Əvvəllər doğduğu övladın cinsinə görə (adətən qız doğduğuna görə) ananı günahlandırırdılar. Ancaq uşağın cinsinə ananın deyil, atanın cavabdeh olduğu indi hamıya məlumdur. Biologiya fənnini keçmiş adi məktəbli də bilir ki, insanın cinsiyyətini müəyyən edən xromosomların kombinasiyasıdır. XY kombinasiyası kişi, XX isə qadın deməkdir. Ona görə də qadının yumurta hüceyrələrinin hamısında yalnız X xromosomu olur. Amma kişinin spermatozoidləri ya X, ya da Y xromosomunu daşıyır. Mayalanma zamanı bu xromosomlardan biri qadının X xromosmu ilə birləşir. Beləliklə X xromosomu X-lə birləşərsə, XX—yəni qız, Y xromosomu X-lə birləşərsə XY—yəni oğlan olar.
Siz istəyirsiniz ki, mütləq qızınız (ya da oğlunuz) olsun?
Axı bu, Allahın işidir! Ancaq deyəsən, Allahın verdiyi ağıldan bəhrələnib, bu işi də istədiyi səmtə çevirənlər olur! Övladının qız, ya oğlan olmasını arzulamaqdan başqa, arzusunu reallaşdırmağı bacaranlar da var. Arzunun gerçəkləşməsinin yollarını tapıblar. Bu yollardan bir neçəsini göstəririk:
Siz qız övladı istəyirsinizsə, mayalanmadan ən azı 2-3 gün əvvəl cinsi əlaqədə olmalısınız. (Mayalanma menstruasiyanın ilk günündən iki həftə sonra--ikinci həftənin sonu, üçüncü həftənin əvvəli baş verir.)
Oğlan istəyirsinizsə, mayalanmadan əvvəlki həftə ərzində özünüzü saxlayın, ya mayalanma günü, ya da mayalanmadan əvvəlki gün cinsi əlaqədə ola bilərsiniz.
Bu üsul spermatozoidlərin xüsusiyyətinə əsaslanır. Belə ki, kişiyə məxsus olan Y xromosomunu daşıyan spermalar daha hərəkətli olur və yumurta hüceyrəyə daha tez çatır. X xromosomunu daşıyan spermalar isə daha uzun müddət qalmaq qabiliyyətinə malikdirlər. Belə spermalar bir neçə gün uşaqlıq borusunda qalıb mayalanma dövrünü gözləyə bilərlər.
Cütlüyün cinsi fəallığı da balanın cinsiyyətini müəyyənləşdirməyə imkan verir. Cütlük çox fəaldırsa, yəni hər gün, ya da bir gündən bir cinsi əlaqədə olursa, onların övladının oğlan olacağı ehtimalı böyükdür. Bu da xromosomların fəallığı prinsipinə əsaslanır. Y xromosomları fəal olduğundan qadının X xromosomu ilə daha tez birləşir. Cütlüyün cinsi fəallığı az olanda qız doğulur. Çünki Y xromosomları zəifdir və tez məhv olur. Mayalanma dövrünə qədər yalnız X xormosomları yaşayır.
Qədim üsullar da var.
Qədim Çin və Yapon üsullarına görə oğlan övladına sahib olmaq istəyirsinizsə, yağmursuz gecədə, göydə bədrlənmiş ay deyil, aypara görünəndə cinsi əlaqədə olmalısınız. Otaq sərin olmalı, pəncərənin nəfəsliyi açıq qalmalıdır. Qadın başı şimala doğru uzanmalı, yastığının altına kişiyə məxsus əşya qoymalıdır. Bu vacib gecədən əvvəlki 3 həftə ərzində qadın ət, balıq yeməkləri, meyvə, meyvə qurusu, kartof, göbələk yeməli, çay kofe içməlidir. Süd və süd məhsullarından, yumurta sarısı və çörəkdən imtina etməlidir. Gecə ərəfəsi kişi soyuq su ilə yuyunmalıdır.
Qız övladına istəyirsinizsə, yağışlı gündə, göydə bədirlənmiş ay görünəndə cinsi əlaqədə olmalısınız. Yatağa axşamçağı girmək lazımdır. Otaq çəhrayı rəngdə bəzədilməli, qadın başı cənuba uzanmalı, yastığının altına çəhrayı lent qoymalıdır. Pəncərənin nəfəsliyi bağlanmalı, otağa ətir səpilməlidir. O gecədən əvvəlki 3 həftə ərzində ana süd məhsullarından bol istifadə etməli, göyərti, xiyar, kök, çörək yeməlidir. Meyvə qurusu, ət və duzlu yemək olmaz.
Deyilənə görə kişi qadınını, qadın onu sevdiyindən çox sevirsə, oğlan, əksinə olanda qız doğulur.
Qədim olsa da, bu üsulların heç biri özünü doğrultmayıb.
İndi yeni texnologiya vasitəsilə X və Y xromosomlu spermatozoidlərin ayrılması və istənilən xromosomların birləşdirilməsi üsulundan da istifadə olunur. Ancaq bu üsulunun təhlükəsizliyinə təminat verilməyib.
Unutmayın ki, bala insan üçün ən şirin paydır. Siz artıq hamiləsinizsə, uşağın cinsiyyəti barədə arzularınızı unudun! Balanızın özünü arzuolunmaz varlıq hesab etməsinə imkan verməyin!