Hamiləlik zamanı, çox vaxt hamiləliyin 18-ci həftəsində beldə ağrılar əmələ gəlir. Ağrı əsasən gəzəndə, əyilib-qalxanda hiss olunur. Elə qadınlar var ki, heç yataqdan qalxa bilmirlər. Bəziləri hətta yeriyəndə çətinlik çəkir. Amma hamilə qadınların çoxunda bel ağrısı yüngül olur. Bəziləri bel ağrısını yalnız hamiləliyin sonunda hiss edirlər.
Hamiləlik zamanı beldə ağrıya səbəb fiziki yükün artmasıdır. Sizin uşaqlığınız böyüdüyündən ağırlıq mərkəzi dəyişir və siz əyilməli olursunuz. Nəticədə əzələlərə güc düşür və belinizin aşağı hissəsi ağrımağa başlayır. Güclü ağrı hamiləliyin sonlarında hiss olunur.
Bel ağrılarını yüngülləşdirmək üçün nə etmək olar? 
Beli isti saxlamaq, istirahət etmək bel ağrılarını azaldır. Hamilələr üçün bandaj almaq olar. Bandaj bel əzələlərinə dayaq rolunu oynayır. Ağrı güclü olarsa, həkimlə məsləhətləşib, dərman içə bilərsiniz.
Bel ağrılarının qarşısını almaq üçün
• Çəkinizə nəzarət edin
• çəkinizə nəzarət edin
• idman edin
• yanı üstə yatın
• harda olursunuz-olun, gündüzlər uzanmaq üçün yarım saat ayırın (uşaqlarınız varsa, onların istirahət etdiyi vaxt siz də uzanın)
• dik oturun
Oturanda ayağınızı ayağınızın üstünə qoymayın. Belə oturuş qan dövranına mane olur, bu da beldə ağrını artırır. Oturduğunuz stulun arxası düz olmalıdır. Stulun qoltuqları varsa, onlar da möhkəm olmalıdır ki, siz əl-qolunuzu sallamayasınız. Ayağınızın altına altlıq qoyun. Avtomobil sürürsünüzsə, oturacağınızı irəli çəkin. Çox oturmayın, arabir qalxıb gəzmək vacibdir.
Hamiləlik zamanı ağırlıq götürməyin qaydası var. Siz yerdən nə isə qaldırmalısınızsa, əvvəlcə ayaqlarınızı azacıq aralayın. Gücü yanlarınıza verib, dizlərinizi qatlayın (belinizi əyməyin), ağır əşyanı ya çiyninizə, ya da dizinizin üstünə qoyub qaldırın. Ağır şeyi iki zənbilə qoyub, hər əlinizə birini ala bilərsiniz. (Ağrı güclüdürsə, ümumiyyətlə ağır şey qaldırmayın).

Bu məsləhətlərə elə indi əməl edin. Xeyirli vərdişlərə nə qədər tez yiyələnsəniz, hamiləliyi bir o qədər rahat keçirərsiniz.