“Spokoynoy noçi, malışi!” proqramı ekrana ilk dəfə 1964-cü il sentyabrın 1-də çıxıb. Veriliş SSRİ Mərkəzi televiziyasının İkinci proqramında yayımlanırdı.
İlk verilişlər kadrarxası səslə şəkillər formasında olub. Sonra ekranlarda oyuncaqların iştirakı ilə tamaşalar göstərməyə başlayıblar. Verilişin əsas personajları dovşan Stepaşka, it Filya və donuz balası Xryuşanı SSRİ məkanında yəqin tanımayan yox idi.
Proqram tez bir zamanda populyarlaşıb. “Gecəniz xeyrə qalsın, uşaqlar!” 3 dəfə (1997, 2002 və 2003) “TEFİ” mükafatı alıb. Proqramı müxtəlif illərdə müxtəlif teleaparıcılar aparıb. İndi verilişə 2002-ci ilin “Dünya gözəli” Oksana Fyodorova və Anna Mixalkova aparıcılıq edir.
SSRİ dağılandan sonra veriliş müxtəlif telekanallarda yayımlandı, amma populyarlığını itirmədi. İndi də bəzi valideynlər uşaqlarını məhz "Spokoynoy noçi malışi" proqramından sonra yatmağa göndərir.
Proqram Azərbaycanda da Rusiya kanallarına çıxışı olan tamaşaçılar arasında populyarlığını qoruyub.