|
|
| |
HAMİLƏLİYİN 24-CÜ HƏFTƏSİ
| |
Yazılar Hamiləlik Hamiləlik təqvimi
|
 Bu həftə balanızın müstəqilliyinin başlanğıc dövrüdür. Yəni onun müstəqil yaşamaq qabiliyyəti artıq tam formalaşmaqdadır. 24-cü həftənin sonu balanızın çəkisi 600 q-a çatır, boyu 30 sm-dir. Çəkisi artdığından onun yeri daralıb. Ancaq yenə fəaldır və siz onun “zərbələri” əsasında yatıb-durduğu vaxtı müəyyən edə bilərsiniz (Həvəsiniz varsa, bu rejimi qeyd edin və balanızın doğulandan sonrakı rejimi ilə müqayisə edin). O, sizin danışdıqlarınızı daha yaxşı eşidir. Qorxursunuzsa, o da qorxur. Araşdırmalar göstərib ki, ana narahat olanda, döl saatlarla gərgin olaraq, qalır. Hamiləliyin 24-cü həftəsində uşağın dərisi altında boz piy ehtiyatının toplanması prosesi davam edir. Boz piy toxumalarının əhəmiyyəti böyükdür, bədəndə istiliyi qoruyan məhz boz piydir Balanızın tənəffüs sistemi və baş beyni sürətlə inkişaf etməkdədir. Odur ki, evi təmizləyəndə kimyəvi maddələrdən istifadə etməyin. Dırnaq boyalarından da istifadə etməsəniz yaxşı olar. Alkoqol, tütün indi xüsusilə zərərlidir. Təmiz havada mümkün qədər çox gəzin. Sizin çəkiniz gözəçarpacaq dərəcədə artıb. Bu günlərdə ayaqlarınızda ağrı, başağrınız, sidik kisəsiylə bağlı probleminiz ola bilər, özünüzü yorğun hiss edə bilərsiniz. Ayaqqabınızın rahatlığı vacibdir. Hər fürsətdən istifadə edib, dincəlməyə çalışın. Uzananda ayaqlarınızı yuxarı (ürəyinizin səviyyəsindən yuxarı) qaldırın. İndi vaxtından əvvəl doğuşla bağlı məlumatlarla tanış olun. Kaş bu məlumatlara ehtiyacınız olmasın, ancaq hər şeyə hazır olmağınız vacibdir. Yaydırsa, çoxlu maye qəbul edin. Bəzi qadınlar hamiləliyin bu dövründə oksigen çatışmazlığından əziyyət çəkir. Açıq havada çox gəzin. Havaya uyğun geyinin ki, xəstələnməyəsiniz, indiki vəziyyətdə xəstələnmək təhlükəlidir. Xəstələndiyiniz halda dərhal həkimlə əlaqə saxlayın, həkimsiz dərman içməyin. Evdən çıxmayın. Mədəniz pozulubsa, çoxlu maye qəbul edin, su, şirə için, ancaq süd içməyin. Bir neçə gün pəhriz saxlasanız, uşağa heç nə olmaz. Ağır yeməklər zəifləmiş mədəni yükləyir. Bəzi qadınlar hamilə olanda restoranlara getməkdən çəkinir. Narahat olmayın, hərdənbir restoranlarda şam edə bilərsiniz. Ancaq ziyanlı—duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş məhsullardan istifadə etməyin.
|
|
|
|