10 aylıq balanın təxmini rejimi
6.00-7.00 -ana südü
10.00-10.30 -180-200 q meyvə kiseli və ya sıyıq, 50 q meyvə şirəsi
14.00 -50 q tərəvəz və y ətli şorba, 200 q tərəvəz və ya tərəvəz-ət püresi və bir gündən bir yumurta sarısı, 50 q meyvə şirəsi.
17.00-18.00 -200 q südlü sıyıq (yulaf, düyü və ya qarabaşaq sıyığı), 30 q kəsmik.
21.00-22.00 -ana südü

9-10 aylığında uşağa ət püresi yerinə xırda küftələrdən şorba hazırlamaq olar. 12 ayında balanıza buğda bişirilmiş kotlet də verə bilərsiniz.
Kisel əvəzinə təzə meyvə və ya meyvə şirəsi verin.
9-10 aylıq uşaqlara çoxlu süd məhsulları—kəsmik, qatıq, yoqurt, pendir vermək lazımdır.
Balıq verməyə başlayın. Balıq uşaqlar üçün çox xeyirlidir, ancaq onu hazırlayanda son dərəcə diqqətli olmalısınız, sümükləri diqqətlə təmizləməlisiniz. Yağsız balıq ətindən püre və ya buğda bişirilmiş kotlet hazırlamaq (yanında tərəvəz püresi ilə) olar. Balıq 10 aylıq uşağa həftədə 1-2 dəfə verilməlidir. 12 aylıq uşaq üçün balığı sadəcə qaynadıb, sümükdən təmizləyin. Baliq bəzi uşaqlarda allergiyaya səbəb olur, odur ki, ehtiyatlı olun, balanıza ilk günlər çox az miqdarda balıq verin.
Ana südü kəsilibsə, uşağın rejimində dəyişiklik olur, o, saat 8.00, 12.00, 16.00, 20.00, 24.00-da yedizdirilir. Ana südü əvəzinə uşağa adi süd və ya sıyıq veilir (200 q).
Alman mütəxəssislər uşağa 10 aylığından böyüklərin yediyi yeməkdən verməyi məsləhət görürlər (gündə 1 dəfə). Ümumiyyətlə uşağın böyüklərin yeməyinə keçməsiylə bağlı mübahisələr hələ də davam edir. Bir qrup hesab edir ki, uşağın mədəsi böyüklərin istifadə etdiyi qidaları həzm etməyə hazır deyil, uşaq nəinki 1 yaşında, hətta 2-3 yaşında da böyüklərlə eyni yeməyi yeyə bilməz. Bəzi mütəxəssislər bu fikirlə razı deyil, 10 aylıq uşağa gündə bir dəfə adi qaydada yemək verməyi məsləhət görürülər.
****
11-12 aylıq balanın təxmini rejimi
7.00-8.00 -200 q sıyıq və ya ana südü
11.00-12.00 -8-10%-lik südlü sıyıq və yumurta sarısı, 40-50 q meyvə şirəsi.
15.00-15.30 -50 ml ət bulyonu və ya suxarı qatılmış şorba, 150-200 q tərəvəz və ya ət-tərəvəz püresi, 70 ml meyvə şirəsi.
19.00-20.00 -250 q 10% -lik sıyıq, 50 q qatıq, suxarı və ya peçenye ilə süd, 30 q alma (və ya başqa meyvə).
Balanız artıq böyüyüb, ana südünü yavaş-yavaş azaldın. Sıyıqlardan birinin əvəzinə həftədə bir dəfə uşağa qaynadılmış vermişel vermək olar.
Kəsmik uşaq üçün indi daha çox lazımdır və onu hər gün, müxtəlif formalarda, məsələn, sıyığa, qatığa qatmaqla, yaxud içinə meyvə, sürtgəcdən keçirilmiş alma, kök, balqabaq əlavə etməklə verə bilərsiniz.
Bu yaşda uşağa balıq və ya ət küküsü hazırlamaq olar. 50-60 q əti maşından keçirin (yaxud balıq ətini sümükdən təmizləyin), yumurta sarısının 1/3-ni, 40 ml süd və 15 q manna, azacıq duz, 5-6 q kərə yağı tökün. Yaxşı-yaxşı qarışdırıb, çalınmış yumurta ağını əlavə edin. Bu kütləni ya duxovkada, ya da buğda 45-50 dəqiqə bişirin.
Meyvə püresini yavaş-yavaş sürtgəcin daha iri gözündən keçirilmiş təzə, bişməmiş meyvə ilə əvəzləyin. Uşağa çox vaxt sürtgəcdən keçirilmiş kök, alma və xama qarışığı verilir.
Qarağat, quşüzümü, moruq, albalı, gilas və ərik kimi meyvələri püre halında vermək olmur, onları yaxşı-yaxşı yuyub, şirəsini çıxarmaq lazımdır. Qalan pürenin üstünə qaynar su töküb 15-20 dəqiqə qaynadıb, tənzifdən keçirin. Tənzifdən keçirdiyiniz kütlənin bir hissəsinə kartof kraxmalı qatın (50 q üçün 5-6 q kraxmal), soyuducuya qoyun. Qalan hissəsinə şəkər tozu (50 q üçün 5-15 q şəkər tozu) qatın, qaynadın, soyuducudakı hissəni bura əlavə edin (düyünlərin yaranmasının qarşısını almaq üçün dayanmadan qarışdırın). Alınan kiseli soyudun, çəkdiyiniz 15-50 ml şirəni əlavə edin.
Ana südünü tərgitməyə başlayın.
Balanız normal inkişaf edirsə, 10 aylığından başlayaraq, ana südünü tərgidə bilərsiniz. (Unutmayın ki, balanıza nə qədər çox döş versəniz bir o qədər yaxşıdır. Uşaq ən azı 1 yaşına qədər ana südü ilə təmin olunmalıdır.)Ana südünü dayandırmaq həm uşaq, həm də ana üçün çox acı, çox kədərli prosesdir. Döş istəyən körpə ilə bərabər ananın da ağlaması normal haldır. Amma nəzərə alın ki, siz bunu əvvəl-axır etməlisiniz.
Ana südünün tərgidilməsi prosesi uzundur və bir yaşa qədər, bəzən daha çox çəkir. Amma ana südünü yay aylarında tərgitmək olmaz. Mümkünsə bunu yayqabağı (ancaq uşağın 10-11 ayı tamam olubsa), ya da yaydan sonra edin.
Uşağa peyvənd vurulanda, ya da uşaq xəstələnəndə də ana südünü dayandırmaq olmaz. Xəstəlik müddəti və xəstəlikdən sonra balanıza ana südü verin, südü tərgitməyi sonraya saxlayın.
Südü təgitməyə səhərdən başlayın, yəni əvvəl səhər yeməyinə ana südü əvəzinə sıyıq və ya adi süd, yaxud qatıq verin. 10-15 gündən sonra gecə də ana südü verməyə bilərsiniz. Bu dəfə də uşağa ana südü əvəzinə qatıq və ya adi süd vermək olar. Ancaq adi süd heç də təhlükəsiz deyil və bəzən xəstəliyə səbəb olur.
Süd mütləq soyuducuda saxlanmalı, uşağa veriləndən əvvəl yaxşıca qaynadılmalıdır. Yanmasın deyə, südü dibi qalın olan qazanda qaynatmaq lazımdır. Sonra süd qazanını soyuq su olan iri qazana qoyun ki, süd soyusun. Uşağın südünü qaynatdığınız qazanı başqa şeylər üçün istifadə etməyin, çünki süd ən zəif iyi də özünə çəkir. Şirəsi tökülmüş qazanlardan istifadə etmək olmaz.