Bu həftə çox böyük hadisələr baş verir. Təxminən 28 q ağırlığı olan balanızın ilk qığırdaqları əmələ gəlir! Bir azdan bu qığırdaqlar kəllə sümüyünə, bel sümüyünə, ilk qabırğalara, əl və ayaq sümüklərinə çevriləcək.
Hamiləliyin 13-cü həftəsində uşağın cinsiyyət orqanları kifayət qədər inkişaf etmiş olur, odur ki, ultrasəs müayinəsi zamanı balanızın cinsiyyətini öyrənə bilərsiniz!
Bu həftə uşağın bütün dişlərinin—20 süd dişinin formalaşması prosesi başa çatır. İndi dişlər damaqdan çıxacağı vaxtı gözləyirlər.
Hamiləliyin 13-cü həftəsində balanızın həm də mədəsi mükəmməlləşir. Mədəaltı vəzi fəaliyyətə başlayır, ilk dəfə olaraq insulin ifraz edir.
Bu həftə balanızın sinir sisteminin formalaşması baxımından vacib həftədir. Odur ki, siz də sakit olmalı, yalnız yaxşı şeylər barədə düşünməlisiniz. Bacardığınız qədər gəzin. İndi sizin təmiz havada gəzməyiniz, həm də çox gəzməyiniz balanız üçün xüsusilə vacibdir.
Sizi təbrik etmək olar. Birinci rübü arxada qoymusunuz! Bu o deməkdir ki, toksikoz da arxada qalıb. (Hərçənd bəzi qadınlarda davam edə bilər. Narahat olmayın, siz də bir neçə günə dincələcəksiniz.) Bundan sonra sizin çəkiniz daha sürətlə artacaq.
Amma hamiləliyin 13-cü həftəsi qadınlar yeni “sürprizlə” üzləşə bilər. Bu vaxtlar adətən qəbzlik başlayır. Qəbzliyə də səbəb, harmonal dəyişiklikdir. Digər tərəfdən böyüməkdə olan uşaqlıq bağırsaqların yerini daraldır. Qəbzliklə vaxtında mübarizə aparmaq lazımdır, yoxsa qadında babasil əmələ gələ bilər. Qəbzliyin qarşısını almaq üçün sellülozla zəngin bitkilərlə qidalanın. Düzdür, bəzi bitkilər, məsələn, kələm qaz əmələ gətirir. Bu baş veribsə, çobanyastığı çayı için. Qəbzliyə qarşı sürtgəcdən keçirilmiş turp və suya qatılmış bir qaşıq bal qəbul etmək olar. İdman, xüsusilə də üzmək və gəzinti də qəbzliyin qarşısını alır. Bütün bunların xeyri olmasa, həkimə müraciət edin.
İndi siz həm də döşünüzün dəyişdiyini hiss edə bilərsiniz. Hamiləliyin ikinci rübündə döşdən süd ağzı gəlməyə başlayır. Eyni zamanda döş ağırlaşır. Hamiləliyin sonuna qədər döşün çəkisi 2-4 dəfə artır. Süd verəndə döşlərinizin çəkisi daha artıq olacaq.