Anamız-nənəmiz deməyibmi: “Nə qədər tez övlad sahibi olarsan, bir o qədər yaxşı olar!” Amma hər şeyi lazım olduğu kimi etmək istəyən qadınlar var və onlar uyğun şəraitdə, uyğun vaxtda hamilə olmaq istəyərlər.
Əslində bu da individual məsələdir. Axı hər qadının fərqli xasiyyəti, səbri, təmkini var (bəzən heç yoxdur). Hər kəsin dünyagörüşü, ailə, valideynlik barədə fikirləri fərqlidir.
Ancaq hər bir qadın ana olmağa hazırlaşanda bəzi məsələləri nəzərə alsa, övladını düşünmüş olar.
Psixoloji hazırlıq ana və onun balası üçün çox vacibdir. Əgər siz özünüzü psixoloji olaraq analığa hazır hesab etmirsinizsə, tələsməyin. Psixoloji hazır olsanız belə, tam sağlam deyilsinizsə, gözləyin. Sağlamlığınızın qeydinə qalın ki, sonra dünyaya gətirdiyiniz uşaq da sağlam olsun.
Onsuz da qadınlar doğuşdan sonra psixoloji gərginlik keçirirlər. Çətinliklərin öhdəsindən gəlmək, gərginliyə davam gətirmək üçün güclü olmaq lazımdır.
Səhhətiniz sizə ana olmağa imkan verməlidir. Siz hansısa xəstəlikdən əziyyət çəkirsinizsə, sağalmalısınız. Əvvəla xəstəliyiniz uşağın sağlamlığına təsir edə bilər. Digər tərəfdən xəstə adam hər şeyi unudub körpəsinin qayğısına qala bilməz. Ana olmaq o qədər gözəldir ki, qadınlar çox vaxt səhhət barədə düşünmək istəmir, hər şeyə göz yumurlar. Ancaq xəstəlik fəsad verər, uşağı yarı yolda qoyarsınız. Nəzərə alın ki, sizin sağlamlığınız həm də balanız üçün vacibdir.
Maddi resurslar heç də əhəmiyyətsiz deyil. Ana balasına görə məsuliyyət daşıyır, özü kimi onu da yedirməli, geyindirməlidir.
Siz işləyirsinizsə, həm hamiləlik dövrü (son aylar), həm də uşaq doğulandan sonra bir müddət evdə oturmalısınız. Bu dövrdə həyat yoldaşınız və ya valideynləriniz sizə yardım edə biləcəklərmi? Bu barədə ətraflı düşünmək gərəkdir.
İkinci dəfə ana olmaq daha çox məsuliyyət deməkdir. Bu halda siz tək özünüzün, dünyaya gətirəcəyiniz uşağın deyil, həm də böyük uşağı qeydinə qalmalısınız. Böyüyün problemi varsa, məsələn, hansısa xəstəlikdən əziyyət çəkirsə, əvvəl onun müalicəsi ilə ciddi məşğul olmaq, problemi aradan qaldırmaq lazımdır.
Siz ana kimi hər uşağa lazımi qədər diqqət etməyə, qayğı göstərməyə hazır olmalısınız.
Yazılanlardan və deyilənlərdən belə çıxır ki, qadın ana olmağa hazırdırsa, hansı yaşda olsa, uşağa qala bilər. Yəqin ona görədir ki, bəziləri 18 yaşında ana olanda bəziləri 28 yaşında ana olmaqdan çəkinir.
Yaşınız çoxdursa, narahat olmayın. Həkimlə məsləhətləşin, ciddi problem olmasa, siz sağlam uşaq doğa bilərsiniz. Düzdür, 35 yaşdan sonra uşağı salmaq təhlükəsi artır, ancaq birinci uşağı bu yaşda da dünyaya gətirmək olar. (40-45 yaşda uşağı salmaq təhlükəsi daha böyük olduğundan heç vaxt ana olmayan qadınlara bu yaşda doğmaq məsləhət görülmür).