|
|
| |
HAMİLƏLİYİN 21-Cİ HƏFTƏSİ
| |
Yazılar Hamiləlik Hamiləlik təqvimi
|
 Balanızın çəkisi 350 q-ı keçib, boyu 26-27 sm-dir. İndi o, daha da fəaldır, yeri geniş olduğundan istədiyi hərəkəti edir. Bu gün başı üstə, sabah döşəməyə paralel şəkildə uzanır. Səhər başı aşağı yatır, axşam başı ilə uşaqlığın yuxarısına “kəllə vurur.” Yeri daraldıqca balanız bu vəziyyətlərdən birini seçəcək və doğuşa qədər eyni vəziyyətdə qalacaq. (Hərçənd bəzi uşaqlar hamiləliyin sonunda da yerlərini dəyişə bilirlər.) Hamiləliyin 21-ci həftəsində balanızın həzm sistemində xeyli inkişaf var. Həzm sisteminin fəaliyyəti nəticəsində uşağın udduğu dölətrafı maye şəkərə və suya ayrılır, qalıq hissəsi isə düz bağırsağa qədər qovulur. Bu o deməkdir ki, onun həzm sistemi bətndən sonrakı həyata hazırlaşıb. 21-ci həftədən təxminən 30-cu həftəyə qədər sizin çəkiniz sürətlə artacaq. Ümumi artımın demək olar ki, 50%-i 20-ci həftəylə 30-cu həftə arasında toplanır. Çünki bu dövrdə balanızın dərisində, bəzi orqanlarının ətrafında piy qatı yığılır. Bu dövrdə çox yeməyə meyl yarana bilər. Unutmayın ki, siz yeməyin miqdarına deyil, keyfiyyətinə diqqət etməlisiniz. Çəkinizdən asılı olmayaraq, indi sizin qarnınız elə böyüyüb ki, hamilə olduğunuzu hamı görür. Qarnınızın böyüməyi yoldaşınızla yaxınlığınıza mane ola bilər. Ancaq siz uyğun poza tapa bilsəniz, indi də sekslə məşğul ola bilərsiniz. Bu həftə qarnınızla yanaşı döşləriniz, ayaqlarınız da böyüyür. Dırnaq və saçlarınız sürətlə uzanır (bədəninizin tüksüz yerlərində də tük çoxala bilər). Belinizdə ağrı ola bilər (ağrı əvvəl də vardısa, arta bilər). Ağrını yüngülləşdirmək üçün istirahət edin, vaxtınız olan kimi yanı üstə uzanın. Təmiz havada gəzmək həmişəki kimi xeyirlidir. Axşamlar ayaqlarınızın şişdiyini hiss edə bilərsiniz (Bəzi hamilələrin ayaqları yalnız sonuncu həftələrdə şişir). Vaxt tapıb, oturun, ayaqlarınızı uzadın. Hərdən uzansanız, ya sadəcə ayaqlarınızı uzatsanız, şişmə azalar. Gecə qəfil ayağınızın ağrısından oyana bilərsiniz. Hamilə qadınlar yatanda bəzən ayaqları qıc olur (bu hal günorta uzananda, oturanda da müşahidə olunur). Narahat olmayın, ayaq əzələləriniz çəkinizin artmasına etirazını bildirir. Ayağınızı irəli uzadın, pəncənizi arxaya, dizinizə doğru əyin və pəncənizlə dairə cızın, qıcolma keçəcək. İdmanı, o cümlədən keqeli unutmayın. Siz bədəninizi daha ağır çəkini daşımağa, doğuşa hazırlamalısınız.
|
|
|
|