
Balanızın çəkisi 500 q-dan çoxdur! Uzunluğu 30 sm-ə yaxınlaşıb.
İndi uşağın demək olar ki, bütün daxili ifrazat vəziləri işə düşüb. Bu isə onun orqanizmində maddələr mübadiləsinə çox böyük təsir göstərir.
Cinsiyyət orqanları formalaşıb. Oğlandırsa, xayaları, qızdırsa, milyonlarla yumurta hüceyrəsi olan yumurtalıqları var (hamiləliyin sonuna yaxın yumurta hüceyrələrinin sayı 2 milyona qədər azalacaq, azalma doğulandan sonra da—yetkinlik dövrünə qədər davam edəcək).
Bu günlər siz balanızın şəklini görsəniz, yəqin ki, məyus olarsınız. Təsəvvür edin; onun dərisi indi qırmızı və qırış-qırışdır. Üstəlik dəri qoruyucu pendirvari maddə ilə örtülüb. Başda, üzdə, qulaqların arxası və büküşlərdə pendirvari maddə daha çoxdur.
Hamiləliyin 23-cü həftəsində balanızın saçları tündləşməyə başlayır. Dırnaqları tam formalaşmaqdadır.
Siz sürətlə kökəlirsiniz, qarnınız böyüyür. Cift ağırlaşır, dölətrafı maye çoxalır, nəticədə sizin çəkiniz artır. Bəziləri sizə qarnınızın həddən artıq böyüdüyünü, bəziləri, əksinə, qarnınızın çox balaca olduğunu deyə bilər. Narahat olmayın, hər qadın bir cürdür. Narahatsınızsa, həkiminizlə danışın. Sual verəndə çəkinməyin, həkimlə görüşə getməzdən əvvəl sizi narahat edən məsələlərlə bağlı qeydlər edin və görüş zamanı bütün suallarınızı verin. Bu, sizin və balanızın sağlamlığı üçün vacibdir.
Hamiləliyin bu dövründə dırnaqlarınızın sürətlə uzandığını, saçlarınızın çoxaldığını hiss edə bilərsiniz. Səbəb, qan dövranının, maddələr mübadiləsinin güclənməsidir. İstəmədiyiniz yerlərdə, məsələn, üzünüzdə, çiyinlərinizdə də tük çoxala bilər. Narahat olmayın, hamiləlikdən sonra artıq tüklər tökülür.
Qarnınızda ağrı hiss edə bilərsiniz. Bu, əzələlərin dartılması ilə bağlıdır. Ağrı daha çox yataqdan, stuldan qalxanda, öskürəndə hiss olunur. Bəzilərində ağrı keçici olur, bəzilərində saatlarla davam edir. Bəzilərində sancıya bənzər ağrı olur. Bu, normaldır, istirahət edəndən sonra ağrı keçib-getməlidir. Amma ağrı keçməsə, üstəlik temperaturunuz artsa, ya üşüsəniz, qanaxma olsa, ya “aşağıda” güclü ifrazat olsa, tez həkimə müraciət edin!
Uşaqlıq böyüdüyündən sidik kisəsinə təzyiq edir. Siz alt paltarınızın islandığını görə bilərsiniz. Bu ya sidik, ya da dölətrafı maye ola bilər. Axan dölətrafı mayedirsə, dayanmadan, həm də bol-bol axır. Bu, çox təhlükəlidir, mütləq həkimə gedin!