Azərbaycanın ilk uşaq pop-qrupu olan “Canbala” bu günlərdə “Uşaqların şəhəri” adlı yeni diskini hazırlayıb. "Yetərincə vəsait olsa, indikindən də böyük uğurlara imza atarıq." Bunu qrupun yaradıcılarından Məryəm Əlibəyli jurnalistlərlə görüşündə deyib. 5 yaşını qeyd edən "Canbala"nın yeganə problemi maliyyə məsələsidir.
"Canbala” qrupunun yaradıcı və rəhbərləri bəstəkar-musiqişünas Məryəm Əlibəyli və Natiq Qəzənfəroğludur. Uşaqlar həm onların, həm də böyük Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qəmbər Hüseynli, Fikrət Əmirov, Vasif Adıgözəlov kimi korifeylərin əsərlərini ifa edirlər və rəhbərlərinin dediyinə görə bu mahnılar onlara xeyli uğur gətirib.
Oxumaqla yanaşı, “Canbala” pop qrupu üçün müasir rəqslər də qoyulur. Tamaşaçı hər mahnı ilə teatrlaşdırılmış formada tanış olur.
"Canbala" hazırda Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərir.