İlk 3 ayı yəqin ki, adi paltarlarınızda gəzə biləcəksiniz. Bir azdan şalvar və ya yubkanızın birinci düyməsini açmalı, daha geniş köynəklər geyinməli olacaqsınız. (Bir fənd var; ilk vaxtlar şalvarınızın ilgəyi ilə düyməsini rezinlə bağlaya bilərsiniz.)
3 aydan sonra hamilə olduğunuz bilinməsə də, kökəldiyinizi güman eləmək olar. Belə vaxtda hamilə paltarı sizin üçün böyük olacaq. Odur ki, bir az geniş paltarlar, məsələn uzun, boş jaket, ətəyi geniş köynək almaq məsləhətdir. Hamilə olduğunuzu işdəkilərə deməmisinizsə, belə paltarlar sizə əlavə vaxt verər.
İş daha ciddi geyim tələb edirsə?
3 söz kifayətdir: bir qara paltar! Qara rəng bütün başqa rənglərlə gedir, sizi daha arıq göstərir və qara rəngin fəsli yoxdur. Qara köynəyin üstündən istədiyiniz rəngdə pencək keçirə, aksessuarları—muncuqları, çanta və ayaqqabılarınızı uyğunlaşdıra bilərsiniz. (Əlbəttə, bu minimumdur. Büdcəniz imkan versə, siz bir neçə sadə hamilə köynəyi, şalvar ala bilərsiniz ala bilərsiniz.)
Çox vacib mərasim üçün paltar almağa ehtiyac yoxdur, bir dəfədən ötəri paltarı icarəyə götürmək olar.
Qeyd: Formasından asılı olmayaraq, hamilə paltarı rahat, yumşaq parçadan olmalıdır. Hansısa materiala allergiyanız varsa, hamilə paltarı alanda bu məqama xüsusi diqqət edin. Ayaqqabılarınızın da rahatlığı vacibdir.