Balanız elə bu gün və ya sabah doğula bilər. Onun adını tapmısınızmı?
Günlər keçdikcə balanız bir az da koppuşlaşır, gündə 30 q toplayır. İndi onun çəkisi 3 kq-a yaxındır, boyu 48-50 sm-dir. Dərisi altında piy qatı formalaşdığından rəngi açılıb. Bədənini örtən narın tüklər tam tökülüb, pendirvari maddə itib-gedir. (Ancaq bəzən uşaqların büküşlərində pendirvari maddə qalır. Tibb bacıları onun dərisini təmiz salfetlə silirlər. Qulaqda, qulağın dibində narın tüklər qala bilər, belə tüklər sonra tökülür).

Uşağın saçları da, dırnaqları da uzanır. Saçlarının uzunluğu 1-2 sm-dir. Dırnaqlarını bəlkə də elə ilk həftələrdə qayçılamalı olacaqsınız.
Çəkisi artdığından uşağın fəallığının yavaş-yavaş azaldığını hiss edirsiniz. Ancaq döl tam hərəkətsiz ola bilməz. Onun fəallığına nəzarət edin. Bir saat ərzində tərpənməsə, nə isə yeyin, ya için, uzanın. Daha bir saat ərzində tərpənmədiyini hiss etsəniz, həkimə müraciət edin.
Balanızın bağırsağında ilk nəcis toplanıb! Uşaq bu nəcisi doğulandan az sonra ifraz edsəcək. Ancaq bəzən uşaq ana bətnində ikən ilk nəcisi “buraxır” (bu, adətən, uşaqda oksigen çatışmazlığı zamanı baş verir). Bu halda balanız yaşıl seliyə bulanmış halda doğulacaq və həkimlər onun bronxlarını təmizləmək üçün təbdbir görəcəklər.
Sizin qarnınız elə böyüyüb ki, gözlərinizə inana bilmirsiniz. Ağlınıza belə gəlməzdi ki, bu halda tərpənə bilərsiniz. İndi nəinki tərpənirsiniz, hətta sizə əlavə enerji gəldiyini hiss edirsiniz. Çoxları bu günlərdə evdə dəyişiklik etmək, hətta evi təmir elətdirmək həvəsinə düşür. Olmaz! Unutmayın ki, sz istirahət etməlisiniz. Ağırlıq qaldırmaq, yenicə boyanmış otaqda gəzmək yolverilməzdir.
Elə qadınlar var ki, uşağı gözləməkdən yorulur və depressiyaya düşür. Depressiyaya qarşı preparatlardan istifadə etməyin. Özünüzü ələ ala bilmirsinizsə, psixoloqla danışın. Yadda saxlayın ki, hamiləliyin bu dövründə, eləcə də doğuşdan sonra depressiya normal haldır. Başınızı doğuş barədə məlumatlarla qatın. Doğum evinin ünvanını, xəstəxanaya aparmalı olduğunuz şeylərin siyahısını dəqiqləşdirin. Hətta yaxınlıqdakı dükana gedəndə özünüzlə bir qədər artıq pul götürün. Doğuş sancıları hər dəqiqə gələ bilər.
Uşaqlıq yolu zərifləşdiyindən müayinədən, ya da cinsi əlaqədən sonra qan axdığını görə bilərsiniz. Ancaq ola bilər ki, qanaxmaya səbəb seks, ya müayinə deyil, doğuşun başlamasıdır. Qanaxma barədə dərhal həkimə məlumat verin. (Hamiləliyin sonunda seks arzuolunan deyil, seks doğuş sancılarının gəlişini tezləşdirə bilər.)