Hamiləlik zamanı seks olarmı?
Əlbəttə! Əgər hamiləliyiniz normal keçirsə, özünüzü yaxşı hiss edirsinizsə, hamiləliyin əvvəlindən axırına qədər sekslə məşğul ola bilərsiniz! Unutmayın ki, balanız ilk günlərdən məhəbbət dolu mühitdə böyüməlidir. Ancaq bəzi həkimlər hamiləliyin ilk həftələrində ehtiyatlı olmağı tövsiyyə edir. Siz nədənsə narahatsınızsa, həkimə müraciət edin. Kitablardan oxuduqlarınızla, ya da rəfiqələrinizin məsləhətləriylə kifayətlənməyin.
Hamiləlik dövründə yalnız bir neçə halda seksin təhlükəsi olar;
• uşağın düşməsi təhlükəsi varsa və siz əvvəl də tez-tez uşaq salmısınızsa;
• cift möhkəm deyilsə, ya ciftin yerləşməsində problem varsa;
• çoxdöllü hamiləlik zamanı;
• sizdə, ya yoldaşınızda cinsi orqanlarda infeksiya varsa (bir daha xatirladaq ki, bu məsələ hamiləliyə qədər həll olunmalıdır, hər iki valideyn həkimə müraciət etməli, xəstəliyi olub-olmadığını müəyyənləşdirməli, müalicə olunmalıdır, yalnız bundan sonra hamiləlik barədə düşünmək məsləhətdir).
Cinsi əlaqənin gələcək körpəyə zərəri yoxdur ki?
Yox. Uşaqlığın qalın əzələli divarları, eləcə də başqa orqanlar dölü qoruyur.
Düzdür, orqazmdan sonra dölün tərpəndiyini güman edə bilərsiniz, ancaq gümanınıza səbəb uşaqlığın yığılmasıdır. Gələcək körpənizi incitmədiyinizə əmin ola bilərsiniz. Onun heç nədən xəbəri yoxdur!
Bəs orqazm doğuşu tezləşdirmir ki?
Uşaqlıq doğuşa hazır deyilsə və döl yetişməyibsə, uşaqlığın yığılmasının zərəri yoxdur. Amma əgər doğuşa çox az qalıbsa, orqazm doğuşun başlamasına təkan verə bilər. Yəni seks sancıları “gətirə” bilər.
Hamiləlik dövründə qadının seksə marağı azalır?
Bu suala bir sözlə cavab vermək mümkün deyil. Bəzi hamilələrin, əksinə seksə marağı əvvəlkindən çox olur. Bu halda cütlük hamiləlik dövrünü cinsi münasibətlərin ən gözəl dövrü kimi xatırlaya bilər. Amma bəzi hamilələrdə cinsi əlaqəyə maraq azalır, ya da tamam olür.
Çox vaxt hamiləliyin ilk 3 ayında seksə maraq azalır (xüsusilə ilk dəfə hamilə olan qadınlarda belə olur). Buna səbəb, hamiləliklə bağlı narahatlıq, qorxu, eyni zamanda toksikoz, yorğunluq, süd vəzilərinin kobudlaşması, hormonal dəyişiklik nəticəsində emosional vəziyyətin dəyişkənliyidir.
İkinci 3 ay ərzində seksə maraq adətən bərpa olunur. Hamilənin bədənində qan dövranı gücləndiyindən uşaqlıq yolunda sekresiya artır. Bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin ikinci rübündə anlayırlar. Odur ki. fürsəti əldən verməyin.
Son 3 ayda yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır.
Bəs ərinizin cinsi istəkləri... 
Hər şey tərəflərin özündən-xüsusiyyətindən asılıdır. Sevdiyi qadının hamiləliyi kişini yumşaltmaqla yanaşı məsuliyyət hissini artırır. Axı cəmi bir neçə aydan sonra onun statusu tamamilə dəyişəcək—ata olacaq. Odur ki, yoldaşınızın seksə marağının azalması sizi qorxutmasın. Nəzərə alın ki, o da narahatdır. Xanımının sağlamlığı, hamiləliyin normal keçməsi onu da maraqlandırır və bəzən kişilər də gələcək körpələrini incitməkdən çəkinirlər.
Hər bir kişi, açıq deməsə də, sonsuzluqdan qorxur. Odur ki, xanımının hamiləliyi kişini sevindirməklə yanaşı, daha ehtiyatlı edir. Bu da seksə təsir göstərir.
Həm də bilin ki, qadınlar hamiləliklə bağlı dəyişiklikləri daha təbii qarşılayırlar. Amma kişi xanımının görünüşünün dəyişməsinə, yeni zövqünə və yeni əhvalına daha çətinliklə alışır.
Gələcək atalara
Bəzi kişilər hesab edir ki, hamilə qadınla seks cəfəngiyyatdır. Bəzilərinin fikrincə bu, nə isə fərqli bir şeydir, yenilikdir. Amma bir həqiqət var ki, hamiləlik dövründə cinsi münasibətlərdə dəyişiklik olur!
Seksin azalmasının təşəbbüskarı çox vaxt qadınlardır. Çünki onlar qorxurlar. Əgər xanımınız gələcək balanıza zərər vurmaqdan çəkinirsə, ona sakitləşdirin. Başa salın ki, möhkəm olan uşaqlıq körpəni qoruyur. Seks balanıza heç bir halda ziyan etməz.
Bəzənsə kişinin hamilə qadına cinsi marağı ölür. Hamiləliyə qədər o, qadınının bədənini sevirdi, indi bu bədən dəyişib. Hamiləliyə qədər qadın gözəl, seksual, cazibədar idi, indi başqadır. Bütün günü toksikozdan əziyyət çəkən, qusan, öz vəziyyətindən bir az da narahat olan qadın sizi cəlb etməyə bilər. Amma bunu bwruzə verməməyə, qayğınızı əsirgəməməyə çalışın. Nəzərə alın ki, hamiləlik sizdən çox xanımınıza əziyyət verir. Onu sevdiyinizi bildirin. Hamilə qadının sakitliyi balanız üçün də vacibdir.
Amma bəzi kişiləri hamilə qadın, əksinə daha çox cəlb edir, onların fikrincə böyüyən qarın qadınlığın göstəricisidir.
Kişi nə etməlidir? 
Kişi hər şeydən əvvəl susmamalıdır! Narahatlığınız, qorxunuz, arzu və şübhələriniz barədə xanımınızla mümkün qədər çox danışın. Cinsi əlaqə zamanı yeniliyə, məsələn, xanımınızın sevdiyi pozanı tapmağa çalışın (bu, xüsusilə son aylarda vacibdir). Əgər seks xanımınıza əziyyət verirsə, həzz almağın başqa yolları var. Oral seks, qarşılıqlı masturbasiya və başqa qeyri-ənənəvi əlaqə sizə ənənəvi seksi əvəzləmək imkanı verər.
Kişilərə bir neçə məsləhət:
• Kişi hamilə qadına qarşı xüsusilə yumşaq, səbrli və diqqətli olmalıdır.
• Xanımınız gələcək balanızı ana südü ilə qidalandırmaq niyyətindədirsə, onun döşlərini buna hazırlamaq lazımdır.
• Cinsi əlaqədə olarkən gələcək balanızı da sığallamağı unutmayın. Körpəniz valideynlərin nə ilə məşğul olduğunu bilməsə də, deyilənlərə görə sevgini hiss edir.
• Cinsi əlaqə zamanı qadının qarnına və döşlərinə təzyiq etmək olmaz.
• Xanımız sekslə məşğul olmaq istəmirsə, onu məcbur etməyin.
• Cinsi əlaqə zamanı tələsməyin.
• Seksdən əvvəl ətrafınıza daha çox döşəkcə yığın və seks zamanı döşəkçələrdən istifadə edin ki, xanımınız özünü rahat hiss etsin.
• Eyni vaxtda oqrazma çalışmayın.
Bir şeyi bilmək zəruridir; hamiləlik zamanı xüsusilə vacib olan ailə münasibətlərində harmoniyanı qorumaqdır. Qarşınızdakının da istəyini nəzərə alın, özünüzə də diqqətli olun. Özünüzə çox əziyyət verməyin. Hamiləlik dövründə seks çox da vacib deyil. Qarşılıqlı məhəbbəti ifadə etməyin yolu çoxdur!