|
|
| |
HAMİLƏLİYİN 35-Cİ HƏFTƏSİ
| |
Yazılar Hamiləlik Hamiləlik təqvimi
Balanız indi həftədə 200-220 q “kökəlir”. Onun əl-ayağı koppuş olub. Bu həftə balanızın çəkisi 2500-2600 q-dır, boyu 45-47 sm olub. (Unutmayın ki, bu rəqəmlər şərtidir, uşağınızın boyu və çəkisi fərqli ola bilər. Bu sizi narahat etməməlidir. Hər uşaq özünəməxsusdur.) Çəkisi artdığından, o, bütün uşaqlığı tutub və daha çətin hərəkət edir. Onun hərəkətləri sizi incidə bilər. Bir az da dözün, doğmağınıza 5 həftə, bəlkə də lap az qalıb. Balanızın dırnaqları uzanıb və o dünyaya üzündə dırnaqlarının qoyduğu izlərlə gələ bilər. Sizin, eləcə də həyat yoldaşınızın əhval-ruhiyyəsi bu günlər pisləşə bilər. Valideynlər uşağın doğulmasını gözləməkdən yorulur, səbrləri tükənir, hər xırda şeyə görə əsəbiləşirlər. Bəzilərini uşağın sağlam olub-olmaması düşündürür, bəziləri yaxşı ana olacaqlarına şübhə edir, hətta depressiyaya düşürlər. Bütün bunlar təbii və müvəqqətidir. Özünüzü ələ alın, gərginlikdən uzaq olun. Yoldaşınızla söhbət edin, bir-birinizə sizi narahat edən məsələlər barədə danışın. Həkiminizlə də söhbət edə bilərsiniz. Onun bildikləri sizi rahat edər. Yatmaq indi xeyli çətinləşib. Bel ağrısı, bir tərəfi üstə yatmaq, tez-tez oyanıb tualetə getmək sizi yorur. Deyirlər, təbiət ananı yuxusuz gecələrə hazırlayır. Bədəniniz doğuşa hazırlaşır. Uşaqlıq yolu genişlənir, yığılıb-açılır. Maddələr mübadiləsi sürətlənir, qan dövranı yaxşılaşır, damarlar genişlənir, orqanizmin oksigen çatışmazlığına davamlılığı artır (bu, sancılar zamanı sizin köməyinizə gəlir). Beyin bütün orqanların işini tənzimləməyə hazır olur. Qarnınız balacadırsa, ya da hələ aşağı enməyibsə, narahat olmayın. Hamilənin qarnının ölçüsü və forması onun çəkisindən, boyunun hündürlüyündən, formasından, sümüklərindən asılıdır və qarnın ölçüsünün uşağın çəkisinə və ölçüsünə dəxli yoxdur. İndi mümkün qədər çox istirahət edin, uzanın, gəzin. Yola çıxmısınızsa, maşını tez-tez saxladın, hava alın. Doğum evinə aparmalı olduğunuz şeyləri yəqin ki, yığmısınız. Əşyaların siyahısını bir daha gözdən keçirin. Həkimin telefon nömrəsi, ehtiyat üçün pul və sancılar başlayanda etməli olduğunuz hərəkətlər barədə qeydlər masanın üstündə qalsa yaxşıdır.
|
|
|
|