Qadınların çoxu hamiləliyini elan etmək üçün ilk 3 ayın keçməsini-uşağı salmaq təhlükəsinin sovuşmağını gözləyirlər. Amma bəziləri gözləmək istəmir. Hamilə olduğunuzu açıqlayıb-açıqlamamağınız bəzi faktorlardan asılıdır.
• Ola bilər ki, hamiləliyinizin ilk aylarında da sizə işdə problem yaranır. Bu halda iş yoldaşlarınıza məlumat vermək sizin xeyrinizə olar. Sizi bəzi məsuliyyətlərdən azad edərlər.
• İşiniz çox ağır və gərgindirsə, uşağın, həm də özünüzün xatirinə hamilə olduğunuzu işdəkilərə dərhal deməlisiniz. Sizə başqa-daha yüngül iş tapşırmaq olar.
• İşlədiyiniz şirkətin, idarənin qaydaları əlverişlidirsə, ya da rəhbərliklə münasibətləriniz yaxşıdırsa, hamiləliyinizi tez açıqlamaq sizin yalnız xeyrinizə olar.
Təəssüf ki, bəzən rəhbərlik işçinin hamiləliyinə sevinmir. Bu halda ehtiyatlı olun. İlk 14, mümkünsə ilk 20 həftəni gözləyin. Belə etsəniz, siz müdiriyyətə həm də hamilə olduğunuz halda işinizin öhdəsindən gəlmək gücündə olduğunuzu göstərərsiniz. Əlinizdə iri layihə varsa, onun başa çatmağını gözləsəniz yaxşı olar. Maaşınızı alandan sonra hamiləliyinizi rəhbərliyə açıqlayın. Yəqin ki, müdir sizi qiymətləndirəcək. Axı siz hamiləliyinizin az qala yarısını başa vurmusunuz, amma işi yarımçıq qoymamısınız.
Hamilə olduğunuzu müdirə necə söyləməli?
Hər şey yenə də, işlədiyiniz şirkətin qaydalarından asılıdır.
Gəlin əvvəlcə ev tapşırığını edək. Əvvəl şirkətin sizinlə bağladığı müqaviləni nəzərdən keçirin. Müqavilədə analıq məzuniyyətiylə bağlı nə deyilir?
Ehtiyatı əldən vermədən HR-la əlaqə saxlayın, üstüörtülü şəkildə məlumat almağa çalışın. Bu yolu keçmiş—hamiləliyini başa vurmuş, anca etibar etdiyiniz iş yoldaşlarınızla məsləhətləşə bilərsiniz.
İndi planınızı hazırlayın. Çalışın müdirinizlə problem yox, problemin həlli barədə danışasınız. Yəni ona təklif versəniz, olmadığınız müddətdə necə ötüşmək, sizin işinizi necə yola vermək barədə yollar göstərsəniz (əlbəttə, ağıllı şəkildə) yaxşı olar.
Müdir sizin qayıdıb-qayıtmayacağınızı soruşursa və siz qayıtmayacağınızı bilirsinizsə, olanı deməyiniz məsləhətdir. Amma əgər qayıtmaq ehtimalınız varsa, çalışın bu sualı açıq qoyun. Çünki övladığınız doğulandan sonra hansı halda olacağınız, işə qayıtmaq arzunuzun qalıb-qalmayacağı bəlli deyil.
Bəs əgər müdir hamilə işçiyə dayaq durmursa?
Özünüzü ələ almağa çalışın. Ola bilər ki, hamiləliyinizi açıqlamağınız, əksinə, işdəkilərin sizinlə rəftarına pis təsir edər. Bəziləri güman edərlər ki, hamilə olduğunuzdan sizin də məsuliyyətini onların boynuna qoyacaqlar. Bu halda möhkəm və dözümlü olmalısınız. Ətrafınızdakıları inandırmağa çalışın ki, siz heç də hər şeyi birdən-birə atmaq niyyətində deyilsiniz.
Sizin rütbənizi aşağı salsalar, fikir verməyin. İşdən çıxarsalar, qanunlarla tanış olun. Vəkil tutun ki, hüquqlarınızı qoruya biləsiniz.
Yeni işə düzəlmək istəyəndə hamiləliyimi açıqlamalıyammı?
Əslində sizi işə götürənin hamilə olub-olmadığınız barədə sual verməsi qanunsuzdur. Amma hamilə olduğunuz açıq-aydın görünürsə, iş, işə həvəsiniz, bacarığınız barədə danışandan sonra hamiləliyinizə də toxuna bilərsiniz. Sizi sorğu-sual edən adam ixtisasınızla maraqlanırsa, hamiləlikdən sonrakı planlarınız barədə danışın. Ancaq hamiləlik söhbətin əsas mövzusu olmamalıdır. Siz peşəkarcasına və məntiqlə danışmağa çalışın. Qarşınızdakını inandırın ki, övladınız doğulandan sonra işə başlamağa hazırsınız. Amma fövqəladə vədlər vermək lazım deyil.
Ancaq hamiləliyiniz bilinmirsə, bu barədə danışmaq barədə qərar verməlisiniz. Yenicə hamiləsinizsə, bunu yad adama söyləməyə ehtiyac yoxdur. İlk dəfə hamiləsinizsə, siz güman ki, uşaq doğulandan sonra nə halda olacağınızdan xəbərsizsiniz. Bəlkə heç işləmək istəməyəcəksiniz? Bəlkə 3, bəlkə 6 aydan, bəlkə də 1 ildən sonra başlamaq istərdiniz?
Digər tərəfdən sizin həqiqəti söyləməyiniz qarşınızdakının xoşuna gələ bilər. Bu halda sizi işə götürmək istəyən adamla analıq məzuniyyəti barədə açıq danışmaq imkanınız olar.