Keçən həftəki natahatlıqlara yeniləri əlavə olunur. İndi başınız ağrıya, ürəyiniz daha çox bulana, hətta qusa bilərsiniz. İştahanız yoxdur, sidiyə tez-tez gedirsiniz, daim yuxunuz gəlir. Turşulara meyliniz artır. Bütün bunlar toksikozun əlamətləridir. Səbəbsə, hamiləlikdir, bədəninizdə gedən dəyişikliklərdir. Narahat olmayın, 12-ci həftədə hər şey keçib, gedəcək!
Amma bəzi qadınlar bu şeyləri hiss etməyə bilərlər (belələrinə qibtə etmək olar). Bəziləri isə hamiləliyin sonuna qədər ürəkbulanmasından əziyyət çəkirlər. Toksikoz sizə çox əziyyət verirsə, həkimə müraciət edin, özünüzü özünüz müalicə etməyin!
Gələcək balanız
5-ci həftə dölün inkişafında önəmli dövrün başlanğıcıdır. Bu həftə onun ölçüsü 1,5-2,5 mm olur (keçən həftə 0-1 mm idi). Amma bu kiçicik varlığın formalaşmaqda olan ürəyi artıq yığılmağa başlayır. Yəni özünün tənəffüs sistemi formalaşmağa başlayır! Əllərin təməli olan üzgəclər yaranır, ayağın isə “işartıları” var. Gözü və qulaqları şəkildə göründüyü kimi deyil, amma onlar da yaranmaqdadır və gələn həftə daha aydın görünəcək.
5-ci həftədə gələcək balanızın ciyər və mədəaltı vəzisi, mərkəzi sinir sistemi (sinir sisteminin formalaşmasında fol turşusu mühüm rol oynayır), əzələ və sümükləri formalaşmağa başlayır, skeletin, böyrəyinin “təməli qoyulur”, dəri örtüyü sürətlə yaranır .
Sizin orqanizminizdə də xeyli dəyişiklik gedir, külli miqdarda hormonlar əmələ gəlir, onlar sizi inkişaf etməkdə olan dölü daşımağa hazırlayırlar. Döşünüz böyüyür, döş giləsi və ətrafında ağrı hiss edə bilərsiniz.
Bu dövrdə siz qidalanmanıza diqqət etməlisiniz. B qrupu vitaminləri, fol turşusu qəbul edin. Banan, tərəvəz, göyərti, qaynadılmış kartof, kələm və çuğundur yeyin, təbii şirələr için. Təmiz hava, gəzinti, xoş əhval-ruhiyyə vacibdir. Təbiət və incəsənətlə təmasda olun. Qış da olsa, şəhər kənarına çıxın, teatra gedin, yaxşı musiqiyə qulaq asın.