
Sizi təbrik edirik! Bu həftə ana olacaqsınız. Ola bilər ki, 40-cı həftə tamam olub (sizin hesabınıza görə) və körpəniz hələ doğulmayıb. Narahat olmayın. Sadəcə olaraq, müəyyən etdiyiniz tarix dəqiq deyil. Axı heç kim, hətta ən təcrübəli həkim də uşağın doğulacağı tarixi dəqiq müəyyən edə bilməz. Hamilə qadınların 90%-i deyilən tarixdən 1-2 həftə əvvəl, ya da sonra doğurlar. Bəzən hamiləlik 41, 42 həftə çəkir. Hamiləliyin 1-2 həftə uzanması o qədər təhlükəli deyil və həkimləri narahat etmir. Ancaq daha uzun hamiləlik problem yarada bilər. Hamiləliyin uzanması ciftə təsir edir, oksigen çatışmazlığına səbəb olur. Bu günlərdə dölün oksigen çatışmazlığına davamlılığı azalır. Ona görə də hamiləlik 1-2 həftə uzansa belə, həkimlər dölü nəzarətdə saxlayırlar, zərurət olarsa, ya da hamiləlik 1-2 həftədən çox çəkərsə, uşağı əməliyyat yolu ilə çıxarırlar.
Hamiləliyin 40-cı həftəsində hər şey normal olmalıdır. Balanızın çəkisi artıb. Hamiləliyin sonu uşağın çəkisi orta hesabla 3200-3500 q olur. Ancaq balanızın çəkisi daha az və ya daha çox ola bilər. Uşağın çəkisinin azlığı sizə xeyirdir, doğuş daha asan keçər. Ağır çəkili uşaqlar daha çətin doğulurlar. Ancaq ana əvvəl də doğubsa, ağır çəkili uşaq da asanlıqla doğula bilər.
Siz vaxtdan istifadə edib, doğuşa hazırlaşın. Sakitliyinizi qorumağa çalışın. Bir daha doğuş barədə məlumatlarla tanış olun. Sancılar olanda, doğuşun mərhələləri zamanı nə etməli olduğunuzu xatırlayın. Doğum evinə aparacağınız şeylərin siyahısını gözdən keçirin.
Sizi yalançı sancılar narahat edə bilər. Əsl sancılar ritmli olur, sancıların arası əvvəl 30-20 dəqiqə, sonra 10 dəqiqə çəkir. Sancıların arası 10 dəqiqə olanda doğum evinə gedin. Ancaq qanaxma olarsa, ya dölətrafı maye axarsa, sancıları gözləmədən birbaş doğum evinə yollanın!
Bəzən doğuş ağrılarını azaltmaq üçün xüsusi preparatlardan istifadə olunur. Amma bu dərmanların tam zərərsizi yoxdur. Ona görə də ağrıkəsicidən zərurət yaranan zaman istifadə edirlər.
Bəzi ölkələrdə qadın istədiyi vəziyyətdə-pozada doğur. Bu pozanı əvvəldən müəyyən edə bilərsiniz. Dizləri üstə oturmaqla, yanı üstə uzanıb, ayağı qaldırmaqla, ayaq üstə dayanmaqla, holland stulunda (holland stulu unitaza bənzəyir) doğmaq mümkündür. Ancaq Azərbaycandakı doğum evlərində adi doğuş stolundan istifadə olunur və milyonlarla qadın bu stolda (arxası üstə uzanıb, ayaqlarını yığmaqla) uzanıb, əməliyyatdan uğurla keçir. Sizə də uğurlar arzulayırıq!