
Balanız indi çox, çox balacadır. Onun ölçüsü 0,36 mm-dən 1mm-ə qədərdir. Göz yaşı kimi zərif olan başı formalaşıb. Amma bu kiçik varlıqda, eləcə də sizin bədəninizdə çox böyük dəyişikliklər gedir. Sizin ölçünüz dəyişməyib, ancaq indi siz hamilə olduğunuzu anlaya bilərsiniz. Sonuncu aybaşıdan 4 həftə keçib, amma qanaxma yoxdur. Döşləriniz böyüyə bilər. Bəlkə də artıq ürəyiniz bulanır, həmişəkindən əsəbisiniz. Siz yəqin ki, apteklə gedib test alacaqsınız və hamiləliyiniz təsdiqlənəcək.
4-cü həftədə cift (dölü bütün hamiləlik boyu qidalandıracaq orqan), eləcə də dölətrafı maye əmələ gəlməyə başlayır. Maraqlıdır ki, cift və dölətrafı mayenin yaranmasında anadan çox atanın genləri fəal olur. Obrazlı desək, atanın spermatozoidi kişilərin tarixi vəzifələrini yerinə yetirir, varlığına görə məsuliyyət daşıdığı adamın qidalanmasını təmin edir (cift qidalanmanı təmin edir), həyatını qoruyur (dölətrafı maye dölü qoruyur).
4-cü həftədə körpənin beynini, mədə-bağırsaq yolunu, qaraciyər, mədəaltı və qalxanabənzər vəzisini, skelet və birləşdirici toxumalarını, qanı, əzələlərini formalaşdıracaq hüceyrə təbəqələri yaranır və inkişaf edir.
Hamiləlik dövründə zəhərli maddələrdən qorunmaq vacibdir! İndi ətraf mühitdə zəhərli maddələr çoxdur və bəzi maddələr, məsələn, qurğuşun (bəzi yanacaq növlərindən ayrılır, su borularında, rəngli boyalarda olur), civə (bəzi balıqlarda olur, taxılın da civə ilə zəhərlənməsi halları qeydə alınıb), həyət evlərində alaq otlarına qarşı istifadə olunan kimyəvi maddələr dölə birbaşa təsir edir. İndi balıqlarda, quşlarda, hətta insanların toxumalarında kimyəvi maddələr toplanıb. Xüsusilə də balıqlar bəzən o qədər zəhərlənir ki, həkimlər hamilə qadınlara mümkün qədər az balıq yeməyi məsləhət görürlər. Halbuki balıq əti hamilə qadınlar üçün vacibdir.