Dekabrın 18-də Bakıda Azərbaycan uşaqlarının I Forumu başa çatdı.
Bəs nəticə necə oldu?
Forumda qəbul olunan və Prezident İlham Əliyevə göndərilən yekun bəyannamə haqqında "Nur" İctimai Birliyinin sədri Sevinc Muradova məlumat verdi.
Qeyd etdi ki, əsas təkliflər xüsusi qayğıya ehtiyacı olan uşaqların müdafiəsi, vətənpərvərlik, uşaqların sosial həyat tərzi, milli-mənəvi dəyərlər, uşaq təşkilatlarının fəaliyyət istiqamətləri ilə bağlı olub.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın spzlərinə görə, Azərbaycan uşaqlarının I Forumunun keçirilməsi ölkənin ictimai həyatında çox mühüm bir hadisədır və bu forumun iştirakçısı olmaq isə böyük şərəfdir. Forum uşaqlara müxtəlif sahələrdə öz fikirlərini, təkliflərini bölüşməyə imkan yaradıb.
Hicran Hüseynova "Nur" Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən "Uşaq hüquqları" mükafatı ilə təltif olunub.
Tədbirdə ombudsman Elmira Süleymanova, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, təhsil nazirinin müavini Elmar Qasımov, ekologiya və təbii sərvətlər nazirinin müavini Novruz Quliyev uşaq haqları haqqında öz fikirlərini bildirdilər.
Forumda uşaqlar üçün xüsusi mətbu orqanların təsisi məsələsi müzakirə olundu və onları mətbuatla təmin etmək üçün bir sıra mətbuat orqanları ilə danışıqlar aparıldı.