Ana olmağa hamiləlikdən qabaq hazırlaşmaq lazımdır. Yaxşı qidalanmaq, vaxtında yemək vacibdir. Həkimin məsləhəti olmadan heç bir dərman qəbul etməyin. Alkoqoldan, tütündən uzaq olun. Ilk aylarda toksikozdan əziyyət çəkə bilərsiniz, amma yeməkdən imtina etməyin. Toksikoz sizi narahat edirsə, yeməyinizi çox qızdırmayın. Yeyə bilmirsinizsə, az–az yeyin. Hamiləliyinizin ilk 3 ayı aşağıdakıları bilmək vacibdir.
• Duzlu və turş şeylərə meyl edirsiniz? Nə olar, ilk 3 ayda bunlar hətta lazımlı şeylərdir. İştahanızı artırmaq üçün yeməklə bərabər duzlu xiyar, kələm turşusu, bir az siyənək balığı yemək olar.
• Meyvə-tərəvəzdən çox istifadə edin. Amma seçin. Kələm sizin ürəyinizi bulandırırsa, özünüzü səhərdən axşama kələm yeməyə məcbur etməyə gərək yoxdur. Bütün günü kök şirəsi içmək lazım deyil, əksinə, bunun ziyanı var.
• Ət və balıq yemək vacibdir. Ətdə olan zülal körpəniz üçün zəruridir.
• Süd məhsullarını—kəsmik ve pendiri unutmayın. Həm sizin, həm də gələcək körpənizin kalsiuma ehtiyacı günbəgün artır. Süd içə bilmirsinizsə, pendir ve kəsmik onu əvəz edər.
• Süfrənizə konservləşdirilmiş, qızardılmış şey qoymayın. Belə yeməyin yalnız ziyanı var.
• Təzə çəkilmiş şirə için. Kompot, kisel, mineral sular--nə qədər çox maye qəbul etsəniz, bir o qədər yaxşıdır. Kofeni unudun, kofe uşağın ürəyinə ziyandır. Kofenin həm də sidikqovucu təsiri var, mayeyə ehtiyacınız olduğu halda, mayeni azaltmağa gərək yoxdur.
İlk 3 ayda gərəkli maddələr
Fol turşusu, sink, mis və selen anadangəlmə qüsurların—onurğa beyni və onurğanın yanlış formalaşmasının qarşısını alır.
Vitamin C gələcək ananın orqanizminə, toksikozla mübarizəyə yardım edir, uşağın ürəyini möhkəmlədir (gələcək körpənizin ürəyi 21-ci gündən döyünməyə başlayır!).
E, B6 vitamini və maqnezium uşağın düşməsi təhlükəsini azaldır (bu təhlükə 9-12-ci həftədə artır).
B qrupu vitaminləri çox vacibdir. Onların çatışmazlığı inkişafda problem yarada, toksikozu tezləşdirə və ağırlaşdıra bilər.
Yod, kobalt və selen körpənin qalxanvarı vəzisi üçün lazımdır (qalxanvarı vəz 11-12-ci həftədə fəaliyyətə başlayır). Bu maddələr həm də anaya toksikozla mübarizəyə kömək edir.