşda uşaqlara qaynadılmış su məsləhətdir. Satışda uşaqlar üçün hazır su satılır. Uşaqlar üçün istehsal olunan çaylardan da istifadə etmək olar.
Peçenye—balanızın tanıdığı ilk bərk yemək ola bilər. (Bərk qida kimi uşağa suxarı da verə bilərsiniz.) Müxtəlif dormalı peçenyelər uşaqları xüsusilə cəlb edir. İndi satışda xüsusi reseptlər əsasında məhz uşaqlar üçün hazırlanmış peçenyelər çoxdur. Bununla belə bəzi valideynlər uşağa evdə bişmiş peçenye verməyi üstün tuturlar.
Bal—balı uşağa ehtiyatla verin. Bir yaşa qədər uşağa bal vermək olmaz (yalnız həkimin məsləhəti ilə verə bilərsiniz). Balı əvvəl az-az, suya qatmaqla vermək lazımdır. Bal uşaqlarda kəskin reaksiyaya səbəb ola bilər.
Əmzik—bu yaşda balanıza əmzik verməyin (əmzik bütün dövrlərdə ziyandır). Uşaq bir yaşdan sonra da əmzikdən istifadə edirsə, onun qidalanmasında problem yaranır. Belə uşaqlar yaxşı çeynəyə bilmədikləri üçün bərk yeməklərdən imtina edirlər.
Diqqət! 5 yaşına çatmamış uşağa badam, yerfındığı, tum, popkorn, doğranmamış kök, doğranmamış sosiska vermək olmaz! Bunlar uşağın boğulmasına səbəb olar bilər.
Balanız süfrə başında oturmaq istəmirsə, yeməkdən çox ətrafa maraq göstərirsə, onu tez-tez—1,5-2 saatdan bir yedirdin. Uşağa nümunə göstərmək üçün onu gündə azı 1 dəfə böyüklərlə eyni masa arxasına oturtmaq lazımdır. Belə olarsa, balanız başqalarına baxıb yeyər, süfrə başında oturmaqdan yorulmaz. Vaxtında öyrədə bilsəniz, uşaq 2 yaşında (gündə 4-5 dəfə qidalananda) azı 3 dəfə masa arxasına oturar.
Balanız yeməkdən imtina edəndə, hətta ağlayanda belə ümidinizi itirməyin, təslim olmayın. Çıxış yolu həmişə var. Bəzi analar uşağın reklamlara marağından istifadə edir. Amma daha xeyirli üsullar mövcuddur. Uşağı yedirəndə dil-boğaza qoymadan danışın, onun diqqətini cəlb edə bilərsiniz. Yaxud uşağa yeməklə oynamaq imkanı verin. Məsələn, qaşıqla yeməyi qarışdırsın, ya yeməkdən əvvəl rəngli boşqabı, fincanı ilə oynasın. Bu üsulların köməyi olmasa, gözləyin, balanızı çox acandan sonra yedirin. Bu yemək azdırsa, uşağa döş verin (əlbəttə, südünüz hələ də varsa). Narahat olmayın, bütün uşaqlar əvvəl-axır süfrə başına keçirlər.