
Balanızın çəkisi 1100-1300 qramdır, boyu 39 sm-ə yaxınlaşır. (Unutmayın ki, bu rəqəmlər şərtidir. Sizin balanızın boyu daha qısa, ya da uzun, çəkisi daha artıq, ya daha az ola bilər və bu tam normaldır.) Onun bədənində ağ piy qatının miqdarı artmaqdadır. Doğuş zamanı bu qat uşağın çəkisinin 4%-ni təşkil edəcək. Uşağın bədəni öz temperaturunu artıq tənzimləyə bilir. Balanızın immun sistemi işə düşür. Bu günlərdə uşaq gündə yarım litr sidik ifraz edir!
Uşağın hərəkətlərində fərqi hiss etməlisiniz. Əvvəl onun tərpəndiyini hiss edirdiniz. İndi sizi balanızın təpikləri, yumruqları, dirsəkləri ilə vurduğu zərbələr incidə bilər. Onu başa düşün, yeri daralıb!
Balanızın hissiyyat orqanları daha mükəmməldir. O, hissiyyat orqanları vasitəsiylə informasiya alır və bu informasiyaya reaksiya verir; siz onun güclü işığa, səsə reaksiyasını hiss edirsiniz. Üzünə baxa bilsəydiniz, onun acıya, şirinə reaksiya verdiyini, gülümsədiyini, ya üz-gözünü turşutduğunu görərdiniz.
Bir sözlə, indi balanız sürətlə böyüməkdədir. Lap təzə doğulmuş körpəyə bənzəyir. Ancaq onun indi—hamiləliyin 29-cu həftəsində doğulması arzuolunmazdır. Vaxtından əvvəl doğulmuş uşaqlar sağ qalsalar da, xəstəliyə davamlı olmur, əqli cəhətdən zəif inkişaf edirlər.
Uşağınızın sağlam olması üçün qidanıza fikir verin. Siz indi daha çox pendir, qatıq və başqa süd məhsulları yeməlisiniz. Kalsium və C vitamini (portağal şirəsi, naringi) balanızın sümüklərinin möhkəmlənməsi üçün vacibdir. İstədiyiniz qədər yeyə bilərsiniz, yalnız zərərli şeylərdən—duzlu, acı, konservləşdirilmiş, hisə verilmiş qidadan uzaq olun.
Köhnə "dostlarınız"—mədə qıcqırması, qəbizlik yenə qonağınız ola bilər. Həkimlə məsləhətləşin, çoxlu maye için.
Balanız ağırlaşdığından sizi narahat edə bilər. Düzgün rejim, düzgün qidalanma, idman, gəzinti, daha çox istirahət ən yaxşı çıxış yollarıdır.
Böyüyən uşaqlıq sidik kisəsini sıxır, siz tez-tez tualetə qaçmalı olursunuz. Bu təbiidir. Sidiyi çox saxlamayın.
Bədəndə mayenin miqdarı artdığından əl-ayaqlarınız şişə bilər. Narahat olmayın.
Süd ağzı gələ bilər. Döşünüzü sıxmayın. Süd ağzı axırsa, yumşaq salfetlə silin. Yumşaq, pambıq parçadan olan lifçik geyinin.
Ola bilər ki, siz uşağınızı səbirsizliklə gözləməkdən, planlar qurmaqdan, ağırlıqdan yorulmusunuz. Səbr edin, başınızı nə iləsə qatmağa çalışın. 11 həftə qalıb!
Həkim sizdə vaxtından əvvəl doğuş təhlükəsinin olduğunu deyibsə, onun tələblərinə əməl edin; yataqdan qalxmayın, lazımi dərmanları qəbul edin. Vaxtından əvvəl doğuşla bağlı məlumatlarla tanış olun.