Doğuşa nə qədər tez hazır olsanız, bir o qədər yaxşıdır. Ana olmağa 2-3 həftə qalmış tam hazır olub-olmadığınızı yoxlayın. Siz həm özünüz, həm də balanız üçün, həm doğum evində, həm də doğum evindən çıxacağınız gün lazım olan əşyaları götürməlisiniz. Mövhumatçılara qulaq asmayın, uşaq üçün də alış-veriş edin! Həkimlə məsləhətləşin. Bəzi xəstəxanalar bəzi şeyləri verir, bəziləri lazım olacaq şeylərin siyahısını verir. Evdə doğacaqsınızsa, həkimlə danışın. Nə lazımdırsa, hazır edin.
Həkimin telefon nömrəsi, sancılar başlayanda etməli olduğunuz hərəkətlərlə bağlı məlumat kitabçası və ehtiyat üçün bir qədər pul masanın üstündə olmalıdır. Tarixi bilirsinizsə, həmin gün çimin, dırnaqlarınızı tutun. Doğum evinə hazırlaşarkən
özünüz üçün yaxası düyməli köynək, ya xalat, gecə köynəyi, alt paltarları, çəkələk, dəsmal, salfet, corab, diş şotkası, diş pastası və sabun, tualet kağızı, güclü qanaxmaya davamlı bezlər (çox vaxt belə bezləri xəstəxanada verirlər), döş üçün bezlər, döş giləsi çox xırdadırsa, xüsusi rezin vasitə (döş giləsi xırda olanda uşaq əmə bilmir, apteklərdə döş giləsinin üstünə taxmaq üçün xüsusi vasitələr satılır), krem (döş giləsində çat olanda krem vurmaq lazımdır), çirkli paltarları yığmaq üçün torba, daraq, termos götürün.
Balanız üçün uşaq bezləri, pambıq paltarlar (onu bələmək fikrindəsinizsə, bələmək üçün parçalar), papaqlar (bəzi ölkələrdə təzə doğulan uşağı başı açıq saxlayırlar, amma xəstəxanadan çıxacağınız gün üçün papaq götürmək lazımdır), böyük üst bələyi götürün. Uşaq bezlərini az alsanız yaxşıdır. Axı siz balanızın çəkisini, dərisinin bezə reaksiyasını bilmirsiniz. Uşağı doğum evindən çıxaracağınız gün geyindirəcəyiniz paltarı da götürün. Bu paltarı valideynlər bəzən saxlayır. Razılaşın ki, ilk paltarınızı görmək çox maraqlı olardı.
Seçdiyiniz doğum evində spirt, tənzif, pambıq kimi tibbi ləvazimatlar verilmirsə, onları da əvvəlcədən alın.
Çıxacağınız gün üçün lazım olan şeyləri ilk gün aparmasanız da olar. Onları hazırlayın və yerini yoldaşınıza, ya da yanınıza gələcək başqa yaxınınıza göstərin.
Doğuşa fiziki hazırlıq
Siz hiss etməsəniz də, doğuşa fiziki hazırlıq gedir. Hamiləliyin sonunda maddələr mübadiəsi sürətlənir, qan dövranı yaxşılaşır, damarlar genişlənir, orqanizmin oksigen çatışmazlığına davamlılığı artır (bu, sancılar zamanı sizin köməyinizə gəlir). Beyin də bütün orqanların işini tənzimləməyə hazır olur.
Doğuşa hazır olmaq üçün bəzi şeyləri əvvəldən bilməli, məşq etməlisiniz. Məsələn, sancı başlayanda, siz dərindən nəfəs almalısınız. Nəfəsinizi saxlayıb, saymalısınız ki, ağrını ötürə, doğuşda lazım olacaq gücünüzü saxlaya biləsiniz (aşağıda “doğuşun mərhələləri”ni oxuyun). İndidən məşq etsəniz, ağrınız başlayanda nə etməli olduğunuzu yadınızdan çıxarmazsınız.
Sancılar başlayıbsa, hər 30, ya 20 dəqiqədən bir sancı hiss edirsinizsə, tələsməyə dəyməz. Sancıların arası 10 dəqiqə olanda doğum evinə getmək lazımdır. Maşın gəlincə, ya həkimə çatınca yoldaşınız, ya bir başqası belinizin aşağı hissəsini—böyrəklərin yerləşdiyi hissəni massaj etsin. Bu sizə yüngüllük gətirər.
Psixoloji hazırlıqdan çox şey asılıdır. Qadın təşvişə düşmürsə, özünə əmin olursa, doğuş asan keçir.
Doğuşdan qorxmayın, çünki...
1. Doğuş çətin və ağrılı proses olsa da, sonu var. Yadda saxlayın, siz doğanda xəstə olduğunuz üçün yox, ana olduğunuz üçün ağrıyırsınız. Bu yolu sizin ananız da, nənəniz də, milyonlarla başqa qadın da keçib. Odur ki, ağrıdan qorxmayın, ona hazır olun.
2. Siz özünüzə, öz gücünüzə inanmalısınız. Axı siz 9 aydır çalışırsınız, gələcək balanızı böyüdür, qoruyursunuz, buna nail olmusunuz. Bir günlük ağrı 9 aylıq zəhmətlə müqayisədə nədir ki?
3. Yaddan çıxarmayın ki, sizə kömək edəcəklər. Rahat olmaq üçün həkimlə əvvəldən tanış olun, həkiminizin kim olduğunu bilin.
Doğum evinə nə vaxt getməli?
Xüsusi problem yoxdursa, həkim xəstəxanada qalmağı məsləhət görməyibsə, sancıları evdə gözləyin. Yaxşı olar ki, yatıb, dincələsiniz. Axı qarşıda yuxusuz gecələr ola bilər.
Sancılar başladı və gücləndisə, sancıların arası 8-10 dəqiqə çəkirsə, getmək vaxtıdır! Əgər “aşağıdan” şəffaf, ya yaşıltəhər maddə axdısa, heç nəyi gözləməyin, birbaşa doğum evinə gedin. Ola bilər ki, dölyanı maye axmağa başlayıb, deməli, normal doğuş üçün cəmi bir neçə saat vaxtınız qalıb. Bu halda gözləmək olmaz, dölün susuzluğu sizə də, körpəyə də təhlükəlidir.
“Aşağıdan” qan axırsa, bu qanaxmadır! Qanaxma xüsusilə təhlükəlidir, bu halda ana təcili xəstəxanaya çatdırılmalıdır.
Doğuşdan əvvəl, balanızın doğulacağı tarixi təxmini də olsa, bilirsinizsə, ya yüngül sancılar hiss edirsinizsə, yemək yeməyin. Çox acmısınızsa, qatıq yeyə bilərsiniz.
Doğuş 3 mərhələdən ibarətdir. 
Doğuşun birinci mərhələsi ən uzun və ağrılı mərhələdir. Birinci mərhələdə qadının bədəninin, uşaqlıq yollarının doğuşa hazırlıq prosesi gedir. Dözümlü olun, bilin ki, siz gücünüzü ikinci mərhələyə--sizdən fiziki güc tələb edən mərhələyə saxlamalısınız. Birinci mərhələdə səbrli olmaq lazımdır. Qışqırıb səs-küy salmaqla, ya da otaqda o yan-bu yana qaçmaqla siz həm özünüzü, həm də tibbi heyəti yorarsınız. Çalışın sizə rahat olan yerdə, sizə rahat olan vəziyyətdə uzanın. Dölün hansı vəziyyətdə olduğunu həkimdən soruşun, bundan sonra ya sağ yanınız, ya sol yanınız üzərində uzana bilərsiniz. Sakit halda gəzə bilərsiniz. Ağrını azaltmaq üçün qarnınızı sığallayın. Bunun üçün əlinizi ortadan yanlara doğru çəkin.
Dərindən, bir az daha sürətlə nəfəs alın. Sancı başlayanda dərindən nəfəs alın və sayın: bir, iki, üç—ağrı artır, dörd, beş—dözülməz olur, altı, yeddi-nəfəsinizi verin, ağrı azalır. Qəribə olsa da, bir dəqiqədən sonra əvvəlki ağrıdan əsər-əlamət qalmır və siz bu bir neçə dəqiqədən istifadə edib, dincələ bilərsiniz. Çalışın, nəfəsinizi çox saxlamayın.
Fikrinizi cəmləyin, fantaziyanızı işə salın, təsəvvür edin ki, hər sancı gələndə siz balanıza kömək edirsiniz.
Səbrli olun, həkiminizi hövsələdən çıxarmayın, siz bu həkimi seçmisinizsə, bu an hər şey bu həkimdən asılıdır, ona etibar edin.
Doğuşun ikinci mərhələsi uşaqlığın boynu tam açılanda və yumşalanda başlayır. Ananı doğuş stoluna çıxarırlar. Stolda ayaqlarınızı rahat qoyun, narahatlıq varsa, həkimə deyin. Bu mərhələdə sancılara doğuş ağrısı əlavə olur--ana özündən asılı olmadan gücənir. Gücəndikcə siz doğuşu sürətləndirir, uşağın çıxmasını asanlaşdırırsınız. Məhz bu mərhələdə siz bütün gücünüzdən istifadə etməlisiniz ki,
balanız qarşısına çıxan “ilk maneələrin” öhdəsindən gəlsin. Yaxşı olar ki, hər sancıdan sonra 3 dəfə gücənəsiniz. Dərindən nəfəs alın, nəfəsinizi saxlayın və var qüvvənizlə gücənin. Sonra nəfəsinizi yavaş-yavaş verin. Bunu 3 dəfə edin. Sonra özünüzü boşaldın, sancı gələndə eyni şeyi təkrar edin. Nəfəsinizi qəfildən verməyin, nəfəsinizi yavaş-yavaş buraxmaq üçün dodaqlarınızı bərk-bərk sıxın. Sancılar gələndə qışqırmağın xeyri yoxdur. Çox istəyirsinizsə, sancıdan sonra qışqıra bilərsiniz. Gücü verəndə diqqətli olun, üzünüzə yox, qarnınızın aşağı hissəsinə güc verin.
Doğuş zamanı həkim və tibb bacılarının dediklərinə əməl edin. Onlara qulaq asmaq çətin olsa da, lazımlıdır. Bəzən həkim tələb edir ki, bir neçə dəqiqəliyə güc verməyəsiniz. Özünüzü gücənməkdən saxlaya bilmirsinizsə, səthi-“it kimi” nəfəs alın (itin ləhləməyini xatırlayın).
Doğuş zamanı özünüzdən asılı olmadan altınızı batıra bilərsiniz. Utanmayın! Doğum evində siz heç kimi nə qorxudası, nə də təəccübləndirəsisiniz. Altınızı batırırsınızsa, deməli, güc verə bilirsiniz və balanızın doğulmağına lap az qalıb.

Doğuşun üçüncü mərhələsi—bir az da güc verəndən sonra siz bir yüngüllük hiss edirsiniz və nəhayət, ilk dəfə olaraq, balanızın səsini eşidirsiniz! Bu da zəhmətinizin bəhrəsi! Allahın verdiyi ən şirin pay! Siz işinizi bitirmisiniz, amma həkimlərin işi qurtarmayıb. Bir dəstə həkim uşaqla, bir dəstə isə sizinlə məşğul olacaq. Onlar ciftin doğulmasını gözləməli, sonra sizin orqanlarınızı—doğuş yollarını nəzərdən keçirməlidirlər. Amma siz bunları yəqin ki, hiss etməyəcəksiniz, axı qarşınızda bapbalaca, çəhrayı rəngli, yağ kimi parıldayan çağa var.
Doğuşdan sonra ciddi probleminiz olmasa, çağanızı döşünüzə yaxın tutmalarını tələb edin! Bu, ən əvvəl sizin xeyrinizədir. Hansı hissləri keçirəcəyinizi təsvir etmək mümkün deyil. Əsas odur ki, uşağa oradaca döş verəndə süd ifrazatı yaxşılaşır, uşaqlıq aktivləşir və qanaxma azalır.
Çağa ömrünün ilk saatlarında ana südünün “ağzını” (süddən əvvəl gələn sarı maye) dadsa, daha möhkəm və daha sağlam olar.
Xəbəriniz olsun ki, elə ilk saatlarda balanıza peyvənd edəcəklər.
Doğandan sonra uzanmaq məsləhətdir. Siz xeyli güc sərf etmisiniz. Oqanizminizin dincəlməyə ehtiyacı var.
İndi yaxınlarınıza zəng edə, sevincinizi bölüşə bilərsiniz. Bu sevincin əvəzi yoxdur.
Sizə uğurlar!