|
|
| |
HAMİLƏLİYİN 26-CI HƏFTƏSİ
| |
Yazılar Hamiləlik Hamiləlik təqvimi
|
 Balanızın çəkisi 800 q-a yaxınlaşıb, boyu 35 sm-dən çoxdur. İndi onun hərəkətini tək siz yox, ətrafınızdakılar da hiss edə bilər! Bu həftə uşağın gözləri demək olar ki, tam formalaşır və açılır. Göz almasının bütün təbəqələri var, gözün rəngi artıq müəyyəndir. Amma siz onun gözünün əsl rəngini doğuşdan bir neçə ay sonra görəcəksiniz. Balanız artıq dad bilir! Acını şirindən seçir, acı dadanda üzünü turşudur. İndi balanız hər şeyi eşidir! O, əvvəl də eşidirdi, indi isə demək olar ki, hər şeyi, suyun, tozsoranın səsini, baxdığınız filmin qəhrəmanlarının danışıqlarını, dinlədiyiniz musiqini eşidir. Onun könlünü oxşamağa çalışın. Klassikayla yanaşı uşaq mahnılarına da qulaq asın. Araşdırmalar göstərib ki, səsli-küylü mahnılar, məsələn, rok uşağın əsəblərinə pis təsir edir. Hamiləliyin 26-cı həftəsində uşaq çox arıq olur, zəif görünür. Amma onun dəyişməsinə çox az qalıb. Bir neçə həftədən sonra o, sürətlə böyüməyə başlayacaq. Siz bu dövrdə adətən narahat olmağa başlayırsınız. Səbəb çoxdur. Mədə qıcqırması, qəbizlik, əl-ayağın şişməsi, damar genişlənməsi, aşağı əzələlərdə, beldə ağrı, yorğunluq, baş gicəllənməsi sizi narahat edə bilər. Bəziləri hamiləlikdən yorulur, uşağın doğulmasını səbirsizliklə gözlədiklərindən əsəbi olurlar. Bunların zərəri yoxdur (əlbəttə, normadan artıq deyilsə) və hamısı keçib-gedəcək. Əllərinizin şişməsi sizi narahat edirsə, uzananda əllərinizi yuxarı qaldırıb, silkələyin. Ya sağ, ya sol yanı üstə yatmaq sizi yorubsa, döşəkcələrdən istifadə edin. Hamiləliyin bu dövründə balıq və başqa dəniz məhsulları çox xeyirlidir. Araşdırmalar göstərib ki, dəniz məhsulları və balıq yeyən qadınlar daha sağlam və daha fəal uşaq doğurlar. Siz hələ də işləyirsinizsə, işdən gedəcəyiniz günü təyin etməyin vaxtıdır. Əlinizdə hansısa layihə varsa, onu başa vurun, qaydalarla, haqlarınızla tanış olun, sonra müdirlə danışın.
|
|
|
|