Toksikoz hamiləliyin göstəricilərindən biridir. Ürəkbulanması, başgicəllənməsi, qusmaq, ağızda seliyin artması, iylərə həssaslıq—bunlar hamısı toksikozun əlamətləridir. Toksikoz adətən hamiləliyin ilk 2-3 ayında müşahidə olunur. Bəzi qadınlar bütün hamiləlik dövrünü toksikozla mübarizə aparır, bəziləri ümumiyyətlə toksikozun nə olduğunu bilmirlər.
Hamilə olan kimi sizin bədəniniz dölə öyrəşməyə başlayır; uşaqlıq genişlənir, hormonlar artır və orqanizmdə dəyişikliklərə səbəb olur. Başınızın gicəllənməsinə səbəb, qan damarlarınızın genişlənməsidir. Genişlənən damarlar ölçülərinə uyğun miqdarda qanla dolmadığı üçün narahat olursunuz.
Toksikoz hamiləliyə ziyan etmir ki?
Bu sual qusmaqdan yorulan bütün hamilə qadınları narahat edir. Narahat olmayın. Siz kifayət qədər maye qəbul edirsinizsə, az da olsa yemək yeyirsinizsə, narahat olmağa dəyməz, toksikoz qurtarandan sonra iştahanız da, çəkiniz də artacaq. 
Amma qusmağın da həddi var. Bəzən hamilə qadın bütün gün qusur və heç nə yeyə, içə bilmir. Buna hiperemezis deyilir və hiperemezis təhlükəlidir. Bu halda həkimə müraciət etmək lazımdır.
Toksikoza qarşı nə etməli?
Səhər çağı ürəyiniz bulanırsa, yavaş-yavaş qalxın və bir az tez-tez nəfəs alın.
Bəzən yataqdan durmadan nahar etməyin köməyi olur. Qoy yaxınlarınızdan biri sizə bir stəkan süd, ya qatıq, bir də peçenye gətirsin. Bunu yeyib, sonra qalxn, yuyunub, normal süfrə arxasına keçə bilərsiniz.
Yemək nə çox isti, nə də soyuq olmamalıdır.
Yemək yeyə bilmirsinizsə, az-az, amma tez-tez yeyin. Arabir qoz, quru meyvə, limon yemək məsləhətdir. (Həkimlə məsləhətləşin, bu dövrdə dölün inkişafı üçün bəzi vitaminləri qəbul etsəniz, yaxşıdır.)
Zəncəfil də qusmanın qarşısını alır. Zəncəfili içdiyiniz suya və ya çaya ata bilərsiniz.
Acı yeməklər yeməyin. Protein, sellüloz, karbohidratlarla zəngin ərzaq məhsullarından istifadə edin.
Mümkün qədər çox maye qəbul edin.
Çox hərəkət edin, gəzin, yoqayla məşğul olun. Bunun qan dövranına xeyri var.
Günəşdən və isti yerdən qaçın, bunlar qusmanı artırır.
Ağızda selik artanda çobanyastığı, adaçayı, ya da nanə dəmləməsiylə qarqara etmək olar.