Süni qidalanma çıxış yolu olmadıqda tətbiq olunur. Ana südü yoxdursa, ananın xəstəliyi varsa, cəhdlər nəticəsizdirsə, süni qidalanmadan başqa yol qalmır. Və belə olan halda qətiyyən özünüzü sıxmayın. Sizə məsləhət verənlərin sizi incitməsinə imkan verməyin. Hər kəsə "düz deyirsiniz", "sizinlə razıyam", deyə cavab verin və sakitliyinizi qoruyun. Unutmayın ki, sizin sakitliyiniz balanız üçün vacibdir. Onu da bilin ki, süni qidalansa da, sağlam olan uşaqların sayı çoxdur. Düzdür, balanıza süni qida verirsinizsə, bəzi şeyləri bilməlisiniz.
• Süni qidalanma sizinlə balanız arasında emosional münasibətə mane olur. Odur ki, uşağı yedirəndə tək onunla məşğul olun, fikrinizi yayındırmayın. Boş vaxtlarınızda onu daha çox sinənizə qoyun, oynayın, qoy dəriniz ünsiyyətdə olsun.
• Süni qidalanma uşağın tez-tez xəstələnməsinə, ishal (qarınağrısı), yoluxucu xəstəliklər tutulmasına imkan verir.
• Bəzi uşaq qidaları allergik reaksiyalara, xəstəliklərə şərait yaranır.
• Həzm orqanlarında xroniki xətəliklərin, çənə sümüyündə pozuntunun, stomatoloji, ortopedik pozuntuların inkişafı təhlükəsi artır.
• Uşaqda gələcəkdə piylənmə, şəkərli diabet, ateroskleroz (ürək-damar sistemi xəstəliyi) kimi xəstəliklərin yaranmasına şərait yarana bilər.
• Sizdə hamiləlikdən sonrakı dövrdə ağırlaşma təhlükəsini artırır, yenidən hamilə olmaq imkanlarını tez bərpa edir.
• Süd vəziləri və yumurtalıqlarda şiş təhlükəsi artır.
Uşağın süni qidalarla qidalanmasına ciddi əsas olmalıdır. İlk 3-4 ay ərzində süni qidalanma xüsusilə arzuolunmazdır. Bu dövr uşağın sağlamlığının qorunması baxımından ciddi dövr sayılır. Ana südü hətta zəif, ya da yarımçıq doğulmuş uşaqlara xəstəlik və çətinliklərə üstün gəlməyə kömək edir. Odur ki, ciddi səbəb yoxdursa, həkim göstəriş verməyibsə, balanıza ana südü verməyə çalışın. Südünüz az olsa da verin, heç yoxdursa, başqa anaların südünü vermək olar.
Ana südünə uyğunlaşdırılmış süd məhsulları.
Ev heyvanlarının südünü ana südünə uyğunlaşdırmaq barədə təxminən 150 il bundan qabaq düşünməyə başlayıblar. Keçmişdə adi südü çağaya vermək üçün ona su qatırlarmış. Sonralar südə bəzi vitaminlər, şəkər, qaymaq, XX əsrin 40-cı illərində isə fermentlər əlavə etməyə başladılar. Amma problem həll olunmayıb. Yalnız son dövrdə, uşağın inkişafı və qidalanmasıyla bağlı elmi biliklər artandan, analiz və texnologiya üsulları çoxalandan sonra ana südünə maksimum yaxın süd hazırladılar.
Balanıza süd verə bilmirsinizsə, ana südünü süni qida ilə əvəzləməyə məcbursunuzsa, həkimə müraciət edin, hansı uşaq qidalarının daha etibarlı olduğunu, ana südünə yaxın olduğunu öyrənin. Bəzən ən etibarlı məhsullar da uşağınızda xoşagəlməz hallara səbəb ola bilər. Məsələn, uşaq qusa, bağırsaqları pozula bilər, onun nəcisinin yaşıl rəng aldığını görərsiniz. Bəzən də süni qida diatezə səbəb olur. Belə olanda həkimlə bir daha məsləhətləşin, başqa məhsula keçin. Bəzən bütün süni qidalar uşaqda xoşagəlməz reaksiyaya səbəb olur. Bu halda ən azı 3 ay körpəyə ana südü vermək lazımdır, bahalı olsa da siz başqa ananın südünü almalı olacaqsınız.
Uşağa nə qədər süd lazımdır?
İlk günlər uşaq çox az miqdarda süd içir. 3-4 günlük uşaq gün ərzində 200-250 q süd içə bilər. 7 günlük uşaq üçün bu rəqəm 400-500-dür. 2-3 aylıq uşaq gün ərzində 800-900 q süd içir, 6 aylıq uşaq 900-1000 q.
Südün miqdarını həm də uşağın çəkisinə görə müəyyən etmək olar. 2 aylığına qədər uşaq gündə çəkisinin 5/1-i qədər (təxminən 700-900 q), 2-4 aylığında çəkisinin 6/1-i qədər (təxminən 800 q), 4-6 aylığında çəkisinin 7/1-i qədər (900-1000 q), 6 aylığından bir yaşına qədər çəkisinin 8/1-i-- 9/1-i qədər (900-1100 q) süd içir.
Uşağın hər dəfə nə qədər süd içməli olduğunu bilmək istəyirsinizsə, gündəlik normanı qidalandırmanın sayına bölün. Məsələn, süni qidalanan uşağa gündə 6 dəfə--hər 3 saat yarımdan sonra verilməlidir (gecə yeməyə 6 saat fasilə verməklə). 4 aylıq uşaq gündə 800-900 q süd içir. Deməli ona hər dəfə 140-150 q süd verməlisiniz. Bəzən uşaqlar 1-ci, 2-ci dəfə normadan az süd içir. Amma gün ərzində 3-cü, 4-cü dəfə daha çox süd içə, bununla da normanı yerinə yetirə bilərlər.
Zəif və yarımçıq doğulmuş uşaqları gündə 7 dəfə (gecə yeməyə 3 saat fasilə verməklə) qidalandırmaq lazımdır. Bu qayda əlbəttə, bütün uşaqlara aid deyil. Zəif, tez-tez xəstələnən, iştahası pis olan uşaqların rejimi özünəməxsus olur.
Süni qidalanan uşağa 3,5 aylığında əlavə qida vermək lazımdır. Əlavə qida kimi balanıza əvvəlcə tərəvəz püresi, meyvə şirəsi verməlisiniz. Ana südündən qatı və bərk yeməyə keçid çox məsuliyyətli addımdır. Əlavə qida yavaş-yavaş, ehtiyatla, əvvəl çox az miqdarda verilməlidir. (“Əlavə qida” bölməsinə baxın) Uşağı bir yeni qidaya öyrəşdirməmiş, ikinci qidaya keçməyin. İkinci yeni yemək azı 2 həftədən sonra verilməlidir.
Çağaya inək südü vermək olmaz!
İnəyin südü sizing yox, onun balası üçündür. Qadının südü ilə inəyin südü arasında fərq böyükdür. Ana südünün tərkibindəki maddələr inək südündə ya həddən artıq çoxdur (məsələn, zülal, mineral duzlar), ya da yoxdur (məsələn, ana südündə olan bioloji aktiv və qoruyucu faktorlar). Odur ki, inək südü, ya da adi süd qarışığı içən uşaqların səhhətində problem olur (məsələn, raxit, anemiya, vitamin çatışmamazlığı və s.)
İnək südünü uşağa müəyyən yaş dövründən sonra vermək olar. Bəzən uşaqlara (məsələn, stafilakokla bağlı problemi olanlara) hətta 4-5 yaşına qədər, bəzən daha uzun müddət süd verməmək məsləhət görülür.