Hamiləliyin 13-cü həftəsində toksikoz çəkilməyə başlayır. İştaha qayıdır, özü də necə qayıdır! Amma ehtiyatlı olun, həddən artıq çəki problem yaradır. Dölün ağırlığı hərəkətinizi çətinləşdirir, köklük əlavə problem ola bilər. Bundan başqa həddən artıq qidalanma körpənin də çəkisini artırır, nəticədə doğuş prosesi çətinləşə bilər. Bu isə həm sizin üçün, həm də balanız üçün arzuolunmazdır.
İkinci 3 ayda körpə də sürətlə böyüməyə başlayır, daxili orqanları formalaşır. Onun da vitaminlərə ehtiyacı artır. Bu dövrdə siz qanınızda C vitamini və fol turşusunun miqdarını yoxlatsanız yaxşı olar. Hemoqlobinin miqdarına diqqət edin.
Hamiləliyinizin ikinci 3 ayında xüsusi məhdudiyyətlərə ehtiyac yoxdur. Amma
• Duzlu, hisə verilmiş məhsullardan, kofedən uzaq olun. Çayı da çox içməsəniz yaxşıdır (xüsusilə də ət yeməklərindən sonra, çünki çay bəzi maddələrin sorulmasına mane olur).
• Ət və balıq soyutmasını demək olar ki, hər gün yeyin. Yumurta, kəsmik və başqa süd məhsulları da körpə üçün vacibdir.
• Hər gün meyvə və tərəvəz yeyin, alma şirəsi için. Meyvə-tərəvəzdən hazırladığınız salatların göyərtisi nə qədər bol olsa, bir o qədər yaxşıdır. Bitkilər hamilələr üçün çox vacib olan fol turşusu ilə zəngindir.
• Dəmir çatışmazlığının qarşısını almaq üçün mal ciyəri, qarabaşaq sıyığı, pomidor şirəsi için.
• Şirin şeylərə və xəmir xörəklərinə çox meyl etməyin. Bunlar çəkinizin həddini aşmasına, şəkərli diabetə səbəb ola bilər. Diabet təhlükəsi hamiləliyin 21-ci həftəsindən sonra yaranır.
İkinci 3 ayda gərəkli maddələr
С vitamininə ehtiyac indi 2-3 dəfə artıb, cift onu sürətlə sorur.
Fol turşusu balanızın qan hüceyrələri və mərkəzi sinir sisteminin düzgün formalaşması üçün zəruridir.
Каlsium, fosfor və D vitamini uşağın sümüklərinin formalaşması üçün vacibdir.
Dəmir (alma, kök, yumurta, ət, balıq, kəsmik) sizi anemiyadan qoruyar. B qrupu vitaminləri dəmirin həzminə kömək edir.
Хrom, sink və B qrupu vitaminləri hamilələrdə diabet təhlükəsini azaldır, həm ananın, həm də körpənin çəkisinin həddi aşmasının qarşısını alır.
A vitamini genlərə təsir edir. Uşağın böyüməsi, sümük, dəri, selikli qişa və gözün tor qişasının toxumalarının inkişafı məhz genlərdən asılıdır.