Bakıda Respublika Doğum Evinin bazasında Respublika Perinatal Mərkəzi istifadəyə verilib.
Müasir avadanlıqla təchiz olunan mərkəzdə xəstələrin doğumdan əvvəlki geniş spektr müayinəsi və müalicəsi aparılmalı, hamiləliyin normal keçməsi təmin olunmalı, perinatal dövrün patologiyası olan qadınlara və yenidoğulmuşlara stasionar tibbi xidmət, xəstə yenidoğulmuşlara reanimasiya və reabilitasiya yardımı, hamilə qadınlara tibbi-psixoloji yardım göstərilməlidir. Yeni perinatal mərkəzdə biokimyəvi və genetik analizlərin aparılması üçün şərait yaradılıb.
120 çarpayılıq Mərkəzdə 125 həkim - ginekoloq, terapevtlər, mamoloq, cərrah və ultrasəs müayinəsi həkimləri xidmət göstərəcək. Rəsmi məlumata görə tibbi heyət müsabiqə yolu ilə seçilib. Tibb müəssisəsinin yaradılması hamilə qadınlara və yeni doğulmuş körpələrə tibbi yardımın keyfiyyətini yaxşılaşdırmağı, ana və uşağın sağlamlığının qorunması məsələsini keyfiyyətcə yeni səviyyəyə qaldırmağa imkan verməlidir.
Mərkəzin açılışı dekabrın 28-də olub. Mərasimdə Azərbaycanın prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.
Səhiyyə naziri Oqtay Şirəliyevin verdiyi məlumata görə dövlət proqramında daha 6 regional perinatal mərkəzin yaradılması nəzərdə tutulub və Bakıdakı mərkəz regionlardakı müəssisələrə təşkilati-metodik rəhbərlik göstərəcək, ana olmağa hazırlaşan qadınlara və körpələrə tibbi yardım göstərən müəssisələrin fəaliyyətini əlaqələndirəcək.