MENYU

Ana səhifə

Xəbərlər

Yazılar

Kitabxana

Maraqlıdır

Peyvəndlər

Balamın yeməkləri

Balamın ilk...

Numerologiya

Ünvanlar

Fotolar

Adlar

Forum

Reklam və elanlar

Əlaqə

Redaktordan

AXTARIŞ

HAMİLƏLİK

  ANA SÜDÜ NİYƏ VACİBDİR?  

Yazılar1 yaşa qədərBir yaşa qədər yeməklər

Ana südü balanız üçün ideal qidadır—təbii, isti, steril və pulsuz!  
Ana südünün əvəzi yoxdur, çünki onu istədiyiniz yerdə, istədiyiniz vaxt, qızdırmağa ehtiyac olmadan balanıza yedirdə və ona lazım olan bütün vitaminləri qəbul etdiyinə əmin ola bilərsiniz. Ana südünün üstünlükləri çoxdur. Əvvəla uşaq onu çox rahat həzm edir. Ana südü balanızı bəzi infeksiyalardan, xəstəliklərdən, allergik reaksiyalardan qoruyur, uşağın öz immun sisteminin yaranmasına kömək olur. Onun tərkibindəki maddələr uşağın böyüməsi və inkişafını təmin edir.
Ana südü həm də balanızla sizin aranızda özünəməxsus ünsiyyət formasıdır, uşağın ailədə və kollektivdə düzgün psixoloji davranışının, sosial inkişafının əsasını qoyur.  
Balanızı ana südüylə qidalandıranda doğuşdan sonra planlamadığınız hamiləliyin qarşısını almış olursunuz (amma həmişə belə olmur). Ana südü həm də sizin orqanizminizi qoruyur, hamiləlikdən sonrakı dövrün normal keçməsinə kömək edir, mastopatiyanın (döş vəzilərinin funksiyasının pozulması), süd vəzilərinin şişinin, uşaqlıq və yumurtalıqlarda şişin qarşısını alır.

Ana südü ilə qidalandırmağa necə hazırlanmalı? 
Bunun üçün xüsusi hazırlığa ehtiyac yoxdur. Əsas odur ki, sizdə kifayət qədər arzu və inam olsun. Balanızı ana südü ilə qidalandırmaq istəyirsinizsə, bunu bacaracağınıza inanırsınızsa, hər şey yaxşı olacaq. 
Amma bəzi şeyləri bilmək vacibdir. Süd vermək istəyirsinizsə, hamiləlik dövründə də qalın parçadan hazırlanmış, süd vəzilərini sıxacaq lifçik geyməyin. Döş giləsini heç vaxt spirtlə silməyin! Döşü təmiz saxlamaq üçün su ilə yumaq kifayətdir.
Uşağı əmizdirən zaman necə tutmalı olduğunuzu bilmirsinizsə, 1-ci şəklə baxın. Qolunuzun dirsəkdən aşağı hissəsini balanızın başı altında tutmalısınız. Çətinlik çəkirsinizsə, qolunuzun altına döşəkcə qoyun. Uşağı həm də uzadaraq əmizdirmək olar.Bunun üçün onun başının altına döşəkcə qoyun, özünüz yanında uzanın.
Uşaq ilk günlər ağzını açmaya bilər. Belə olanda barmağınızın yumşaq tərəfi ilə onun ağzının kənarını sığallayın. Bu qıcıq onu ağzını açmağa yönəldər.
Uşağı yedirdəndən sonra dik tutun, o, əlavə yeməyi "qaytaracaq. (Bunun üçün çiyninizə əvvəldən təmiz ağ salsanız, paltarınız çirklənməz.)"
 Döş giləsi çox kiçikdirsə, narahat olmayın. Əvvəla, uşaq tək giləni deyil, onun ətrafını da çəkir. İkincisi, indi kiçik gilələri böyütmək üçün xüsusi vasitələr satılır. Apteklərə müraciət edin. Həmin rezin vasitələri döşün üzərində qoyanda dəriyə yapışır və uşaq onun vasitəsilə əməndə gilə tədricən böyüyür. 1-2 həftədən sonra rezin örtüyə ehtiyac qalmır. 

Süd necə yaranır? Bunu bacaracaınıza inanırsınızsa, hər şey yaxşı olacaq!
Döşün ölçüsü südün əmələ gəlməsinə və keyfiyyətinə təsir etmir. İstər iri, istərsə də xırda döşlü qadınlar uşaqlarını ana südü ilə qidalandıra bilərlər. 
Ana südü süd vəzilərində formalaşır və süd kanalları vasitəsilə döş giləsinə axır. Giləyə çatana qədər kanallar genişlənir və süd sinusları (süd dolan boşluqlar və ya kanallar) əmələ gəlir. Sinuslar döş giləsinin ətrafındakı tünd dairənin altında yerləşir. Gilə ətrafındakı tünd hissəyə diqqətlə baxsanız, siz balaca kisəciklər görərsiniz. Bu kisəciklər xüsusi maye buraxır, məhz həmin maye döş giləsi və ətrafındakı dərini yumşaldır və dezinfeksiya edir. Döş giləsi və ətrafında çoxlu sinir ucları var. Uşaq süd əmən zaman onlara toxunmaqla qıcıq əmələ gətirir, qıcıq nəticəsində süd ifraz olunmağa başlayır. Beləliklə laktasiya (süd vəzisinin süd ifraz etməsinə laktasiya deyilir) iki mərhələdən ibarətdir: südün hazırlanması və çıxarılması.   

Süd və süd ağzı 
Ana südününü tərkibi həmişə eyni olmur. Doğuşdan sonrakı ilk 2-3 gün ərzində qadının döşündən sarımtıl maye—süd ağzı deyilən maddə axır. Sonrakı 1-2 həftə ərzində südün tərkibi dəyişir, 2 həftədən sonra isə əsl ana südü ifraz olunmağa başlayır. Süd ağzının miqdarı çox az olur--gündə 30ml. Ancaq onun tərkibində olduqca xeyirli maddələr var. Süd ağzının tərkibindəki bioloji aktiv və qoruyucu maddələr yeni doğulmuş uşağın şəraitə uyğunlaşmasına kömək edir, onu infeksiyalardan qoruyur. 
Südün tərkibi nəinki gün ərzində, hətta uşağı əmizdirdiyiniz müddətdə dəyişir. Uşaq əmərkən əvvəl duru, sonra nisbətən qatı və yağlı süd ifraz olunur. Duru süd zülal və minerallarla zəngindir, uşağı ikinci hissəyə--daha “ağır” qidanı-yağlı südü yeməyə hazırlayır.  
Südün tərkibi sizin yediyiniz yeməyin tərkibindən çox asılıdır. Siz hamiləlik dövründə olduğu kimi, süd verdiyiniz zaman da diqqətli olmalı, acı, duzlu, hisə verilmiş ərzaq məhsullarından istifadə etməməlisiniz. Sitrus bitkiləri ilə ehtiyatlı olun. Birdən-birə bütöv bir meyvəni (sitrus bitkisi nəzərdə tutulur) yemək olmaz. 

Uşağı döşə vaxtında tutmaq lazımdır!
Bundan çox şey asılıdır. “Vaxtında” deyəndə doğuşdan sonrakı 30-60 dəqiqə nəzərdə tutulur. Uşaq doğulan kimi ona süd verməyin həm körpəyə, həm də anaya xeyri var. (Bu barədə ətraflı “doğum” bölməsində yazılıb) Balanıza nə qədər tez süd verərsinizsə, laktasiya bir o qədər uğurlu, yəni südünüz daha bol olar.   

DöşgəlməDöşgəlmə varsa, döşünüzü mütləq massaj etməlisiniz
Döşgəlmə (rusca--“mastit”) adətən uşaq südü vaxtında əmməyəndə baş verir. Bəzən çağa çox yatır və ana döş kanallarında həddən artıq süd yığıldığını hiss etmir. Amma az sonra döşünüzün ağrıdığını, süd gəlmədiyini görəcəksiniz. Döşgəlməsinin qarşısını almaq üçün ilk növbədə balanızı vaxtında əmizdirin (bu onun da xeyrinədir). Rejim pozulursa, körpənizi hansısa səbəbdən rejimə uyğun vaxtda əmizdirə bilmirsinizsə, südü “sağın” (bunun üçün indi xüsusi apparatlar var və onlar südü daha sürətlə sağmağa kömək edir). Südü həm apparat, həm də döşü massaj etməklə sağmaq olar.
Döşgəlmə varsa, südü çıxarmaq vacibdir (amma belə südü körpəyə vermək olmaz!). Bunun üçün döşü dairəvi şəkildə massaj etmək lazımdır. Əlinizi yağlayın, döşün üzərində dairə çəkirmiş kimi hərəkət etdirin. Əvvəl ehtiyatla, getdikcə təzyiqlə massaj edin. Bundan başqa barmaqlarınızla döş giləsinin ətrafındakı hissədən tuta və döşünüzü dairə cızırmış kimi hərəkət etdirə bilərsiniz. Bu hərəkəti sürətlə edin.
Döşgəlməyə qarşı kompresslərdən də istifadə edilir. Döşün üstünə (gilə və gilə ətrafına yox) bişməmiş, sürtgəcdən keçirilmiş katrof, düzlü su kompressi qoymaq olar.

Ana südünü tərgitməyə başlayın.
Balanız normal inkişaf edirsə, 10 aylığından başlayaraq, ana südünü tərgidə bilərsiniz. (Unutmayın ki, balanıza nə qədər çox döş versəniz bir o qədər yaxşıdır. Uşaq ən azı 1 yaşına qədər ana südü ilə təmin olunmalıdır.)Ana südünü dayandırmaq həm uşaq, həm də ana üçün çox acı, çox kədərli prosesdir. Döş istəyən körpə ilə bərabər ananın da ağlaması normal haldır. Amma nəzərə alın ki, siz bunu əvvəl-axır etməlisiniz. 
Ana südünün tərgidilməsi prosesi uzundur və bir yaşa qədər, bəzən daha çox çəkir. Amma ana südünü yay aylarında tərgitmək olmaz. Mümkünsə bunu yayqabağı (ancaq uşağın 10-11 ayı tamam olubsa), ya da yaydan sonra edin.
Uşağa peyvənd vurulanda, ya da uşaq xəstələnəndə də ana südünü dayandırmaq olmaz. Xəstəlik müddəti və xəstəlikdən sonra balanıza ana südü verin, südü tərgitməyi sonraya saxlayın.


Bildiklərini əlavə et

Adın
E-Mailin
Şərh (max 200)

DAXİL OL



məni xatırla

Üzv olmaq istəyirəm

TƏQVİM

KALKULYATOR

SORGU

Peyvəndlərin vurulması barədə məlumatı necə əldə edirsiniz?
sahə həkimindən
internetdən
yaxınlarımdan