
Bu həftə balanızın üz cizgiləri daha aydındır. Ultrasəs müayinəsi zamanı onun burnu, yanaqları, qulaqları görünür. Göz qapaqları hələ örtülüdür. Amma göz almacıqları, hətta görmə sinirləri, demək olar ki, formalaşıb. Uşağın başı indi sinəsinə əyilməyib.
Hamiləliyin 14-cü həftəsində uşağın bütün bədənini zərif tük örtüyü bürüyür. Bu örtük hamiləliyin 3-cü rübünə yaxın itəcək, çünki uşağın çəkisi artacaq və onun dərisi altında kiçik piy qatı əmələ gələcək.
Bu həftə balanız işəməyə başlayır! Onun ifraz etdiyi sidik dölətrafı mayeyə qarışır.
Üstəlik balanız bu həftə daha fəaldır. Onun hərəkət etməsi üçün geniş yeri var. Balanız hər dəfə uşaqlığın divarına dəyəndə geri atılır. Siz bu hərəkətləri hiss etmirsiniz. Əslində bəzi analar uşağın hərəkətlərini hiss edir, ancaq bunu bağırsaqda hava qabarcıqlarının hərəkətinə bənzədirlər.
Dölün ağırlığı bu günlərdə 30 q-a yaxındır, uzunluğu 12,5 sm-dir (yumruğunuz boydadır).
Siz özünüz yeni dövrün astanasındasınız. Hamiləliyin “çiçəklənməsi” dövrü başlayır! Hamilə paltarına ehtiyac var! Bəzi qadınlar bu günlərdə paltarın düyməsini açıq qoyur, ya əvvəllər əyninə böyük olan paltarları geyinir. Amma cəmi bir neçə həftədən sonra hamilə paltarı geyinməli olacaqsınız. Çünki ölçünüz dəyişməkdədir, uşaqlıq xeyli böyüyüb. Bundan əvvəl hamilə olan qadınlarda qarın daha tez böyüyür.
Qadınlar bu günlərdə qarın nahiyəsində yaranan dartılmalardan narahat olur. Bəzilərində qarın dartıldığından qaşınmağa başlayır. Qadınları daha çox narahat edən yaranan izlərdir. Bu izlər qalacaq, yoxsa hamiləlikdən sonra keçib-gedəcək? Hər şey sizin dərinizin xüsusiyyətindən, düzgün qidalanmağınızdan asılıdır.
Hər şeyə rəğmən hamiləlik xoşbəxtlikdir və bu xoşbəxtlikldən həzz almağa çalışın.
Hiss etdiklərinizi yoldaşınızla bölüşün. Bəzi kişilər qadının hamiləlik dövründə narahat olurlar, çünki qadın bətnində daşıdığı balası barədə çox fikirləşir. Rəfiqələri ilə söhbət edir, təcrübəsini artırmağa çalışır. Kişi özünün kənarda qaldığını görür. Ancaq siz hiss etdiklərinizi yoldaşınızla bölüşsəniz, onu da sevindirərsiniz. Hamiləlik qadınla kişinin münasibətlərinin bərkidiyi dövrdür. Yoldaşınızı da özünüzlə bərabər müayinəyə aparın. Qoy, o da balasını “görsün”, onun ürək döyüntüsünü eşitsin. Bu səsi yazıb saxlasanız yaxşı olar.