Süd dövrü uşağın ən çətin dövrlərindəndir. Məhz bu dövrdə orqanizmin bütün strukturlarının, requlyasiya mexanizminin, o cümlədən mərkəzi sinir sisteminin tam formalaşması dövrüdür. Odur ki, övladınızı qidasına xüsusi diqqət etməlisiniz. Bu dövrdə buraxılan səhvi düzəltmək çox vaxt mümkün olmur!
Balanıza süni qida verməyə məcbursunuzsa, onu gündə 6 dəfə--hər 3 saat yarımdan sonra yedirməlisiniz (gecə yeməyə 6 saat fasilə verilməlidir). Zəif və yarımçıq doğulmuş uşaqları gündə 7 dəfə (gecə yeməyə 3 saat fasilə verməklə) qidalandırmaq lazımdır. Bu qayda əlbəttə, bütün uşaqlara aid deyil. Zəif, tez-tez xəstələnən, iştahası pis olan uşaqların rejimi özünəməxsus olur.
Uşağa əlavə qida verməyə başlayanda fasilələr uzanır, ümumi qaydaya əsasən uşaq gündə 5 dəfə--hər 4 saatdan sonra qidalandırılır (gecə fasiləsi 8 saat olmaqla).
Ancaq 3 aylıq uşağa əlavə qida vermək olmaz. Son araşdırmalar göstərib ki, uşaq ilk 3-4 ayı yalnız ana südü içməlidir. Vaxtından əvvəl verilən əlavə qida balanızın həzm sistemində problem yarada bilər, allergik reaksiyalara səbəb olar. Yalnız xüsusi hallarda, məsələn uşaqda anemiya, raxit əlamətləri olarsa, uşaq ana südü ilə deyil, süni südlə qidalandırılırsa, ya ananın südü keyfiyyətsizdirsə (adətən meyvə mövsümü olmayanda ana südü əvvəlki keyfiyyətini itirir), uşağa 3,5 aylığında əlavə qida vermək olar.
Əlavə qida kimi balanıza əvvəlcə tərəvəz püresi, meyvə şirəsi verməlisiniz. Ana südündən qatı və bərk yeməyə keçid çox məsuliyyətli addımdır. Əlavə qida yavaş-yavaş, ehtiyatla, əvvəl çox az miqdarda verilməlidir. (“Əlavə qida” bölməsinə baxın) Uşağı bir yeni qidaya öyrəşdirməmiş, ikinci qidaya keçməyin. İkinci yeni yemək azı 2 həftədən sonra verilməlidir.
Uşağın maye rejimi onun qidasından, sağlamlığından, yaşadığı bölgənin iqlimindən, uşağın çəkisindən asılıdır. Ümumiyyətlə uşağın hər kiloqramına gündə 100-120 ml maye düşür. Uşaq daha çox su istəyirsə, həkimlə məsləhətləşib ona normadan 50-200 ml çox su vermək olar. Uşağa suyu çay qaşığı ilə (1-2 qaşıq), yeməkarası və gecə uşaq yuxudan oyananda vermək lazımdır. Unutmayın ki, həddən artıq maye balanızın orqanizmində maddələr mübadiləsinin pozulmasına səbəb olar. Uşağın böyrəkləri tam yetişmədiyindən zəif fəaliyyət göstərir, su bədəndən daha gec çıxır.
Uşağa yeməkdən əvvəl su verməyin, bu, onun iştahasını pozar.
Su qaynadılmalı, temperaturu otaq temperaturuna uyğun olmalıdır.
Suya şəkər qatmayın! Şəkər karbohidrogen mübadiləsini pozar, piylənməyə və s. səbəb olar. Suya azca dəm qatıb, uşağa çox rəngsiz çay vermək olar.
Suya bir az limon sıxa bilərsiniz.
Uşaqda yanğı hiss edirsinizsə, su yerinə meyvə şirəsi verməyin.
İtburnu və ya alma dəmləməsi də vermək olar. Belə dəmləməni uşağa əvvəl bir neçə damcı, sonralar yavaş-yavaş artırmaqla gündə 5 çay qaşığı vermək olar. (Amma dəmləməni uşağa davamlı olaraq, uzun müddət vermək olmaz.)
Meyvə şirəsi verəndə almadan bşlayın. Almanı həzm etmək asandır.
Meyvə şirəsini əvvəlcə damcı-damcı, həm də qaynadılmış su qatmaqla verin. Allergik reaksiya olmasa, 3-5 gündən sonra şirəyə su qatmadan vermək olar. Şirəni birinci gün 1 neçə damcı, ikinci gün yarım çay qaşığı vermək lazımdır. Bir ay ərzində şirənin miqdarını gündə 4-6 çay qaşığına çatdırmaq olar.
Meyvə şirəsinə də şəkər qatmaq olmaz.
Meyvə şirəsini uşağa su yerinə vermək olmaz. Şirə yeməkdən sonra verilməlidir.
Hər yeni şirəni uşaq əvvəlkinə öyrəşəndən sonra vermək lazımdır. Hər yeni şirə əvvəlki kimi əvvəlcə damcılarla verilməlidir.
Meyvə və tərəvəz şirələrini qatmayın. Bəzi şirələr C vitaminini məhv edir.
Uşaq üçün şirəni özünüz çəksəniz yaxşıdır. Çünki şirələr hazırlıq prosesi zamanı çirklənməyə məruz qala bilər. Oinların hazırlanmasına tam nəzarət etmək mümkün deyil. Yalnız yüksək keyfiyyətli və yalnız uşaqlar üçün hazırlanmış şirələr almaq olar.
Şirə verəndə uşağın səhhətini nəzərə almaq lazımdır. Bəzi meyvələrin, məsələn, albalı, nar, qaragilə, qara qarağatın şirəsi qəbzliyə səbəb ola bilər. Belə şirələr nəcisi “duru” olan uşaqlara xeyirlidir. Nəcizi çox bərk olan uşağa gavalı, kələm, çuğundur şirəsi vermək məsləhətdir.
6 aylığa çatmamış uşağa üzüm şirəsi vermək olmaz. Üzümün tərkibində həddən çox fruktoza və qlükoza var, uşağa ziyan edər.
Uşaq üçün ən xeyirli şirələrdən biri də yerkökü şirəsidir. Amma yürkökü şirəsini də çox vermək olmaz, allergiya verər. Kök şirəsini balanıza bir gündən bir versəniz yaxşıdır.
Uşaq zəifdirsə, ona meyvə püresi də vermək olar. Hər şey uşağın orqanizmindən asılıdır və hər bir uşaq özünəməxsusdur.