Balanıza mümkün qədər çox--ən azı bir yaşına qədər ana südü verin. Ana südünün unikal tərkibi uşağa 1 yaşından sonra da xeyirlidir. Amma uşağı heç də həmişə tək ana südü ilə qidalandırmaq olmaz! Uşağın “süd dövrü” 4,5-5 aydır (bəzi ekspertlərin fikrincə 6 ay). Balanız getdikcə böyüyür, çəkisi, eləcə də fəallığı artır. O, hərəkət etdikcə daha çox enerji itirir və ana südü onun orqanizminin bütün tələblərini ödəyə bilmir. 4-6 aydan sonra uşaqların əlavə qidaya ehtiyacı olur.
Bu dövrdə uşağın orqanlarında da dəyişiklik gedir; həzm sistemi inkişaf edir, tək südü deyil, başqa—daha bərk qida məhsullarını da həzm edə bilir. 2-3 aydan sonra balanızın ilk süd dişləri əmələ gələcək, dişlərin sayı yavaş-yavaş artacaq və körpəniz dişləriylə çeynəməyi öyrənəcək.
Əlavə qida necə verilməlidir?
İstənilən yeni qidanı balanıza yavaş-yavaş, ehtiyatla verməlisiniz. Əlavə qidanı verməyin bir neçə qaydası var:
- Əlavə qidanı balanıza ana südündən əvvəl verin.
- İstənilən yeni qidanı uşağa az-az vermək lazımdır. Yeməyi yarım çay qaşığından, meyvə şirəsini bir damcıdan verməyə başlayın. Hər gün bir az artırmaqla 5-7 gündən sonra tam bir porsiya verə bilərsiniz.
- İkinci yeni qidanı uşaq əvvəlkinə öyrəşəndən, yəni əvvəlki qidadan ən azı 2 həftə sonra vermək olar.
- Hər yeməkdən sonra uşağa ana südü verin. Bu, həm ana südünün kəsilməsinin qarşısını alar, həm də balanızı sevindirər, onun yeni yeməklərə öyrəşməsini asanlaşdırar, onu allergiyadan qoruyar. Həm əlavə yemək, həm də ana südü ilə qidalanıb doyan uşaq özü bir müddətdən sonra döşdən imtina edəcək.
- Əlavə yeməyi balanıza butulkadan deyil, qaşıqla verin. Yeməyi qaşıqla uşağın dilinin ortasına qoyun, bu uşağın yeməyi asanlıqla udmasına kömək edir. Həmişə butulkada yemək verməklə siz balanızın damağının zədələnməsinə, dişlərində kariyesin əmələ gəlməsinə şərait yarada bilərsiniz.
- Uşağı heç vaxt çarpayıda yedirtməyin. Uşaq uzanmış vəziyyətdə yesə, boğula bilər. O, mütləq şaquli vəziyyətdə olmalı, ya qucağınızda, ya da uşaqlar üçün nəzərdə tutulmuş xüsusi stulda oturmalıdır.
- Əlavə qida həmişə təzə olmalıdır. Uşağa dünəndən bişirilmiş ərzaq məhsulları vermək olmaz.
- Rahat həzm olunması üçün balanızın yeməyini əvvəl yaxşı-yaxşı əzin.
- Yemək nə isti, nə çox soyuq olmalıdır.
- Uşağı güclə yedirməyin. Yemək yeyəndə diqqət edin; balanız yeməyi tüpürürsə, üzünü çevirirsə, cəhd etməyin mənası yoxdur. Uşaq ya toxdur, ya yemək çox istidir, ya da dadı balanızın xoşuna gəlməyib. Sakit olun, uşağa döş verin. Gələn dəfə yenə cəhd edin.
- Çalışın ki, uşaq çəkinməsin, ona azadlıq verin. Balanızı yedirərkən arada qaşığı onun əlinə verə bilərsiniz, qoy qaşığa öyrəşsin. Vaxt gələcək, o özü bu qaşıqdan istifadə edəcək.
Əlavə qidalandırma proqramı 
Balanıza əlavə qida verməyə başlamısınızsa, xüsusi proqrama riayət etməlisiniz. 4-5 aylıq körpəyə əvvəlcə meyvənin, tərəvəzin şirəsi verilir. 2 həftədən sonra (uşaqda xoşagəlməz reaksiya olmayıbsa) meyvə və tərəvəzin püresini vermək olar. Aylar keçdikcə qidanın qatılığını artırmaq olar. Uşaq böyüdükcə yeni ərzaq məhsulları əlavə edildiyindən onun yeməyi qatılaşır. 6-7 ayında uşağa yumurta (əvvəlcə sarısının 4-də birini bir neçə damcı suya qatmaqla vermək lazımdır), pendir, yağ, qatıq (hər biri əvvəl çox kiçik miqdarda olmaqla), ət (bir neçə dəfə ət maşınından keçirilib, qaynadılmış halda), balıq püresi, çörək, suxarı, peçenye vermək olar.
Hər əlavə qidanı verəndə, uşağın səhhəti, çəkisi, iştahası, ailədə hər-hansı qidaya allergiyanın olub-olmaması, bayıra az, ya çox çıxması, nəcisinin duru olub-olmaması nəzərə alınmalıdır.
İlk əlavə qida
Sağlam uşaqlara ilk əlavə qida kimi tərəvəz püresi vermək məsləhət görülür. Bu qidanı günorta yeməyindən əvvəl versəniz daha yaxşı olar. İlk tərəvəz püresini hazırlamaq üçün kartof, kök və kələmdən istifadə olunur. Kartof püresi 1 çay qaşığının yarısından, kök çay qaşığının ucunda, kələm də çay qaşığının ucunda götürülüb, qarışdırılır. Getdikcə onların miqdarını artırmaq olar. 2 həftədən sonra bu qarışığa yaşıl noxud, ispanaq və başqa göyərti əlavə etmək olar.
Tərəvəzi ya buxarda, ya da suda qaynatmaq lazımdır. Hər bir tərəvəz ayrılıqda, qabığı soyulmamış bişirilməlidir. Əvvəl bir neçə damcı, sonralar (pürenin miqdarı 150q-a çatanda) bir çay qaşığı bitki yağı əlavə etmək olar. İlk günlər düz yerinə limon sıxa bilərsiniz.
Bir aydan sonra –6 aylığında uşağın tərəvəz püresinə yumurta sarısı əlavə etmək olar. 7-ci ayda ət püresi verə bilərsiniz. Bu yeməkləri (tərəvəz və ət püresi ayrı-ayrı yemək kimi verilir) uşağa növbə ilə vermək lazımdır.
Uşaqda anemiya varsa, tərəvəz və ət püresi daha tez—uşağın 5,5-6 aylığında verilməlidir.
Unutmayın ki, hər bir uşaq özünəməxsusdur. Əlavə qida uşaqlara, onların şəxsi xüsusiyyətlərindən, sağlamlığından, çəkisindənç yaşadığı bölgədən asılı olaraq, müxtəlif vaxtlarda verilə bilər.