Dil öyrənmək üçün ən yaxşı dövr 1 günlükdən 7 yaşa qədərki dövrdür. Təcrübə göstərib ki, uşaqar 7 yaşa qədərki dövrdə dili daha yaxşı mənimsəyir, eyni vaxtda iki dildə danışmağa başlayırlar. Gecikmisiniz? Narahat olmayın. Alimlər uşaqların dilöyrənmə qabiliyyətinin yüksək olmasının səbəbini tapıblar və tapıntılarını böyüklərə tətbiq etməkdədirlər.
Hər bir dilin özünəməxsus səsləri var. Uşaqlar bu səsləri bir-birindən çox yaxşı ayırır, amma danışmağa başlayan kimi səsləri ayırmaq qabiliyyəti zəifləyir. Məsələn, yaponlar L səsi ilə R səsini fərqləndirməkdə əməlli-başlı çətinlik çəkirlər. Bəs uşaqlar səsləri niyə ayıra bilir? Biz böyüklər hər bir səsi onlar üçün daha aydın tələffüz edirik, bəzən uşağın qarşısında durub ağzımızın hərəkəti ilə sözləri necə tələffüz etdiyimizi göstəririk. Bunu etməsək belə, uşaqlar gündəlik danışıqda bizim ağzımıza baxır, beləliklə səsləri ayırırlar. Vaşinqton Universitetindən Dr. Patrisiya Kuhl deyir ki, öyrəndiklərindən böyüklər üçün nəzərdə tutulmuş təhsil proqramlarında istifadə edə bilərlər. Beynəlxalq araşdırma qrupunun üzvü olan Kuhl və Tokiodakı Denki universitetinin alimləri ingilis dilini öyrənən tələbələr üçün xüsusi kompüter proqramı hazırlayıblar. Tələbələr kompüterdə səsləri analar kimi yavaş-yavaş tələffüz edən sifətlərə baxaraq öyrənib. Nəticədə R və L səslərini daha yaxşı fərqləndirməyə başlayıblar.