
Balanızın çəkisi 450 q-a yaxındır, uzunluğu 27 sm-dən çoxdur. Yenilik var! Bu həftə balanızın qaşları əmələ gəlir! (daha doğrusu onlar indi əsl qaşlara bənzəməyə başlayıb.)
Hamiləliyin 22-ci həftəsində uşağın orqanları inkişaf edərək, müstəqil həyata hazırlaşır, neyronların sayı durmadan artır. Balanızın ətraf aləmi duyma qabiliyyəti inkişaf etməkdədir. Hər şey toxunmaqdan başlayır. Uşaq uşaqlıqda hərəkət edərək, ətrafı ilə tanış olur. Öz üzünə, əlinə, ayaqlarına toxunur, onlardan istifadə etməyin yolunu öyrənir. Barmağını sorur və bu zaman istəsə, barmağını ağzına tərəf gətirir, yaxud başını barmağına tərəf əyir.
Sizin qarnınız böyüdüyündən döş qəfəsiniz azacıq qalxıb, aşağıdakı qabırğalarınız bir az ağrıya bilər. Ağrını azaltmaq üçün dik oturub, əllərinizi başınızın üstünə qaldırın.
Xırda narahatlıqları nəzərə almasaq, indi sizin üçün hamiləliyin, demək olar ki, ən rahat dövrü başlayıb. Səhərlər sizə əziyyət verən zəiflikdən əsər-əlamət qalmayıb. (Əlbəttə, bu bütün qadınlara aid deyil. Bəziləri yenə də başgicəllənməsindən əziyyət çəkir. Bu halda həkimə müraciət etmək lazımdır. Həddən artıq zəiflik anemiyanın əlaməti ola bilər.)
Hamiləliyin ikinci rübündə qadınlarda seksə meyl adətən bərpa olunur. Hamilənin bədənində qan dövranının güclənməsi nəticəsində uşaqlıq yolunda sekresiya artır, bu da eroqen yerlərdə hissiyyatın güclənməsinə, hissiyyatın güclənməsi isə qadının orqazm qabiliyyətinin artmasına səbəb olur. Hətta statistika göstərir ki, qadınların çoxu orqazmın nə olduğunu məhz hamiləliyin 2-ci rübündə anlayırlar. Odur ki, fürsəti əldən verməyin. Balanızdan çəkinməyin, o, sizin nə ilə məşğul olduğunuzu bilmir.
Hamiləliyin 5-ci ayında qadınların çoxu ayaqlarının böyüdüyünü hiss edir. Bunun bir neçə səbəbi var. Şiş, çəkinizin artması, oynaqların zəifləməsi ayaqların ölçüsünü böyüdə bilər. Şişləri azaltmaq üçün rahat ayaqqabı geyinin. Ayaqqabılarınız ya təmiz dəridən, ya da parçadan olmalıdır ki, ayaqlarınız rahat nəfəs alsın. Hündürdaban ayaqqabı geyinməyin, vacibdirsə, dabanı 5 sm-dən çox olmayan ayaqqabı seçin.
Çoxlu maye qəbul edin. Maye yeni hüceyrələrin daha yaxşı inkişafına kömək edir, qan dövranı, bədənin temperaturunun tənzimlənməsi üçün xeyirlidir.