Hamiləlik zamanı hormonal dəyişiklik qan damarlarını zəiflədir. Üstəlik qan dövranı artır. Nəticədə damarlara güc düşür. Venalar genişlənməyə başlayır. Bu problem hamiləlikdən sonra keçib-gedir, ancaq bəzi qadınlarda, xüsusilə də bir neçə doğuşdan sonra venalar genişlənmiş halda qalır. (Bu halda ayaqları əməliyyat vasitəsilə əvvəlki halına qaytarmaq mümkündür.) Damar genişlənməsi ayaqlarınızın gözəlliyini almaqla kifayətlənmir, bəzən fəsadlara səbəb olur, məsələn damarların ətrafındakı toxumaların qidalanması pozulur, dəridə piqmentasiya artır və s.
Hamiləlik zamanı venaların genişlənməsinin qarşısını almaq üçün ayaq üstə mümkün qədər az dayanın, çox oturmayın. Oturanda qarşınıza bir şey qoyub, ayaqlarınızı qaldırın. Uzananda ayaqlarınızın altına döşəkcə qoyun. Çalışın, çəkiniz çox artmasın. Ağır şey qaldırmayın. Elastik corablar geyinin. Səhər oyanan kimi corablarınızı ayağınıza keçirin. Yatana qədər çıxarmayın. Ayağa isti vanna etmək, yaxud isti-soyuq duş qəbul etmək olar (su çox isti, ya çox soyuq olmamalıdır). Çoxlu C vitamini için ki, damarların elastikliyini qoruya biləsiniz.
Rahat ayyaqqabı da ayağın damarlarını qoruyur. Ayaqqabı ya təmiz dəridən, ya da parçadan olmalıdır ki, ayaqlarınız nəfəs ala bilsin. Çalışın hündürdaban ayaqqabı geyinməyin. Hətta işdə, mümkündürsə, ev ayaqqabısında gəzin. Hündürdaban ayaqqabı geyinməyə məcbursunuzsa, nəzərə alın ki, ayaqqabınızın dabanları 5 sm-dən artıq olmamalıdır. Rahat ayaqqabı həm də ayaqda şişlərin, bel ağrılarının qarşısını alır.