
Balanızın çəkisi keçən həftədən bəri xeyli artıb. Keçən həftə o, 4-5 q idisə, indi 7-8 q ağırlığındadır! Uzunluğu 4 sm-dən çoxdur, az qala bir gilas dənəsi boydadır!
Şəkildə gördüyünüz kimi balanızın başı hələ də bədəninə görə böyükdür. Narahat olmayın, siz də nə vaxtsa belə olmusunuz. İndi balacanın baş beyninin bütün hissələri sürətlə inkişaf etməkdədir, ona görə də baş bütün bədənin az qala yarısını təşkil edir. (Kəllə beyninin inkişafı doğuşdan sonra da bir neçə ay davam edəcək.)
Hamiləliyin 11-ci həftəsində uşağın boynu bir az uzanır, bel sümüyü düzəlir. İndi balanız başını hərəkət etdirə, qaldıra bilir.
Bu həftə körpənizin əl dırnaqları əmələ gəlir. Qollar ayaqlardan uzundur, çünki daha tez inkişaf edib.
Ultrasəs müayinəsi zamanı balanız belə görünür. Cinsi orqanlar öz formasını almağa başlayır, amma müayinə zamanı onları görmək hələ mümkün deyil. 2-3 həftə də dözün, görəcəksiniz!
Bu həftə balacanın mədəsi, böyrəkləri işləməyə başlayır. Döş nahiyəsinin formalaşması prosesi başa çatmaqdadır.
11-ci həftədə döl yeni inkişaf mərhələsinə başlayır. Embrional dövrdə yaranan orqanlar tam formalaşaraq, gələcək insanın müstəqil fəaliyyətini təmin etməyə hazırlaşır.
Yumurta hüceyrəsinin uşaqlığın divarına yapışdığı yerdə yaranan cift 11-ci həftədə tam formalaşır və funksiyasını yerinə yetirməyə başlayır. Bundan sonra bu cift sizin balanızı qidalandıracaq, qoruyacaq, onun maddələr mübadiləsi prosesini təmin edəcək. Balanız dünyaya gəlib, özü nəfəs alandan sonra cift ana bətnindən çıxarılacaq.
Cift təbiətin ən möcüzəli varlıqlarından biridir. Süzgəc rolunu oynamaqla cift ana ilə balanın qanını qarışmağa qoymur, dölü ananın qanında yarana biləcək kimyəvi maddələrdən qoruyur (Ancaq cift dölü bütün zərərli şeylərdən qorumaq gücündə deyil!).
Siz özünüz əhvalınızın tez-tez dəyişməsindən əziyyət çəkə bilərsiniz. Bu, hormonal dəyişikliklərlə əlaqədardır. Çıxış yolunu hərə bir şeydə tapır. Bəzi qadınlar kitab oxuyur, bəziləri başını ev işləri görməklə qatır. Çox narahatsınızsa, psixoloqa müraciət edin. Yoldaşınızı yorduğunuzu hiss edirsinizsə, sakit vaxtınızda onunla danışın, sizə dözürsə, ona təşəkkür edin.
Bu günlərdə saçlarınız və dırnaqlarınızda dəyişiklik ola bilər. Bəzi qadınlarda dırnaqlar güclənir, saçlar artır, bəzilərində əksinə, saç tökülməyə başlayır. Bəzi həkimlər bunu qan dövranının güclənməsi, bəziləri hormonal dəyişikliklərlə izah edirlər. Siz bu prosesin qarşısını ala bilməzsiniz, unutmayın ki, bu proses müvəqqətidir.
Diş həkiminə müraciət etməyi unutmayın. Hamiləlik zamanı qadının damağı zəifləyir, bəzən qanıyır. İnfeksiyadan qorunun. Dişiniz təcili müalicə olunmalıdırsa, anesteziyadan qaçın, həkimlərə hamilə olduğunuzu deyin. Problemdən qorunmaq üçün ağzınızı tez-tez yaxalayın.