
İndi balanızın çəkisi 300 q-a yaxındır, boyu 25-26 sm-dir. O elə fəaldır ki, siz onun yatıb-durduğunu hərəkətlərinə əsasən müəyyən edə bilərsiniz.
Bu günlərdə balanızın dərisi üzərində pendirvari maddə əmələ gəlir. Bu təbəqə dərini qoruyur. Ağ-krem rəngli təbəqənin altında isə dərinin əsas təbəqələri yaranmaqdadır. Pendirvari maddə bəzən doğuşa qədər qalır. Uşağı yuyan tibb işçiləri pendirvari maddəni steril salfet vasitəsilə silib təmizləyirlər.
Hamiləliyin 20-ci həftəsində balanızın bağırsağında nəcisin ilkin forması əmələ gəlir. Sidikdən fərqli olaraq, ilk nəcis ifraz olunmur. Yalnız uşaq dünyaya gələndən sonra bayıra çılxır.
Uşağın gözləri tam açılmasa da, o, istiqaməti müəyyən edir, qaranlıqla işığı ayırır. Əkizlər 20-ci həftədə bir-birlərinin üzünü tapır, əl-ələ tuta bilirlər.
Hamiləliyin 20-ci həftəsində balanızın ürək döyüntüsünü eşitmək üçün ultrasəs müayinəsinə ehtiyac qalmır. Ürək döyüntüsünü mama-həkimin trubkasını ananın qarnına dirəməklə eşitmək olar.
Hamiləliyin 20-ci həftəsindən etibarən sizin qarnınız həftədə 1 sm böyüyəcək. Həkim qarnınızı hər dəfə ölçməlidir. Qarnın ölçüsünə əsasən hamiləliyin inkişafı barədə fikir söyləmək olar. Qarnın böyüklüyü, ya kiçikliyi “qasıq qovuşması” deyilən yerdən göbəyə qədərki məsafəyə əsasən müəyyən olunur. Qasıq qovuşması sidik kanalının üstü, qarnın aşağısındakı orta hissədir. Qadının boyundan asılı olaraq, 20-ci həftədə qasıq qovuşmasından göbəyə qədərki məsafə 15-25 sm (orta hesabla 20 sm) olur. Əgər məsafə həddən artıq çox, məsələn 28 sm olarsa, mütləq ultrasəs müayinəsindən keçməlisiniz, bəlkə də siz əkiz doğacaqsınız!
Amma qarnınızın ölçüsünə görə heç vaxt təşvişə düşməyin. Axı hər bir qadın özünəməxsusdur. Həm də bir neçə dəfə doğan qadında ölçülər fərqli olur. Qarnınızın ölçüsü sizi narahat edirsə, həkimlə danışın.
“Aşağıda” ifrazat arta bilər, ağ, sarımtıl, qatı ifrazat ola bilər. Bu, normaldır, ancaq ifrazat həddən çox olarsa, həkimlə əlaqə saxlayın. Bezlərdən istifadə edin. Alt paltarınız pambıqdan olsa yaxşıdır. Yuyunanda ehtiyatlı olun, güclü su şırnağına ehtiyac yoxdur, suyun uşaqlıq yoluna düşməsinə imkan verməyin. 
Gecə qəfil ayağınızın ağrısından oyana bilərsiniz. Hamilə qadınlar yatanda bəzən ayaqları qıc olur (bu hal günorta uzananda, oturanda da müşahidə olunur). Narahat olmayın, ayaq əzələləriniz çəkinizin artmasına etirazını bildirir. Ayağınızı irəli uzadın, pəncənizi arxaya, dizinizə doğru əyin və pəncənizlə dairə cızın, qıcolma keçəcək.
Yatanda rahat olmaq üçün döşəkçələrdən istifadə etməyi unutmayın. Döşəkcələri və ya yorğanı ayaqlarınızın arasına, qolunuzun altına (sizə necə rahatdırsa) qoymaqla siz qarnınızı sıxmaya, daha rahat yata bilərsiniz. Satışda hamilələr üçün xüsusi ürək və ya S şəkilli döşəkcələr olur.
Qan dövranı güclənir, tərkibində dəmir olan ərzaq məhsullarından (ət, balıq, kəsmik, yumurta, alma, kök və s.) bol-bol istifadə edin.