İndi sizin balanızın üzü aydınlaşır; onun gözləri bir-birinə yaxınlaşır, üst dodağı formalaşır, burnunun ucu şişdir. Amma hələ tezdir, o hələ nə sizə, nə də yoldaşınıza bənzəyir. Hərçənd həm siz, həm də yoldaşınız bir vaxt elə beləcə olmusunuz.
Hamiləliyini 8-ci həftəsində balanızın əl-ayaqları uzanır, əsl insan əlinə, ayağına bənzəyir. Barmaqlar arasındakı pərdələr itir. Bu həftə ultrasəs müayinəsindən keçsəniz, həkim sizin qarnınıza vuranda ekranda balanızın reaksiyasını görəcəksiniz.
8-ci həftədə dölün selik vəzləri əmələ gəlir. Mədənin strukturu tam formalaşıb, mədədə hətta sinir toxumaları əmələ gəlir. Bağırsaq da uzanmaqdadır. Ürək-damar sistemi aktiv şəkildə inkişaf edir. 8-ci həftədə ürəyin bütün hissələrinin formalaşması prosesi başa çatır. İri qan damarları möhkəmlənir. 8-ci həftədə uşağın cinsi orqanları formalaşır; qızdırsa, yumurtalıqları, oğlandırsa, xayaları yaranır.
Sizin balanız ilk hərəkətlərini etməyə başlayır. Amma siz bunu hiss etmirsiniz, çünki balanızın ölçüsü 2 sm-dən çox deyil, çəkisi isə cəmi 3 qramdır. Maraqlıdır ki, bu 3 qramlıq canlının varlığının 97%-i sudur!
Sizin özünüzdə uşaqlıq böyüməkdədir. İndi uşaqlıq portağal böyüklüyündə olub və o, sürətlə inkişaf edərək, böyüməkdə olan dölə uyğunlaşmağa hazırlaşır. Hamiləliyin sonunda uşaqlığın ölçüsü əvvəlkindən 520 dəfə artıq olacaq! 8-ci həftədə bəzi qadınlarda qarından, beldən aşağıda, ombada ağrılar olur. Səbəb, uşaqlığın böyüməsi, ağırlaşmasıdır. Uşaqlıq bir azdan başqa orqanlara da təsir edəcək, böyrəkləri, mədəni sıxışdıracaq. Bu ağrıları siz hamiləliyin sonuna qədər hiss edə bilərsiniz. Müalicə olunmağın mənası yoxdur, ancaq güclüdürsə, ağrını azaltmaq olar. Bunun üçün çoxlu gəzmək, yüngül isti-soyuq duş qəbul etmək (su çox isti və çox soyuq olmamalıdır), çoxlu meyvə-tərəvəz yemək lazımdır. İstədiyiniz qədər su, çay, şirə için (kofe, tünd çay və şokolad içmək olmaz!). Toksikozdan əziyyət çəkirsinizsə, qusursunuzsa, maye itirirsiniz. Ona görə də çox su içməlisiniz. Yəqin ki, sidiyə tez-tez gedirsiniz. Çalışın sidiyi saxlamayın.
Bəzi qadınların ayaqlarında venalar genişlənməyə başlayır, bu problem də hamiləlikdən sonra keçib-gedir. Ancaq bəzi qadınlarda, xüsusilə də bir neçə doğuşdan sonra venalar genişlənmiş halda qalır. Ayaqları əməliyyat vasitəsilə əvvəlki halına qaytarmaq mümkündür. Venaların genişlənməsinin qarşısını almaq üçün ayaq üstə mümkün qədər az dayanın, çox oturmayın. Oturanda qarşınıza bir şey qoyub, ayaqlarınızı qaldırın. Uzananda ayaqlarınızın altına döşəkcə qoyun. Çalışın, çəkiniz çox artmasın. Ağır şey qaldırmayın. Elastik corablar geyinin. Səhər oyanan kimi corablarınızı ayağınıza keçirin, yatana qədər çıxarmayın. Çoxlu C vitamini için ki, damarların elastikliyini qoruya biləsiniz.
Hamiləlik zamanı seksə marağınız azala bilər. Bu, təbiidir. İkinci 3 ay ərzində seksə maraq adətən bərpa olunur. Son 3 ayda isə yenidən problem yarana bilər. Qarınları böyüyən qadınlar çox vaxt çəkinir, özlərini cazibədar hesab etmirlər. Bəzilərində yenidən toksikoz başlayır.
Bəzən, uşağın düşməsi təhlükəsi olanda həkim sekslə məşğul olmamağı tövsiyyə edir. Bu təhlükə də bir azdan keçib gedir. Amma burda da qadınların özünəməxsusluğunu unutmaq olmaz! Bəzi qadınlarda hamiləlik zamanı seksə meyl bir az da güclənir (Elə qadınlar var ki, orqazmın nə olduğunu məhz hamiləlik dövründə anlayırlar). Bəzilərində uşağın düşməsi təhlükəsi böyük olduğundan bütün hamiləlik dövrünü uzanmış vəziyyətdə keçirməli olur.