
Bu həftə ultrasəs müayinəsindən keçsəniz, balanız sizə lazım olan vəziyyətdə dayanmış olsa, onun cinsiyyətini təxminən müəyyən etmək olar!
12-ci həftədə dölün çəkisi 13-19 q, uzunluğu 8-9sm-dir.
Bu həftə onun yeni orqanları yaranmır, yarananlar inkişaf etməkdədir. Mərkəzi sinir sistemi inkişaf edir. İndi balanız gözlərini qıya, ağzını açıb-yuma bilir. Əl barmaqlarını tərpədir. Ultrasəs müayinəsi zamanı siz onun barmağını sorduğunu görə bilərsiniz. İndi balanız daha aktivdir, amma siz hələ də onun tərpəndiyini hiss edə bilmirsiniz, bu, 1-2 aydan sonra mümkün olacaq.
12-ci həftədə uşağın mədə-bağırsaq sistemi yığılıb-açılır. Bədənin bəzi yerlərində tükün əlamətləri var.
Xüsusi aparat vasitəsilə balanızın ürək döyüntüsünü eşidə bilərsiniz.
Siz özünüzü indi yəqin daha yaxşı hiss edirsiniz. Axı hamiləliyin birinci rübü arxada qalır. Hamilə qadınların çoxunda 12-ci həftədən başlayaraq, toksikoz keçib-gedir, çünki cift funksiyasını tam olaraq, yerinə yetirməyə başlayır.
İndi hamilə paltarını geyinə də bilərsiniz, geyinməyə də. Bu, sizin ilk hamiləliyinizdirsə, hələ ehtiyac yoxdur, əvvəlki paltarlarınız yəqin ki, əyninizədir. Amma ikinci, ya üçüncü hamiləlikdə qarın tez böyüyür, hamilə paltarına daha tez ehtiyac yaranır. Bu günlərdə siz həm də döşlərinizin, yanlarınızın, hətta ayaqlarınızın böyüdüyünü hiss edə bilərsiniz.
Göbəkdən aşağıya doğru tünd zolaq əmələ gəlib. Bəzi qadınların üzündə, boynunda, əlində də belə tünd ləkələr yarana bilər. Narahat olmayın, hamiləlikdən sonra ləkələr itəcək.
Yeməyinizə fikir verin (Hamilənin menyusu bölməsinə baxın). Əlüstü yemək olmaz. Harasa tələsirsinizsə, özünüzlə yemək götürün, ac qalmayın. Bəzi hamilələr gecə yeməyi sevirlər. Gecəyə bir buterbrod hazırlamaq olar. Unutmayın ki, çox yemək də ziyandır, artıq çəkiyə səbəb olar.